Modern.az

Çingiz Qənizadə Azərbaycanda məhkəmələrə inamsız münasibətin səbəblərini açıqladı

Çingiz Qənizadə Azərbaycanda məhkəmələrə inamsız münasibətin səbəblərini açıqladı

Ölkə

3 Fevral 2015, 14:58


Azərbaycanın müstəqillik illərindən bəri qurulan məhkəmə sisteminə cəmiyyətdə birmənalı münasibət bəslənilmir. Xüsusilə son 10 ilə nəzər salsaq, hətta məhkəmələr ədalətli qərar çıxarsalar belə, cəmiyyətdə onlarla bağlı müsbət rəy yoxdur.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, hüquq müdafiəçisi Çingiz Qənizadə Modern.az-a açıqlamasında deyib ki, Azərbaycandakı məhkəmə sisteminə cəmiyyətin inamsız yanaşması doğru deyil.

“Son dövrlərdə məhkəmə sahəsində gedən islahatlar uğurlu nəticələr verir və Məhkəmə-Hüquq Şurası tərəfindən aparılan bu siyasət 5-10 il əvvəl məhkəmə hakimiyyəti ilə bağlı deyilən fikirləri sıfıra endirir. Bu gün hakimlərin seçilməsindən vəzifəyə təyin olunmasına qədər olan bir proses o qədər uzun obyektiv və şəffafdır ki, hakimliyə namizədlərin savadı, dünyagörüşü, davranışı müəyyən mərhələləri müvəffəqiyyətlə imtahanlar verməklə həyata keçirilir. Bu gün Azərbaycan məhkəmə sistemində çox böyük dəyişikliklər aparılır və buna görə də Məhkəmə-Hüquq Şurasına və cənab Prezidentin göstərdiyi diqqətə görə təşəkkür etməliyik”. 

Çingiz Qənizadə Azərbaycanda məhkəmələrə inamsız münasibətin səbəblərini açıqlayıb. 

“Hüquqşünas kimi deyim ki, vəkil də, prokuror da işləmişəm. Hazırda hüquq müdafiəçisiyəm. Elə bir dövlət, cəmiyyət yoxdur ki, insanların hamısı məhkəmənin qəbul etdiyi qərarlardan razı qalsın. Öncə mülki və inzibati işləri götürək. Qarşı-qarşıya olan müxtəlif tərəflərdir. Hər ikisi vətəndaşdır. Məhkəmənin qəbul etdiyi qərardan tərəflərdən biri mütləq narazı qalacaq. Ona görə də mülki işlərdə qəbul edilmiş qərarların təxminən 50%-ə yaxını narazılıqla qarşılanır. Amma bu o demək deyil ki, məhkəmə hakimiyyəti düzgün, ya da obyektiv  qərar qəbul etməyib. Sadəcə insanlar qəbul edilən qərara obyektiv yanaşa bilmirlər və öz maraqlarından yanaşırlar. Özlərinin beynində qəbul etdiyi qərarların daha doğru olduğunu dilə gətirməklə məhkəmə hakimiyyətinin qəbul etdiyi qərarlara kölgə salırlar. Cinayət işlərində təbii ki, təqsirləndirilən və zərərçəkən şəxs var. Burada da məhkəmənin qəbul etdiyi qərardan və təyin etdiyi cəzadan tərəflərin narazılığı olur. Zərərçəkənlər daha çox cəzanın verilməsinin tərəfdarı olduqları halda məhkəmə işin araşdırılması zamanı təqsirləndirilən şəxsin məsuliyyətinin yüngülləşdirmə hallarını nəzərə alır. Maksimum cəzadan bir az aşağı cəza qəbul edildikdə digər tərəf bundan narazı qalır.

Araşdıraq, görək bu narazılıqların özü haqlıdırmı? Tam məsuliyyətimlə deyə bilərəm ki, əksər hallarda məhkəmənin qərarı daha obyektiv və ədalətli olur. Burada insan faktoru var. Heç kim qanunsuz addımdan, ədalətsiz mövqedən sığortalana bilməz. Məhkəmə hakimiyyətində də tək-tək belə hallar ola bilər ki, hakim bu vəya digər maraqlardan düzgün qərar qəbul etməsin. Sonda Azərbaycanda üçpilləli məhkəmə hakimiyyətinə nə ehtiyac var idi?! Məhz proseslərin üçpilləli məhkəmə sistemindən keçməsi ona yönəlib ki, bir hakimin buraxdığı səhvi digər instansiyada hakimlər kollegiyası düzəltsin. Orada səhvlər düzəlməsə Ali Məhkəmədə bu səhvə diqqət yetirirlər”. 

Deputat məhkəmələrdəki özbaşınalıqlardan da danışıb.

“İşinə vicdanlı yanaşmayan, süründürməçiliyə yol verən, müəyyən qərarların qəbulunda qeyri-obyektiv mövqelər nümayiş etdirən ayrı-ayrı hakimlər var ki, onlar bu gün fəaliyyətdə olan Məhkəmə - Hüquq Şurası tərəfindən mütəmadi olaraq yoxlamalardan keçdikdən və araşdırıldıqdan sonra cəzalandırılır. Hətta bu cəzalar vaxtından əvvəl hakimlikdən geri çağrılmaya qədər qərarın qəbulu ilə nəticələnir”.   

Namidə BİNGÖL 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı