Modern.az

”Əgər pulkəsən maşının ixtiyarı Azərbaycan hökumətinin əlində olsaydı...” - MÜSAHİBƏ

”Əgər pulkəsən maşının ixtiyarı Azərbaycan hökumətinin əlində olsaydı...” - MÜSAHİBƏ

Ölkə

24 Fevral 2015, 22:59

Manatın dollara nisbətdə məzənnəsinin gözlənilmədən aşağı düşməsi barədə müxtəlif fikirlər söylənilir. Modern.az saytı bu maliyyə olayının səbəbləri və gözlənilən nəticələri barədə fərqli baxışları ilə seçilən BDU-nun müəllimi Tahir Cəfərli ilə müsahibəni təqdim edir:

- Mərkəzi Bankın  sədri Elman  Rüstəmov bir neçə gün bundan əvvəl “Azərbaycan manatının dolların təzyiqinə davam gətirmədiyini” bəyan etdi.  Sonra isə manat qəflətən 30-35 faiz ucuzlaşdı. Nəticədə valyuta bazarındakı ajiotaj  əhali tərəfindən kütləvi şəkildə dolların alınmasına gətirib çıxartdı və bu, hazırda da davam edir. Doğrudanmı dollar Azərbaycan manatına təzyiq edir, yoxsa təzyiq başqa mənbədən gəlir?

- Dollar Azərbaycan manatına təzyiq etmir. Azərbaycan manatına təzyiq edən  səbəb neftin qiymətinin aşağı enməsi, Ümumi Daxili Məhsulun azalması və büdcədə əmələ gəlmiş “dəliklər”dir.

Azərbaycanın iqtisadi statistikası ÜDM-in  92%-nin neft və neft məhsullarının təşkil etdiyini göstərir. Büdcədə əksini tapmış neft gəlirləri 90% dollarla hesablanırsa, neftin qiymətinin 60 dollara enməsi ciddi maliyyə böhranı deməkdir.  Çünki inanılası deyil ki, neftin qiyməti köhnə həddə çatsın. Yuxarıda göstərilən faktlar əsasında sadə riyazi üsullarla  ÜDM-i hesablasaq, onun ən azı 30%-dən çox azalacağını qeyd etməliyik.  Bunun da iqtisadiyyatımıza və əhalinin yaşayışına  mənfi təsir edəcəyi də göz qabağındadır.

- Bəs ölkə büdcəsində əmələ gəlmiş bu “dəliyi” necə “yamamaq” olar?

- Əlbəttə ki, neftin hasilatını artırmaqla...

- Bəs neft hasilatı niyə artırılmır?

- Çünki o qədər neftimiz yoxdur. Neftimiz olsaydı, yanacağın qiyməti də qalxmazdı. Əgər neft bolluğu varsa, niyə yanacağın qiymətləri artır? Bu məntiqdən nəticə çıxarmaq çox asandır.

- Azərbaycanın keçmiş baş naziri, Milli Məclisin deputatı Əli Məsimli dolların məzənnəsinin, uzağı 90 qəpiyədək  artacağını deyirdi. Amma bu proqnoz doğrulmadı. Yəni, dollar 1 manatı da ötdü...

- Əslində, ölkədə gedən proseslər onu göstərirdi ki, dollar Azərbaycan pulunu bir neçə dəfə ayaqlayacaq. Səbəb, dolların Azərbaycandan çıxarılması və başqa ölkələrə daşınmasıdır. Biz ciddi düsturlar qurmaqla  bunu anlada bilərik, ancaq adi insanların bunu anlaması üçün müqayisələrə keçək.
Rusiyada, Qazaxıstanda dollar rus və qazax pulunu iki dəfə “ayaqlayandan” sonra, neft hasilatını artırmaqla bu ölkələr büdcələrində yaranmış “yırtıq”ları “yamamaq” istədilər ki, pullarını dollara nisbətdə qaldıra bilsinlər. Ancaq Azərbaycanda neftin hasilatını artırmaq və bu “dəlik”ləri “yamamaq” mümkün olmayacaq, deməli, bizi daha ciddi fəsadlar gözləyə bilər...

- Bəs qaz satışında vəziyyət necədir?

- Qaz satışında problemlər ortaya çıxıb. “Cənub axını” yolunu dəyişib. “Qazprom” Rusiya qazını Türkiyəyə satmaq qərarını verib, gələn ilin dekabr ayında qazın oraya çatdırılacağı öhdəliyini götürüb. Bu təklifin Türkiyə üçün daha səmərəli və sərfəli olduğunu nəzərə alsaq, Azərbaycan qazının Avropaya çatdırılması ilə bağlı bütün layihələri təhlükə gözləyir. Yunanıstanın energetika nazirinin Bakıda “nəm-nüm” etməyinin səbəbi də elə bununla bağlıdır. “Qazprom”un bu layihəsi böhrandan de-folt vəziyyətinə düşmüş Yunanıstanı xilas edə bilər.

Azərbaycan qazını Rusiya qazına alternativ kimi qələmə vermək düzgün deyil. Ona görə ki, Bakı-Tiflis-Burqas xəttinə Türkmənistan və yaxud İran qoşulmasa, bu qaz kəmərinin heç bir effekti olmayacaq. Nədən ki, əsas təchizatçı elə Rusiya-Türkiyə olaraq qalacaq. Hələ üstəlik, Türkiyənin Avropaya qaz təchizatçılığı ilə rəqabət apardığımıza görə, bunun özünün çox ciddi fəsadları olacaq. Odur ki, bu məsələ iqtisadi müstəvidən çıxıb, siyasi müstəviyə keçməkdədir. Hətta bu layihə baş tutsa da, qazdan gələn gəliri 2018-ci ildə alacağıq...

- Siz dediniz ki, qaz məsələsi siyasi müstəviyə keçə bilər. Bu, özünü nədə göstərir?

- Əslində, qaz məsələsi demək olar ki, siyasi müstəviyə keçib. Rusiyanın Azərbaycana təzyiqləri elə bununla bağlıdır. Çünki Ukrayna problemində, Rusiya qazı Qərbə təzyiq vasitəsidir və alternativ qaz kəməri Qərbin Rusiyadan asılılığını aradan qaldırır. Bu isə Rusiyanı yenidən Azərbaycana düşmən edir. Baxın,  cəbhədə gedən toqquşmaların intensivliyinə. Kim inkar edər ki, bu, rusun işi deyil?

- Belə  çıxır ki, alternativ qaz kəmərindən gələn gəlir də sual altındadır...

- Bu həqiqətən belədir. Və bunun da manatın enməsinə böyük təsiri olacaq. Ən  əsası isə dolların ölkəmizə axmasının qabağını alacaq ki, bu da ÜDM-nın azalmasına gətirib çıxaracaq.

- Xalqın ajiotaja uyub dollar alması, manatın çoxalmasına səbəb olacaq. Bazar qanununa görə isə çoxalan mallar mütləq qiymətdə, yəni alıcılıqda itirirlər...

- Düzdür, dolların alınması maliyyə bazarında da manatın enməsi deməkdir. Dollar qalxdıqca, qiymətlərin qalxması da labüddür. Deyəsən, hökümətdə bunu hiss ediblər, qarşıda onu gözləyən sosial gərginliyi aradan qaldırmaq üçün ciddi addımlar atırlar. Bəzi kateqoriyalı işçilərin maaşını artırırlar. Manatın devalvasiyaya uğradığı halda bu cür tədbirlər qısa müddətlidir və dolların respublikaya  gəlişinin azaldığı şəraitdə bunu təkrar etmək mümkün olmayacaq.

- Niyə ki, biz istədiyimiz qədər pul kəsdirib, düşdüyümüz bəladan qurtara bilərik.

- Haqlısınız, əgər pulkəsən maşının ixtiyarı Azərbaycan hökumətinin əlində olsa. Hökumət Beynəlxalq Valyuta Fondunun icazəsi olmadan bir qəpik də kəsə bilməz. Çünki Azərbaycan pulunun kəsilişi dollarla tənzimlənir. Odur ki, pulumuz dollarlarımızın sayına uyğun olaraq kəsilir. Faktiki olaraq manatımız dolları ölkəmizdə əvəz edən kağızdır. Həmin kağızı kəsmək üçün dollar lazımdır. Millət pulu milli manatla yığdığından dövriyyədən küllü miqdarda pul çıxarılıb, evlərdəki sandıqlarda saxlanılır. Bu pulları dövriyyəyə qaytarmaq lazım olduğundan Elman Rüstəmovun bəyanatını və manatın ucuzlaşmasını bir “manevr” kimi də qəbul etmək olar. Çünki müəssisələrin maaşını vermək üçün banklarda milli pul olmurdu. Bunu aradan qaldırmaq üçün dollar bahalaşdırıldı ki, manat banklara qayıtsın və onlar dollar verib, pul kəsdirməsinlər. Çünki üzü astarından baha başa gəlir...

- Sizin sözünüzdən belə çıxır ki, tezliklə ölkəmizdə dolların da azalması gözlənilir.

- Bu, həqiqətən belə olacaq. Birincisi, dediyimiz kimi, neft gəlirlərinin azalması ilə bağlıdır. İkincisi isə Azərbaycandan dolların çıxarılmasıdır. Mən oliqarx-məmurları nəzərdə tutmuram. Adi biznesmenləri və başqalarını. Bir faktı göstərmək istəyirəm. Sanksiyalardan sonra Rusiyada əmlak bazarlarında ciddi ucuzlaşmalar baş verib. İndi Moskvada 30-40 min dollara üçotaqlı evlər ala bilərsən. Odur ki, Rusiyadakı həmvətənlərimiz vətənə qayıdıb, vaxtiykən Bakıda, Gəncədə və başqa şəhərlərdə  rus puluna ucuz tikdirdikləri evləri satıb geriyə dönürlər. Ən azı, 150 minə satdıqları evlərinin pullarını alıb, Rusiyanın böyük şəhərlərinə gedirlər, bir neçə  ev alırlar, hətta Türkiyəyə də üz tutanları var. Başqa sözlə, qısa müddət ərzində Azərbaycandan külli miqdarda pul-para çıxarılacaqlar.

- Bu nə ilə nəticələnə bilər?

- Hər şeydən əvvəl Azərbaycanda tikinti sənayesinə ciddi zərbələr dəyəcək. Çünki Bakıda və başqa şəhərlərdə tikilən evlər, əsasən Rusiyadan gələn pullar hesabına idi. İndi bu pullar ən azı beş-on qatına Rusiyaya qayıdır, özü də dollarla...

- Belə proqnoz verirlər ki, manatın “ölməsi” işsizliyə də gətirib çıxara bilər...

- Bu düzgün proqnozdur. Elə götürək tikinti sənaye fəhlələrini və biznesini. Rusiyadan pulun gəlməməsi, tikilmiş evlərin alıcılarının sayını birə on azaldacaq, daha doğrusu, alıcı qalmayacaq. Evlərin maya dəyəri yüksək olduğundan biznesmenlər iflasa uğrayacaqlar. Beləliklə, tikinti sənayesində durğunluq yaranacaq, əlbəttə ki,  fəhlələr işsiz qalacaqlar. Neftin hasilatının azalması də bu effekti verəcək.

- Mərkəzi Bankın manatın məzənnəsini saxlamaq üçün  bir ayda 1,5  milyardın xərcləməsinə necə baxırsınız?

- Primitiv bir addım kimi, süni şəkildə pulun dəyərinin saxlanılması kimi. İtirən Azərbaycan iqtisadiyyatı oldu.

- Bəs çıxış yollunu nədə görürsünüz ? 

- Hər şeydən əvvəl, gəlir gətirə biləcək qeyri-neft sektorunun yaradılmasında, lazımsız tikililərin dayandırılmasında, kənd təsərrüfatının inkişafı üçün ciddi tədbirlərin görülməsində, Azərbaycan məhsullarının ixracı ilə bağlı maneələrin aradan qaldırılmasında və s. Həmin 1,5 milyardı bu sahələrə yönəltsəydilər, daha yaxşı olardı. Manatın “ölməsi” ölkə üçün faciədir. Bizi ağır günlər gözləyə bilər. Azərbaycan dövlətçiliyini qorumaq istəyiriksə, biz Prezidentin ətrafında sıx birləşməli, stabilliyi pozanlara qarşı mübarizə aparmalıyıq. Ancaq belə şəraitdə iqtisadiyyatın inkişafına təkan verə bilərik. Bunun üçün Azərbaycanın hər bir imkanı var. Sadəcə olaraq ağıllı iqtisadçılar və siyasətçilər indiki şəraitdə vəziyyəti düzəltmək, xalqın durumunu yaxşılaşdırmaq üçün ölkə başçısına dəstək verməlidirlər...

Sultan Laçın

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı