Modern.az

4 azərbaycanlı oğlan uşağı xarici ölkələrə övladlığa verilib - AÇIQLAMA

4 azərbaycanlı oğlan uşağı xarici ölkələrə övladlığa verilib - AÇIQLAMA

Ölkə

21 Yanvar 2015, 00:05

“2014-cü il ərzində Azərbaycandan 4 uşaq xarici ölkəyə övladlığa verilib”. Bu barədə Modern.az saytına Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hüquqi təminat şöbəsinin ölkələrarası övladlığa götürmə sektorunun müdiri Teymur Məmmədov məlumat verib.

O qeyd edib ki, uşaqlar 1998, 2006, 2012, 2013-cü il təvəllüdlüdür, hamısı oğlandır:

“Uşaqlardan ikisi Gürcüstana, biri Almaniyaya, digəri isə ABŞ-a övladlığa verilib. Gürcüstana verilən uşaqlardan birinin valideyni Azərbaycan vətəndaşı ilə ailə quran Gürcüstan vətəndaşıdır, milliyyətcə azərbaycanlıdır. Gürcüstana övladlığa verilən digər uşağın valideynləri də Gürcüstan vətəndaşı olan azərbaycanlılardır. ABŞ-dan övladlığa götürənlər də eynilə ABŞ vətəndaşı olan azərbaycanlılardır. Övladlığa götürən ailələrdən yalnız biri Almaniya vətəndaşı olan əcnəbilərdir.

Mülki Posessual Məcəllənin 350-ci maddəsinə görə, xarici ölkələr Azərbaycan tərəfinə uşaqlar övladlığa götürldükdən sonra hesabatlar verməlidir. Bu hesabatlar uşaq övladlığa götürüldükdən 3 il ərzində ildə iki dəfə, 6 aydan bir olmaqla Azərbaycan tərəfinə göndərilir”.

Komitə rəsmisinin sözlərinə görə, qoyulan qayadalara riayət olunur: “Hesabatlarda uşaqların fotoşəkilləri, 15 dəqiqəlik videoyazı və uşağın inkişafını əks etdirən məlumatlar yer alır”.

Müsahibimiz bildirib ki, əvvəllər uşaqlar valideynlərin arzusuna uyğun seçilirdisə, indi valideynlər uşaqların arzusuna uyğun seçilir: “Övladlığa götürülən zaman uşağın arzu və istəkləri nəzərə alınır. Uşaq bu ailədə yaşaya bilərmi, insanlarla uyğunlaşa biləcəkmi və s. əsas götürülür. Hər iki tərəf arasında münasibət yarandıqda, bir neçə dəfə görüş olduqda (əgər uşağın yaşı fikir bildirməyə imkan verirsə) təbii ki, uşağın fikirləri böyük önəm daşıyır”.

Komitə həmin uşaqlara 3-4 il nəzarət edirsə, bundan sonra uşaq həmin ölkə qarşısında öhdəliklər daşıyır.
”Qanunda 3 il göstərilsə belə, biz ailələrdən ildə bir dəfə hesabat vermələrini xahiş edirik. Bununla bağlı qanunvericilikdə dəyişikliklər ediləcək. Biz hesabatların rəsmi olaraq 3 il deyil, 18 yaşa kimi olmasını istəyirik. Hazırda bu, qanunda öz əksini tapmasa da, biz bu təkliflə çıxış edəcəyik”.

Gülşən RAUFQIZI

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı