
“Rəhim Hüseynov deyir ki, Elman Məmmədovun kişiliyi çatarsa bunu deyər. Rəhim Hüseynova deyin ki, mənim kişiliyimə şübhə etməsin. Şübhəsi varsa kişiliyimi ona sübut edə bilərəm”.
Bu sözləri Modern.az saytına açıqlamasında Milli Məclisin deputatı, vaxtilə Xocalının icra başçısı olmuş Elman Məmmədov keçmiş baş nazir olan Rəhim Hüseynovun onun haqqında söylədiyi fikirlərə cavab olaraq deyib.
Xocalıdan olan deputat eks-prezident Ayaz Mütəllibovun dövründə baş nazir olmuş Həsən Həsənov haqqında da danışıb:
“Əvvəla, Rəhim Hüseynov düz deyir ki, o dövrdə prezidentlə baş nazir arasında münasibət soyuq idi. İkincisi, Rəhim Hüseynov həm prezident Ayaz Mütəllibov, həm də baş nazir Həsən Həsənovla vaxtaşırı danışdığımı da düz deyir. Sadəcə, Ayaz Mütəllibovla danışmaq çətin olsa da, Həsən Həsənovla müntəzəm telefon əlaqəsi saxlayırdım. Həsən Həsənov çox fədakar və vətənpərvər insan idi. Həsən Həsənov 1988-ci ildən başlayaraq Xocalının son anına qədər bizimlə ünsiyyətdə olub və əlindən nə kömək gəlibsə, edib”.
Ayaz Mütəllibovun dövründə bütün səlahiyyətlərin Həsən Həsənovun əlində olmasına gəlincə, deputat bunu cəfəngiyyat adlandırıb.
“Rəhim Hüseynov kifayət qədər ağıllı ziyalı və savadlı adamdır. O bu sözü deyəndə fikirləşməlidir ki, prezident olan yerdə səlahiyyətlərin hamısı nə cür baş nazirə verilə bilər. Bəs o zaman prezident harda idi və nə işlə məşğul idi ki səlahiyyətlərin hamısı baş nazirə verilmişdi?! Bu səhv fikirdir. Baş nazirin baş nazir səlahiyyətləri, prezidentin prezident kimi səlahiyyətləri var idi. Hərəsi öz postunda üzərlərinə düşən işi yerinə yetirməyə borclu idilər. Səlahiyyətlərini kim nə cür yerinə yetiribsə, onu maraqlanan orqanlar daha yaxşı bilir”.
“Xocalı soyqırımının törədiləcəyini Həsən Həsənovun baş nazir olaraq Ayaz Mütəllibova çatdırmadığı fikri doğrudurmu” sualına keçmiş icra başçısı belə cavab verib.
“Həsən Həsənov Xocalı ilə bağlı olanları prezidentə çatdırırdı. Axırıncı dəfə Həsən Həsənovun yanına 1992-ci il fevral ayının 10-da getmişəm. Həsən Həsənovun yanına getməzdən qabaq Ayaz Mütəllibovun qəbul otağında oldum. O vaxtlar prezidentin köməkçisi rəhmətlik Gürşad Zərbəliyev idi. Ona dedim “gəlmişəm ki, prezident məni qəbul etsin. Vəziyyətimiz çox ağırdır. Bizə qarşı hər an təhlükə var. Biz məhv ola bilərik”. O zaman Ayaz Müətllibov məni qəbul etmədi. Ondan sonra Həsən Həsənovun yanına getdim. Vəziyyəti ona danışdım. O məlumatlı idi. Dedi ki, prezident hamısını bilir və Təhlükəsizlik Şurasında müzakirələr aparılır. Hətta belə bir söz işlətdi: “Bu günlərdə Etibar Məmmədov da prezidentin yanına gəlmişdi”. Amma Ayaz Mütəllibov bizi də qəbul etmədi ki, söhbətləşək.
Təbii ki, respublika rəhbərliyi arasında qruplaşmalar, bir-birini eşitməmək məsələsi var idi. Ancaq Xocalıda vəziyyət necə idisə, bunu hamı əzbər bilirdi və bilməliydi də. Prezident də bilməliydi, bilirdi də. Sadəcə olaraq, bizi vəziyyətdən çıxarmaq üçün tədbir görülmürdü”.
Həsən Həsənovun AXC ilə əlbir olmasına gəlincə, deputat bundan xəbərsiz olduğunu bildirir.
“O məsələləri bilmirəm. Həsən Həsənov haqqında mənfi fikir demirəm. Ona görə ki, respublika rəhbərliyi dövründə bizə ən çox kömək edən adamlardan biri olub. Onu deyə bilərəm ki, Həsən Həsənovdan başqa Ayaz Mütəllibova Xocalı ilə bağlı məlumatları vermək borcu olan müdafiə naziri, milli təhlükəsizlik naziri, Qarabağ üzrə səlahiyyətli nümayəndə var idi. Günahların hamısını Həsən Həsənovun üzərinə atmaq doğru deyil. Təbii ki, baş nazir kimi Həsən Həsənov da məsuliyyət daşıyırdı. Ayaz Mütəllibov oturub gözləməli idi ki, baş nazir ona məlumat verəcək, yoxsa yox?!. Bu düzgün deyil. Prezidentin 50 yerdən məlumat mənbəyi var”.
Qeyd edək ki, keçmiş baş nazir Rəhim Hüseynov Moderator.az-a müsahibəsində Mütəllibovun dövründə Nazirlər Kabinetinə rəhbərlik etmiş Həsən Həsənov haqda bir sıra ittihamlar səsləndirib.
Namidə BİNGÖL