“Azərbaycanda yoxsulların sayı artacaq”

Manatın kəskin devalvasiyası ölkədə sosial durumun gərginləşməsi və əhalinin ciddi narazılığı ilə müşahidə edilir. Vətəndaşlar isə dəyişən məzənnənin əvvəlki vəziyyətə qaytarılacağına ümid edirdi. Lakin ölkə başçısının Mingəçevir şəhərinə səfəri zamanı çıxışı göstərdi ki, məzənnə dəyişməyəcək.
Bəs, bunun Azərbaycan iqtisadiyyatına təsirləri nədən ibarət olacaq? Proses nə vaxta qədər davam edəcək?
İqtisadçı-ekspert Natiq Cəfərli Modern.az-a açıqlamasında bildirib ki, indiki vəziyyət birbaşa neftin qiymətinin kəskin ucuzlaşması ilə birbaşa bağlıdır:
“Xarici ölkələrdə gedən proseslərin təsirindən əvvəl ölkəyə ən ciddi təsir göstərən məsələ neftin qiymətinin kəskin ucuzlaşmasıdır. Təbii ki, ətraf ölkələrdə gedən proseslərin təsirini danmaq olmaz, xüsusilə də Rusiyada yaşanan böhran birbaşa öz təsirini göstərir.
Məlumdur ki, təqribən milyon yarıma qədər soydaşımız Rusiyada çalışır və ailələrinə hər il rəsmi məlumatlara görə 2,5 milyard dollara yaxın vəsait göndərirdi. Həmin dollar Azərbaycan bazarında canlanmaya səbəb olurdu. Bu vəsait də kəskin azalıb və valyuta bazarına da təsirsiz ötüşməyib.
Amma əsas səbəb Azərbaycanın neftdən asılılığının yüksək olmasıdır. Bu asılılıq illərdir davam edir və onun aradan qaldırılması mümkün olmayıb. Neftin qiymətinin təqribən 2 dəfə aşağı düşməsi Azərbaycana daxil olan dollar kütləsini kəskin azaltdı. Bu həm Mərkəzi Bankın, həm də Dövlət Neft Fondunun rezervlərinə təsir etməyə başladı. Nəticədə Azərbaycan hökuməti də Mərkəzi Bankla bu addımı atmaq məcburiyyətində qaldı, manat 34 faizə yaxn devalvasiyaya uğradı”.
İqtisadçı qeyd edib ki, qiymət artımı qaçılmazdır: “İlk növbədə artıq baş verdiyi kimi ciddi qiymət artımı gözlənilir. Çox təəssüf ki, hökumət yetkililəri inzibati üsullarla qiymətlərin nəzarətdə saxlanılacağına dair bəyanatlar verir, bu, bazar iqtisadiyyatına zidd məsələlərdir. Dövlət nəzarət orqanları vasitəsilə nə qədər çox müdaxilə etməyə çalışsa, qiymətlər bir o qədər də qalxacaq. Çünki nəzarət orqanlarının əksəriyyəti özü korrupsiyaya uğrayıb.
Onlar biznesmenin işinə müdaxilə etdikcə, bizneslə məşğul olanlar da məcbur olub qiymətləri daha da qaldıracaq. Rəqabətli mühiti genişləndirməklə, ölkədə xarici ticarət əlaqələrinin - idxal, ixrac əməliyyatlarını sadəşələşdirməklə, daha çox “oyunçu”nun bazara daxil olmasına şərait yaratmaqla, inhisarçılığı ləğv etməklə qiymətləri aşağı salmaq olar. İnzibati yolla bu mümkün olmayacaq”.
Ekspert hesab edir ki, ölkədə ikirəqəmli inflyasiya olacaq: “Çoxadndır Azərbaycanda belə hal müşahidə edilmirdi. Hətta keçən ilin rəsmi inflyasiya rəqəmləri cəmi 1,3 faiz idi. Bu il isə ən azı və ən yaxşı halda 15-20 faizlik inflyasiya olacaq. Prosesin gedişi davamlı olacağı təqdirdə isə 30-35 fazilik inflyasiya da gözləmək olar.
Bundan əlavə, insanların real gəlirləri azaldığından yoxsulluq həddi də artacaq. Banklarda problemli kreditlərin məbləği 1 milyarda yaxındır, bundan sonra isə ən azı 1,5 milyarda qədər artacağı proqnozlaşdırılır. Ümumiyyətlə, devalvasiya yaxşı heç nə vəd etmir. Devalvasiyadan öncə əhalini buna hazırlamaq, rəqabətli mühit yaratmaq lazım idi ki, addım atılarkən iqtisadiyyata daha az təsir göstərsin. Amma birdən-birə kəskin ucuzlaşma ciddi fəsadlarla müşahidə olunacaq”.
Vəziyyətin davam etmə müddətinə gəlincə, Natiq Cəfərlinin fikrincə, neftin qiymətinin kəski artımı olmayacağı təqdirdə məzənnə də belə aşağı saviyyədə qalacaq: “Getdikcə cüzi də olsa manatın dəyərdən düşməsi baş verəcək. Hətta Mərkəzi Bankın bugünkü açıqlamasından da bunu gördük. Təəssüf ki, Azərbaycanda hər şey neftdən asılıdır. Neftin qiyməti artmasa proses belə davam edəcək.
Dünya ekspertlərinin proqnozlarına əsaslanarıqsa, neftin qiyməti yaxın 2 ildə kəskin qalxmayacaq, inflyasiya, yoxsullaşma isə artaraq davam edəcək. Çıxış yolu axtarmaq, islahatlar aparmaqdır. Təəssüf ki, bizdə qonşu ölkələrdə olduğu kimi anti-böhran planları yoxdur. Ən düşündürücü olan da budur. Məsələn, qonşu Rusiyada indiyə qədər 3 anti-böhran planı qəbul olunub və hökumət əhaliyə mütəmadi olaraq vəziyyət barədə məlumatlar verir. Bu isə kiçik və orta biznesə böyük üstünlüklər gətirir”.
Gülşən RAUFQIZI