
Modern.az saytı xaricdə oxuyan azərbaycanlı tələbələrlə silsilə müsahibələrin təqdimatına davam edir. Bu dəfə “Xaricdəki tələbəmiz” rubrikasının qonağı Nərmin Abbasovadır. O, Böyük Britaniyanın Essex Universitetində molekulyar tibb ixtisası üzrə magistratura təhsili alır.
- 1989 cu ildə Sabirabad rayonunda doğulmuşam. İbtidai təhsilimin bir hissəsini də elə orada almışam. Daha sonra Bakıya köçmüşük və mən həm ibtidai, həm də orta təhsilimi 172 saylı məktəbdə tamamlamışam. Paralel olaraq valideynlərimin istəyi üzərinə musiqi təhsili (fortepiano) almışam. Orta məktəbi bitirdiyim il Bakı Dövlət Universitetinin Biologiya fakultəsinə qəbul olunmuşam. Həm bakalavr təhsilim müddətində, həm də sonrasında müxtəlif yerli və beynəlxalq layihələrdə bəzən təşkilatçı, bəzən iştirakçı qismində yer almışam. Fərqli aralıqlarla bir sıra xarici şirkətlərin yerli nümayəndəliklərində çalışmışam. Hazırda, 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı çərçivəsində Böyük Britaniyanın Essex Universitetində molekulyar tibb ixtisası üzrə magistratura təhsili alıram.
- Xaricdə təhsil almağı fikri necə yarandı?
- Doğrusu bu fikir necə yarandığını xatırlaya bilməyəcəyim qədər keçmişdən formalaşıb. Hətta orta məktəbi bitirdiyim il YÖS vasitəsilə Türkiyədə təhsil almaq istəyirdim, nə hikmətsə sənədlərimi vaxtında hazır edə bilmədim və bu imkanı qaçırdım, amma məni irəlidə saysız-hesabsız fürsətlərin gözlədiyini bilirdim. Bakalavr təhsili aldığım müddətdə də xaricdə təhsil imkanlarını yaxından izləyirdim, araşdırırdım. Yaxın çevrəmin müxtəlif ölkələrdə tibb və bənzəri sahələrdə təhsil alan insanlar olmasını da nəzərə alsaq, deyə bilərəm ki, əksər ölkələrin ixtisasımla əlaqəli bütün qəbul qaydalarını bilirəm.
- Böyük Britaniyanı seçmək təsadüfü oldu, yoxsa əvvəlcədən bu ölkədə oxumaq istəyirdiniz?

- Hansısa təhsil ölkəsinin təsadüfi seçilə biləcəyini düşünmürəm. Çünki mövzu təhsildirsə, yüz ölçüb bir biçmək gərəkdir. Təbii ki, mən də bu qərar vermə mərhələsindən keçmişəm. Bakalavr təhsilim müddətində və sonrasında Türkiyədə Ege Universitetində və Almaniyada Heidelberg Universitetində aparılan müxtəlif elmi işlərdə iştirak etmə və müşahidə etmə şansım olub, hansı ki, qərar müddətimdə bu təcrübələrin də böyük təsiri olduğuna inanıram. Məhz Almaniya təcrübəsi düşüncələrimi okeanın o tayından bu tayına çəkib gətirib. Çünki, öncələr magistratura təhsili üçün uzaq Qərbi düşünürdüm, lakin Almaniyadakı təcrübəmin üzərimdəki xoş təsiri Avropa təhsilinə meyillənməyimə gətirib çıxardı. Avropada da mənim ixtisasıma uyğun iki real seçim imkanı var idi: Almaniya və Böyük Britaniya. Sonda ailəm və dost çevrəmin məsləhətləri ilə seçimim Böyük Britaniya oldu.
- Niyə məhz bura?
- İngiltərə bir çox sahələrdə elmin beşiyi hesab edilir. Xüsusilə də səhiyyə və elm sahələrində (Health and Science Studies) aparılan araşdırmaları, araşdırma institutları və mərkəzləri, elm adamları ilə önəmli nüfuza sahibdirlər.
Burada 4 fərqli universitetə müraciət etmiş və hər birindən müsbət cavab almışdım. Daha sonra məhz təklif olunan dərs proqramı və fakültənin akademik heyəti baxımından bu universitetlər arasında qərarım Essex oldu. Burada təhsilimə başladıqdan sonra da doğru qərar verdiyimə əmin oldum.

- Yad ölkəyə necə uyğunlaşa bildiniz? “Culture shock”( xarici ölkəyə ilk vaxtlar gedəndə öyrəşə bilməmək) yaşadınız ?
- İngiltərəyə ilk gəlişimdə bir müddət uyğunlaşma problemi yaşadım. Bu davamlı tutqun və yağışlı hava ilə əlaqədar idi. Təbiidir ki, bu hava şəraiti əhvalıma da sirayət edirdi. İkinci gəlişimdə özümü buna hazırladığım üçün heç bir problemim olmadı uyğunlaşma ilə bağlı. “Cultural shock”’a gəlincə, doğrusu mənə çox yad hiss olduğunu deyə bilərəm. Çünki hər yeni dəyişikliyə şok həddinə çatmadan adaptasiya ola bilirəm. Burada da rahat və ünsiyyətcil olduğum üçün qrup yoldaşlarım, eləcə də otaq yoldaşlarımla tez bir zamanda yaxşı münasibətlər qurduq. Əks-təqdirdə, yəqin ki, çətin olardı.
- Başqa ölkə və başqa mühit hansı çətinlikləriniz olub?
- Ölkə və mühit fərqliliyinin gündəlik həyatıma təsiri çətinlik deyil, əksinə asanlıq olub deyərdim. Dünyanın hər yerində insanlar geniş mənada eyni cür yaşayırlar, müxtəlif dillərdə eyni hissləri paylaşırlar. Fərqli olan odur ki, burada insanlar kömək etməyi, gülümsəməyi, rəngli geyinməyi, həftə sonu istirahətini, kiçik işlərə böyük diqqətlə yanaşmağı daha çox sevir və edir. Yəni daha dərindən və hiss edərək yaşayırlar, hansı ki bu mənim həyat tərzimlə üst-üstə düşür və ətrafdakı bu pozitivlik həyatımı asanlaşdırır.
Amma maddi çətinlikləri nəzərdə tutursunuzsa kiçik problemimizi vurğulaya bilərəm. Bu ölkədə organik qida tapmaq problemi var. Bakıda aldığımız meyvə və tərəvəzlər, əksərən, təbii yetişdirilmiş olur deyə, belə bir axtarışa ehtiyac duymuruq, burada isə demək olar ki, bütün mağazaların təklif etdiyi qidalar sünidir. Bunu sadəcə dad, keyfiyyət baxımından deyil, həm də sağlamlıq baxımından problem hesab edirəm.
- Təhsil aldığınız universitetdə azərbaycanlı tələbələr var?
- Hazırda Essexdə 15 azərbaycanlı tələbə var; onlardan biri doktorantura, üçü magistratura və digərləri bakalavr dərəcəsində təhsil alır. Neçə illərdir aktiv fəaliyyətdə olan Azərbaycan cəmiyyətimiz var. Universitet daxilində təşkil olunan sərgilərdə, beynəlxalq tanıtım günlərində cəmiyyət yaxından iştirak edir, Azərbaycan təqvimindəki xüsusi günləri müxtəlif tədbirlərlə qeyd edir. Onu da deyim ki, cəmiyyət olaraq hazırda mart ayında reallaşdıracağımız bir tədbir üzərində işləyirik. Səlahiyyətim olmadığı üçün bu barədə ətraflı danışa bilmərəm, amma onu qeyd edim ki, təxmin etdiyinizin əksinə bunun Novruz bayramı ilə əlaqəsi yoxdur .

- Azərbaycanda bu ölkəyə hazırlaşmaq çətin olmadı sizə?
- Sənədlərin hazırlanması, universitetlərlə danışıqların aparılması, imtahan, təqaüd üçün müraciət və s. bunlar kifayət qədər diqqət tələb edən uzun hazırlıq mərhələləridir. Bu müddətdə hədəfə köklənməyim və doğru planlama etməyim kənardan qarışıq görünən prosesi nisbətən asanlaşdırırdı.
Mənəvi olaraq isə özümü tutqun hava şəraitinə və ailəmdən bir müddət uzaq qalmağa hazırlayırdım. Bundan əlavə xüsusi bir hazırlıq mərhələsi keçməmişdim, normal hər zamanki tempdə gündəlik məsuliyyətlərimi yerinə yetirirdim, hətta Londona uçmazdan bir gün əvvəl səhər öz vaxtında işimə də getmişdim.
- Azərbaycan təhsili və İngiltərə təhsili. İngiltərə auditoriyasının üstünlükləri hansılardır?
- Bu mövzuya sırf öz ixtisasım baxımından yanaşa bilərəm. İngiltərədə səhiyyə elmlərinin tədrisində nəzəriyyə + praktika balansı qorunur. Hər verilən tapşırıqda müvafiq işin klinikası ilə texniki gedişatı arasında əlaqə qurmağımız tələb olunur. Oxu materiallarında nəşr ili və ya elmi jurnalların reytinqinə önəm verilir. Nəzəriyyəni müasir kitabların ən son nəşrlərindən, elmi jurnalların son saylarından oxumağımız tövsiyyə olunur. Çünki davamlı və sürətli inkişaf edən sahəni 15-20 il əvvəlin nəşrlərindən oxumaq tələbəni çox geridə qoya bilər. Bir digər fərqli məqam da bakalavr təhsilindən başlayaraq daha dar ixtisasların müəyyən edilməsidir. Məsələn, Azərbaycanda Biologiya ümümi bir fakültə və bir ixtisas kimi təqdim edilir və bakalavr təhsili boyunca botanika (iki ayrı subkateqoriyada), biokimya, genetika, immunologiya, histologiya və s. sahələr tədris edilir. Təsəvvür edin ki, bu sahələr ayrı ayrılıqda hər biri geniş bir elm budağıdır və hər birinin öz subkateqoriyaları var. Lakin İngiltərədə bakalavr pilləsindən başlayaraq sadəcə genetika və ya molekulyar biologiya və ya sadəcə biokimya təhsili alırsınız. Müşahidələrimdən bilirəm ki, bizdən fərqli olaraq, tək bir ixtisasa fokuslanmış təhsil sistemi, yalnız İngiltərədə deyil, hətta qonşu Türkiyədə və əksər dünya ölkələrində də tətbiq edilir.
- Müəllimlərlə tələbələrin münasibəti necədir?
- Çox maraqlı, səmimi və qarşılıqlı hörmətə əsaslanan münasibətlərimiz var müəllimlərimizlə. Qrup yoldaşlarımın əksəriyyəti yerli tələbələrdir, ilk vaxtlarda onların müəllimlərə bilavasitə adları ilə müraciət etməsi mənə fərqli gəlirdi. Hansı ki, bu normal hesab edilir və müəllimlərimiz də normal qəbul edir. Bəzi müəllimlər onları hətta ləqəbləri ilə də çağıra biləcəyimizi də deyirlər. Doğrusu mən yenə də ən azından yazılı müraciətlərimdə Prof. və ya Dr. professional yarlıqlarından istifadə etməyə üstünlük verirəm.
Auditoriyada tələbələrin özlərini rahat və sərbəst hiss etməsi çox önəmlidir. Hətta bir dərsimizi müəlimin bütün tələbələrə payladığı şirniyyatı dadaraq izlədiyimiz də olub.
Universitet müəllimlərlə tələbələrin qeyri-formal görüşünü də təşkil edir. Bunlara çay, qəhvə ətrafında söhbət və ya hər il təşkil olunan “Biologiya Elmləri Ənənəvi Ziyafət Gecəsi” tədbirini misal göstərə bilərəm.
Müəllimlər tələbələrlə birlikdə sosial fəaliyyətlərdə də yaxından iştirak edirlər. Məsələn, dekabr ayında süd vəzi xərçəngindən əziyyət çəkən xəstələrə yardım edən bir təşkilatın keçirdiyi satış yarmarkasında elə Xərçəng Biologiyası (Cancer Biology) fənnini tədris edən professorumuz tələbələrlə birgə stendin arxasında dayanmış və öz hazırladığı keks, piroqları sataraq kampaniyaya maddi dəstək toplayırdı.

- İngiltərədə tələbələr auditoriyadan kənardakı vaxtlarını necə keçirirlər?
- Asudə vaxtlar üçün çoxlu sayda fərqli və maraqlı məşğuliyyətlər var. Başlıca olaraq universitet öz tələbələrinə zamanlarını dəyərli keçirmək üçün idman, rəqs, xarici dil kursları, könüllü leksiyalar, səyahətlər və s. kimi məşğuliyyətlər təklif edir. Onu qeyd edim ki, müxtəlif Avropa dillərinin, Çin və rus dillərinin təklif edildiyi ödənişsiz kurslara tələbələr böyük maraq göstərir. Hətta normalda elandan sonrakı qısa müddətdə bütün təklif olunan yerlər tutulur.
Tələbələrin əksəriyyəti yarım gün və ya həftədə bir gün olmaqla işləyirlər. Elə ən başlıca iş təklif edən qurum da universitetin özüdür. Yəni universitetin mağazalarında, restoranlarında sizə xidmət edən şəxs elə qrup yoldaşınız və ya digər fakültələrdən olan dostlarınız ola bilər. Tələbələrin bir-birinə xidmət etməsi ətrafda çox xoş və səmimi atmosfer yaradır. Təbii ki, universitetdən kənarda və yaxın şəhərlərdə də işləyən tələbələr var.
Bir də həftəsonu əyləncəsi var ki, bu da adətən səs-küylü ev partiləri və universitetin kafe-restoranlarında təşkil edilən partilər olur.
- İngilislər Azərbayacanı necə tanıyırlar? Ətrafınızda sizə qarşı hansı münasibəti hiss edirsiniz və görürüsünüz?
- Bu, tanıyan qismin yaşına, həyat tərzinə görə fərqlənir. Əksəriyyət Azərbaycanı keçmiş sovet ölkəsi kimi tanıyır, gənclər və “populyar mədəniyyət”i (popular culture) izləyən insanlar isə “Avroviziya” mahnı müsabiqəsinə görə tanıyırlar. Şahmatçılarımıza görə ölkəmizi tanıdığını deyənlərlə də rastlaşmışam, amma təbii ki, tamamilə tanımayan kəsim də var.
- Universitetdə Azərbaycanı tanıtmaq üçün hanısa işləri görürüsüz ?
-Azərbaycan cəmiyyəti olaraq ölkəni tanıtmaq üçün hansı tip fəaliyyətləri etdiyimizi əvvəldə qeyd etmişdim. Fərd olaraq isə hər birimiz doğru bildiyimiz şəkildə yaşamağa davam edərək, dərslərimdə uğurlu olmağa çalışaraq bunu edirik. Çünki bəzi hallarda kimliyimiz başqalarına sadəcə bizi deyil daha çoxunu ifadə edə bilir. Sadə bir misal ilə izah edim. Hazırda yaşadığım evdə məndən başqa 3 fərqli ölkənin nümayəndəsi yaşayır (İngiltərə, İtaliya, Nigeriya) və onların tanıdığı ilk azərbaycanlıyam. Təbiidir ki, bundan sonra ölkəmlə bağlı eşidəcəkləri və görəcəkləri hər şey təsəvvürlərində mənimlə assosiasiya olunacaq. Hər birimiz bunun fərəqindəyik və bu fərqindəlik üzərinə bəzən digər həmyerlilərimizlə də söhbətlər aparırıq.

- Yaşadığınız ölkənin hansı maraqlı adətləri var?
- Ən çox sevdiyim adət britaniyalıların məşhur 5 çayı və ya günorta çayı adətləridir. Hər gün eyni radələrdə xüsusi zövq və diqqətlə hazırlanan və şirniyyatlarla servis edilən çay süfrəsi. On doqquzuncu əsrin əvvəllərindən geniş yayılmış bir adət olduğu üçün bugün yalnızca bunu qoruyub saxlayan bir sıra zadəgan ailələrdə, bəzi ingilis kafelərində və otellərdə davam etdirilir.
Bundan əlavə atəşfəşanlıq gecəsi, Müqəddəs Nikolas günü, Milad bayramı, Halloveen kimi maraqlı adətlərini qeyd edə bilərəm.
Bir də hər addımda, hər müraciətdə zadəgan ölkəsində olduğunuzu hiss etdirmələri, ən üst dərəcədə nəzakət nümayiş etdirmələri, öz milli ordularına sədaqətləri kimi xoşagələn xüsusiyyətə sahibdirlər.
- Heç yorulub ölkəmizə qayıtmaq istəyibsiz?
- Söhbət mənəvi və ya zehni yorğunluqdan gedirsə, yorulub qayıtmaq istəməmişəm. Bəzən ailəm və dostlarım üçün darıxıram, bu da qayıtmaq istəyəcək qədər güclü darıxma deyil. İstənilən bir işi yarıda qoymağı yanlış hesab edirəm, xüsusilə də mövzu bu qədər əziyyət çəkilmiş bir işdən gedirsə. Düzdür, hər birimiz səhv qərarlar verə bilir, ilk büdrəmədə yeriməkdən imtina edə bilirik. Lakin, doğru olan yeriməyə, hətta qaçmağa başlamaq, səhvləri düzəltmək, işlərimizi sona çatdırmaqdır.
- Asudə vaxtınızı necə keçirirsiniz?
- Zamanım olduqca öz dərslərimlə yanaşı, hər həftə təşkil olunan könüllü leksiyalara da qoşuluram. Universitetin təklif etdiyi bu leksiyalar adətən kənardan dəvət olunan professor və doktorların çıxışı ilə keçirilir. Belə leksiyalar bioloji elmlər departamentinin iştirak etmək istəyən bütün tələbə və müəllim heyətinə açıq olur. Kembric Universiteti, Norveç Elm və Texnologiya Universiteti, İllinoy Universiteti, Oklahoma Universiteti, İmperial Kollec London, Groningen Universiteti və s. universitetlərdən dəvət olunan akademik heyətlə də münasibətlər qurmaq, onların təcrübələrindən yararlanmaq kimi şansımız olur.
Mən həm də kurs nümayəndəsiyəm (yəqin ki, bunun bizdəki alternativi sinif nümayəndəsidir). Bəzi həftəsonları universitetin bütün kurs nümayəndələrinin görüşü olur. Tələbələrin tələb və təkliflərini öz aramızda müzakirə edir, universitet rəhbərliyinə təqdim edirik. Qeyd edim ki, bu müzakirələrin təşkilində universitet rəhbərliyi də çox maraqlıdır və hər növbəti dərs ilinin planlanmasında bir öncəki ilin tələb təklifləri uyğun şəkildə yer alır.
Universitetin bir sıra cəmiyyətlərinin, eləcə də islam cəmiyyətinin tez-tez maraqlı tədbirləri olur, onları da izləməyə çalışıram. Bunun xaricində idmanla məşğul oluram, xüsusilə tennis oynayıram. Ara sıra yemək hazırlayıb buradakı dostlarla bir süfrə başına toplaşırıq, bəzən qrup yoldaşlarımızla əyləncə atraksiyonlarına və ya film izləməyə gedirik.

- İngilislərin əsas məşğuliyyətləri nədir?
- Bu ölkənin tanınmış alimləri də var, uğurlu binesmenləri də, zəhmətkeş fəhlələri də və hamısının ortaq nöqtəsi peşələrini sevərək icra etmələridir. Yəqin ki, ölkənin uğurunun qaynağı da elə buradadır.
- Xaricə gedən tələbələr Azərbaycana qayıtmaq istəmir. Bəs siz? Gələcək planlarınız nədir?
- Ölkəmizin elm və bənzəri sahələrdə mütəxəssislərə ehtiyacı var, xüsusilə də yeni mütəxəssislərin yetişdirilməsi baxımından. Buna görə də, akademik karyeraya davam etmək, öyrəndiklərimi müvafiq sahədə insanların həyatlarını yaxşılaşdıra biləcək şəkildə tətbiq etmək, başqaları ilə bölüşmək istərdim.
- Sizin kimi İngiltərədə təhsil almaq istəyən gənclərimzə məsləhətləriniz?
- İxtisaslarına uyğun universitet seçimi etmələrini məsləhət görərdim. Çünki fərqli universitetlər fərqli ixtisasların tədrisinə görə öndə və ya geridə ola bilərlər. Vurğulamaq istədiyim bir digər məsələ də intensiv tədris proqamıdır. İngiltərədə bakalavr təhsili 3 il, magistratura təhsili isə 1 ildir. Bu o deməkdir ki, digər ölkələrdə magistratura üçün keçirilən iki illik dərs proqramı burada bir ildə intensivləşdirilmiş şəkildə keçiriləcək. Bu da qısa müddətdə daha çox dərs saatı və dərs yükü mənasına gəlir. Gələcək tələbə namizədləri özlərini buna hazırlasınlar. Ümumilikdə isə çox maraqlı dərs mühitindən zövq alacaqları təhsil ili onları gözləyir.


Məltəm Talıbzadə