Modern.az

Eldar İbrahimov yol polislərini savadsızlıqda suçladı: “Mənə deyir ki, “bu kitabçadan hamıda var””

Eldar İbrahimov yol polislərini savadsızlıqda suçladı: “Mənə deyir ki, “bu kitabçadan hamıda var””

Ölkə

2 Fevral 2015, 17:20


Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında “Yol hərəkəti haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı Milli Məclisin üzvü Eldar İbrahimov Dövlət Yol Polisi əməkdaşlarının bəzi hallarda hazırlıqsız olmaları barədə qeydlərini dilə gətirib.
Modern.az xəbər verir ki, millət vəkili bildirib ki, DYP əməkdaşları qanuna müvafiq olaraq vətəndaşlar, həmçinin dövlət məmurları və millət vəkilləri ilə davranışlarında diqqətli olmalı, qanunun tələblərinə əməl etməlidirlər:

“Onlar bəzi hallarda vətəndaşla kobud danışırlar. Polis serjantlarını işə götürəndə təbliğat işi aparılmalı, davranış qaydaları öyrədilməlidir....
…Mənə çox gileylər olub və başıma gəlib. Hətta məni də saxlayıblar. Milli Məclisin deputatlıq kitabçasını da göstərmişəm. Deyirəm oxuyun ki, orada nə yazılıb. Mənə deyir ki, “bu kitabçadan hamıda var da”.  Deyirəm, a kişi, bu kitabçadan 125 deputatda var.  Oxudun başa düşmədin? Bu “dana” üzr istəyirəm hardan gəlib?  Bunları işə götürəndə təbliğat işi də aparılmalıdır. Bunlara bir başa salın ki, deputat, prezident, baş nazir kimdir.  Hüquq, məhkəmə şurasının üzvlərinin, yəqin, heç üzlərini də tanımırlar. Mən arzu edərəm ki, bunlar olmasın”.

Eldar İbrahimov üzünü Daxili İşlər Nazirliyinin nümayəndəsinə tutaraq bildirib: "Serjantlardan soruşun ki, Milli Məclsin maşınlarının nömrəsi hardan başlayır, harda qurtarır? Prezident Aparatının nömrələri hardan başlayır, hardan qurtarır. Məni maşına görə tanıyırsız. Mənim alnıma yazılmayıb ki, Milli Məclisin deputatı Eldar İbrahimovdur.  Maşın nömrəm 10 AA 409. Siz bilməlisiniz ki, bu hansı orqanın maşınıdır.  Bilmədirlər ki, bunu idarə edən deputatdır. Nəzakətli şəkildə deməlidir ki, "keçin", deyirlər ki, "məsələ araşdırılıb sizə deyiləcək". Bizim polislərdə mədəniyyət çatmır".  

E. İbrahimov dövlət məmurlarının və millət vəkillərinin də qanuna tabe olmasının vacibliyini vurğulayıb: "Mən demirəm ki, biz günahsızıq. Dövlət adamıyıq, qanunlara tabe olmalıyıq.  Amma başa salanda məsələni küçədə qanunsuzluq edən insanlar kimi yanaşmasınlar. Cavan uşaqlara bunları başa salmaq lazımdır. DYP əməkdaşları nəzakətli olmalı, qanuna uyğun davranmalıdırlar. Mən belə halların tezliklə aradan qaldırılmasını arzu edirəm".

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Regionda təhdidlər artır - Bakını nə gözləyir?