
Səudiyyə Ərəbistanı Krallığının 6-cı kralı Abdulla ibn Əbdül Əziz Əl-Saud dünən gecə saatlarında uzun sürən xəstəlikdən sonra 91 yaşında dünyasını dəyişdi. O, krallığın ilk hakimi Əbdül Əziz Səudun 24-cü oğlu idi. Adətən, Səudiyyə Ərəbistanında taxt qardaşdan qardaşa keçdiyi üçün növbəti kral mərhum Abdullanın ən kiçik qardaşı Salman ben Əbdül Əziz Əs Saud olacaq.
Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, mərhum kral Abdullanın həyat yoldaşının dəqiq sayı məlum olmasa da, onların sayının 30-dan artıq olduğu bəllidir. Amma şəriət normalarını pozmamaq üçün kral öz Ər-Riyaddakı iqamətgahında yalnız ilk 4 həyat yoldaşı ilə birlikdə yaşayırdı. Bu çoxsaylı nikahlardan onun 17 övladı var. Xalid, Mütaib, Əbdüləziz, Feysəl, Sultan, Turki, Mişaal, Fəhd, Səud və Mənsur adlı oğul övladları və Fəhri, Aliyə, Adilə, Nufiyə, Sita, Seyfə, Əbir, Sar adlı qız övladları.
Kralın böyük oğlu şahzadə Xalid 1992-ci ilə qədər Səudiyyə Əərəbistanı Milli Qvardiyasının komandan müavini kimi xidmət edib. İkinci oğlu Mütaib isə Mili Qvardiyanın komandiridir.
Şahzadə Mişaal isə 2014-cü ildən Məkkə vilayətinin qubernatoru səlahiyyətlərini icra edir.
Şahzadə Əbdüləziz Səudiyyə Ərəbistan xarici işlər nazirinin müavini vəzifələrini icra edir.
Kralın digər oğlu Feysəl 2011-ci ildən ölkənin Qırmızı Aypara Cəmiyyətinin sədridir. Ailənin 7-ci oğlu şahzadə Turki isə əvvəllər kralın hava qüvvələrində pilotu, hazırda isə paytaxt Ər-Riyad vilayətinin qubernatorudur.
Kral Abdulla sonuncu dəfə 2003-cü ildə 79 yaşındaykən ata olub. O övladına Bədr adı verib.
Kralın qızlarına gəlincə, şahzadə Adilə Feysəl bin Abdulla ilə evlidir və ölkədə yarımictimai fəlaiyyət göstərən azsaylı qadınlardan biridir. Şahzadə Adilə qadın hüquqlarının müdafiəçisi kimi onlara sürücülük hüququnun verilməsini tələb edən əsas şəxs idi. Kralın 1993-cü ildə andan olan qızı Sar isə 2011-ci il iyunun 6-da Bəhreyn kralı Hamda ben İsa əl Xəlifənin oğlu Xalid bin Hamad əl-Xəlifə ilə evlidir. Şahzadə Sarın anası Əl-Cərbə tayfasına məxsusdur.
Kral Abdullanın şahzadə Alnaud əl Faizlə evliliyindən olan 4 qızı isə artıq 13 ildir ki, ev dustaqlarıdır. 15 yaşında zorla kral Abdullaya ərə verilən Alnaud boşanaraq gizli yolla Londona qaçdığı üçün bu nikahdan olan qızları Səhar, Mafa, Halə və Cəvahir ev dustağına çevriliblər. Onların azad olunması üçün BMT baş katibi Pan Gi Mun və ABŞ prezidenti Barak Obama da krala müraciət etmişdilər.
Kralın Nufiyə adlı qızı isə 1990-cı ildə avtomobil qəzasında dünyasını dəyişib.




Vüqar İsmayılov