Modern.az

“Azərbaycan Bayrağı” ordenli şəhid - Əhməd Mehbaliyev haqda bilmədikləriniz...

“Azərbaycan Bayrağı” ordenli şəhid - Əhməd Mehbaliyev haqda bilmədikləriniz...

Ölkə

8 May 2015, 23:24

Beynəlxalq Qaşqari Fondunun vitse-prezidenti,
Tarixci-araşdırmaçı


1992 ci ilin may ayı idi. Ağdamda Allahverdi Bağırovun qərargahında beş günüm sanki beş ilimə bərabər keçdi. Heç vaxt unutmadığım, tariximizə qara hərflərlə yazılmış Xocalı faciəsində imdada səsləyənlərin, kömək istəyənlərin bir neçəsinə şahid oldum. Ağdamda gördüklərimi belə xatırlayıram...

Dördüncü gün mən Allahverdi ilə birlikdə Ağdam rayon xəstəxanasına gəldik. Müdafiə Nazirliyinin təcrübəli hərbçisi kapitan Azər əsir düşmüşdü. O, iki ay idi ki, erməni xüsusi xidmət orqanlarının əsirliyində saxlanılırdı. Onun aldığı güllə yarasının fəsadları aradan qaldırılmadığı üçün bədənində çürümə gedirdi. Ermənilərlə uzun çəkən danışıqlardan sonra Allahverdi Bağırov zabitimiz Azəri erməni əsirliyindən azad etmişdi. O, ağır vəziyyətdə birbaşa xəstəxanaya yerləşdirilərək üzərində cərrahiyyə əməliyyatı aparılmışdı. Əməliyyat nə az nə çox, düz 7 saat saat çəkmisdi.Həmin əməliyyatın səhərisi gün biz xəstəxanaya gəldik. Allahverdi Bağırov Azərlə görüşdü. Onun bədəninin yarısından çoxu tənziflə sarınmışdı. Allahverdi onun sarğıda tərpənməyən əlinə toxunaraq o biri əlini başına qoydu. “Səni sağ-salamat gördüyümə, əməliyyatın uğurlu keçdiyinə sevindim. Hər şey yaxşi olacaq”, - dedi.

Otaqda başqa iki xəstə də vardı. Allahverdi Azərlə bir az söhbət etdikdən sonra kapitanın başı üstündəki hərbçimizə baxaraq:
- Dostunu mənimlə tanış eləmədin, - dedi.
Azər onları tanış etdi:
- Taniş ol, mənim komandirim Əhməd Mehbalıyev! Cəmşid Naxçıvanski adına Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirdikdən sonra Kazan Ali Tank Qoşunları Məktəbinə daxil olub. Daha sonra Kiyevdə, Moskvada SSRİ-nin tank qoşunları diviziyalarında xidmət edib. Qarabağda müharibə başlayanda vətənə qayıdıb. Əhməd bir təcrübəli tankçı kimi ilk döyüşə Şuşada başlayıb. Şuşanın müdafiəsi uğrunda gedən döyüşlərdə düşmənə mərdliklə sinə gərib və hər döyüş  əməliyyatında qəhrəmancasına vuruşub.Bir neçə erməni tankını sıradan çıxarıb. Bizim rota komandirimizdir. Bir il idi ki birlikdə vuruşurduq.Məni Müdafiə Nazirliyində hərbi mütəxəssisi kimi tanıyırlar, amma nə gizlədim, hərbə aid bir çox bilgilərimi, bax bu komandirdən öyrənmişəm.

Allahverdi Əhmədə yaxınlaşdı, onu qucaqladı və “vətənin belə qəhrəmanlarını nəinki görəndə, hətta onlar haqqında sadəcə eşidəndə belə, çox sevinirəm”, - dedi.
Əli Əhmədin kürəyinə toxunanda hiss etdi ki, onun yarası var. Təskinlik verərərək dedi:
- Sən yaralanmısan, Əhməd.
Əhmədsə təmkinini pozmadan cavab verdi:
- Çoxdan baş veribdi. Şuşada son hərbi döyüşdə yaralandım.
Sonra da əlavə etdi:
- Azərin azad olduğunu eşidib sevindim. Ağdama gəldim ki, sənə təşəkkür edim.

Allahverdi Bağırov həkimi çağırtdırdı. Əhmədin yarasına baxdırdı.
Həkim dedi ki, Əhmədin kürəyində qəlpə yarası təzədir və ayrı-ayrı vaxtlardan daha iki yara alıb. Sonunci güllə yarasını bir ay evvəl alıb. Onun da hələ yeri sağalmayıb.

”Siz həkim nəzarətində olmalısınız. Bu yaralar ayaqüstə sağalan deyil. Qana zəhərləmə verə bilər”, - deyə həkim Əhməd Mehbalıyevin yaralarını təmizlədi, yenidən sarıdı.

Allahverdi palatadakı xəstələrlə də dərdləşərək, həkimlərlə onların müalicəsi barədə söhbət etdi. Bu vaxt Allahverdi Bağırovun sürücüsü içəri girərək bildirdi ki, ermənilər Əsgərandan hücüma başlayıb, Ağdamın Şelli kəndi istiqamətində irəliləyirlər.
Allahverdi oradakı xəstələrlə sağollaşaraq iri addımlarla çölə çıxdı. UAZ markalımaşına əyləşdi. Avtomobil yerindən tərpənər-tərpənməz Əhməd Mehbalıyev də masina mindi.
Allahverdi:

- Sən yaralısan, sənə həkim dedi ki, yaraların hələ sağalmayıb axı.

- Mən əsgərlərimi yenidən bir araya gətirməliyəm. Şuşanın işğalından sonra yarısını hələ tapmamışam. Yaram isə boş şeydi, təki vətənin yarası sağalsın. Mənim yaralarım bax onda özü sağalacaq.

O, Allahverdinin UAZ markalı avtomobilində cəbhə xəttinə getdi.Mən də onlarla birlikdə...
Yolda hava telefonundan bildirdilər ki, düşmən həddən artıq güclü texnikayla hücuma keçib. Allahverdi Əhmədə:

- Mən sənin kürəyindəki qəlpə yarasını gördüm. Dərindədir, müalicəni davam etdir. Sən hərbi mütəxəssis kimi ordumuza lazımsan.

- Sən mənim kürəyimdəki yaranı gördün. Bəs ayağımdakı yaranı görsəydin nə edərdin?!

- Yaxşı, onda həkimə niyə göstərmədin, heç olmasa yarana yenidən sarğı qoyardı.

- Həkim görsəydi məni xəstəxanadan buraxmazdı ki. Elə orda saxlayardı.


Onlar beləcə söhbətləşərək atışma olan yerə çatdılar.
Əhməd:
- Məni Milli Ordu əsgərlərinin döyüşdüyü yerə apar. Orda tank görürəm.
Əhməd onlara yaxınlaşan ordu komandiri ilə görüşdü. O, Milli Ordu əsgərlərinin arasından tanıdığı, təlim keçdiyi üç nəfəri seçdi və “o biri tankın heyətini boşaldın. Nankor və vəhşi erməni mövqelərini bir saata bu tankla darmadağın edəcəm”, - deyərək düşmən tərəfin mövqelərini göstərdi. “Bu tank azı bir saatdan sonra oranı keçəcəkdir”, - deyə əlavə etdi.

Allahverdi onlardan aralanaraq sağ tərəfdən hücuma keçən erməni mövqelərinin qarşısını almaq üçün öz dəstəsinə doğru yaxınlaşdı. Əhməd isə özünə mövqe seçərək tankın sərrast atəşi ilə erməni mövqelərini bir-bir sıradan çıxarmaqda idi. Bir neçə atəşin hamısının dəqiq hədəfə dəydiyini və xeyli sayda texnikasının sıradan cıxdığını görən düşmən tərəf geri çəkilməyə başladı. Ordu komandiri əsgərlərimizə: - Gördünüz, tankımız düşmənə necə zərbə vurdu! Atdığı mərmilərin hamısı hədəfə dəyirdi, - dedi.

Əhməd tankla düşmənin üstünə doğru irəliləməyə başladı. Geri qaçan düşmənə yenə ağır zərbələr endirməkdə davam edirdi. Tank düşmənin səngərini keçdi və necə oldusa bir andaca motoru kilitləşdi. Əhməd motoru nə qədər işə salmağa çalışsa da, alınmadı. Tank elə yerdə qalmışdı ki, dərənin aşağısına doğru atəş açmaq mümkün deyildi.Düşmən isə dərə aşağı qaçmağa davam edirdi. Onlar tankın hərəkət etmədiyini gördülər. Tank onları vurmaq üçün istiqamətini dəyişərək dərə aşağı çevirməli idi. Amma hərəkət mümkünsüz idi. Düşmən tankın susduğunu görərək,avtomat və pulemyot tipli silahlardan daha kəskin və şiddətli atəş açmağa başladı.
Əhməd və tankdakı əsgərlərimiz tankın erməniləri vura bilməyəcəyini görərək,oz avtoat silahları ilə düşmənlə 20 dəqiqə atışdılar. Əhməd və bir yoldaşı yaralandı. Onların güllələri tükənmək üzrə idi. Buna görə də tankı orada qoyaraq, arxaya çəkilməyə məcbur oldular. Nəhayət öz səngərlərimizə çatdılar.
Orada mən Əhmədə yaxınlaşdım. Qolundan qan axdığını demək istədim. O isə mənə baxmadan tankın getdiyi izə doğru təşvişlə yüyürərək nəyəsə baxırdı. Mən bir az da ona yaxınlaşdım.
- Sən müxbirsən? – deyə soruşdu. – Tarıxçiyəm, - dedim.
–Lap yaxşı, - deyərək komandiri səslədi. Yerdəki motor yağını göstərərək: - baxın, dedi, - motorun yağıdır bu. Eşitmişdim, amma inanmazdım ki, dəstəmizdə əsgərimizin qorxaqlığı ola. Tankın altını açıblar ki, yağ yerə axsın, bir müddətdən sonra tank dayansın, düşmən uzərinə yaxınlaşmasınlar ki, dıgalar bunları vurarlar. Motor demək buna görə kilidləşib, bizi yarı yolda qoydu. Ay sənin, xain, murdar, nankor...

O, beləcə deyinərək yağ izi ilə bir qədər də irəli getdi.
- Hanı tank heyəti? Onların hamısını hərbi tribunala vermək lazımdır. Bu xainlərə görə bir tankımızı itirdik. Özü də necə bir tank! Heç bilirsiz o tankın biri neçəyə başa gəlir? İndiki ağır şəraiti də nəzərə alsaq, görün bu nə deməkdir?! Hələ bunlar bir yana qalsın, az qala həyatımızdan olacaqdıq.

Əhməd ordu komandirinə dedi ki, tank heyətindəki xaini tapmaq üçün hamısının əllərini bağlayıb lazımı oraqanlara təhvil versin.
- Özünüz gördünüz ki, bir tankla neçə erməni texnikaslnı siradan çıxartdıq, neçə canlı qüvvə məhv etdik, amma bir xainə görə hələ nələri itirə bilərdik.

Mən Əhmədi izləyirdim. O, düşmən mövqelərini müşahidə edirdi. Öz nəzarət məntəqəmizdə bir yüksəkliyə qalxaraq, durbinlə baxırdı. Mən ona yaxınlaşdım, dedim ki, sən yaralanmısan, hələ də qolunda qan izləri var. Nədən inad edirsən, səni həkimə aparmaq lazımdır.
O isə mənə baxıb cavab verdi:
- Sən tarixçisən, get işinlə məşğul ol, sənin cəbhə bölgəsində nə işin var...
Mən ona bildirdim ki, ilk dəfə qaynar bölgədə döyüş gördüm, oğullarımızın, sizin göztərdiyiniz şücaətin şahidi oldum. Bunlar bizim tariximizdir. Mən də bu gördüklərimi, müşahidə etdiklərimi qələmə alacam. Sənin bir andaca düşmənin neçə texnikasını sıradan çıxardığını öz gözlərimlə gördüm, hansı ki, o texnikayla nankorlar daha neçə ərazilərimizə hucum edə bilərdilər.

Əhməd isə əliylə o texnikanı göstərərk dildirdi ki, onlar hamısı 366-cı motoatıcı alaya məxsusdur, ermənilərə miras qalıb. Söhbətin bu yerində fürsətdən istifadə edərək onun qolunu sarıdım.
           
Əhməd Mehbalıyev hələ uzaqlara baxmaqda davam edirdi. Dedim ki, axı ermənilər sakitləşib, döyüş dayanıb, indi nəyə baxırsan, maraqlıdır. O isə durbini mənə uzadaraq “ermənilərə “hədiyyə” etdiyim tanka diqqətlə bax, nə görsən mənə də danışarsan” dedi.

Mən durbini götürüb döyüş zolağında qalmış tankı axatardım. Odur görsəndi. Bu zaman Əhməd arxası üstə yerə uzandı. Mən isə gördüklərimi nəql etməyə başladım:
- Aha, bir, iki... düz beş erməni tanka yaxınlaşır. Catdılar. Tankın o üz, bu üzünə keçirlər. Və tankı qurdalamağa başlayırlar. Yəqin işə salmaq istəyirlər.
Əhməd mənə:
- Tarixçi, diqqətlə bax, belə fürsətin bir də olmayacaq. İndi nə görürsən?
Yenidən baxdım:
- Bir erməni də tankı yaxınlaşır. O birilər tankı islətməyə calışırlar.

Tankımız onların mövqeyində qalmışdı deyə, ermənilər rahatlıqla var-gəl edir, isləyə bilirdilər. Erməni  əsgərlər çoxaldılar. Ora bir tank da yaxınlaşdı. Elə bu vaxt bizim tank partladı. Oraya yaxınlaşan erməni tankı da sıradan çıxdı, erməni əsgərlərin hərəsi bir yana sərildi. Mən həyəcan və təşviş içində soruşdum:
- Nə oldu orda elə?
Heç demə Əhməd tankın əldən çıxacağını yəqin edərək mərmilər olan yerinə partlayıcı yerləşdiribmiş.

Mən ilk dəfə idi canlı döyüş görürdüm, hətta çox qorxmuşdum, həyacanlı idim. Amma elə mövqedə qərar tutmuşdum ki, yerim təhlükəsiz idi. Uzaqdan müşahidə edirdim. Atışma zamanı güllə yağış kimi yağırdı. Amma Əhməd qorxmadan döyüşü davam etdirir, düşmən mövqelərini məhv etmək üçün yer seçir, sözün əsl mənasında cəsarət nümayiş etdirirdi.

Döyüşdən sonra sohbət vaxtı Əhməd mənə dedi ki “tarixçi, həyatda qorxmayan adammı var?! İlk günlər mən də qorxurdum. Amma zaman keçdikcə və düşmən tərəfin amansızlığını görüncə o qorxu hissi yavaş-yavaş yerini qəzəbə, nifrətə verdi. Qisasçılıq adamın gözünü bağlayır, can yada düşmür”.

Sözün düzü, mən Vətənimizin belə qəhraman oğulllarıyla qürur duyurdum. Belə igidləri olan xalq basılmaz, məğlub olmaz, namərdlərə boyun əyməz. Amma bunlarla yanaşı, Şuşada, Xocalıda və başqa yerlərdə gedən döyüşlərdə məğlubiyyətimizin səbəblərini düşündüm. İlk gəldiyim qənaət bu oldu ki, məğlubiyyətə əsas səbəb orduda nizam-intizamın çatışmaması, vahid komandanlığın olmamasıdır.Bir əsgərimizin qorxaqlığı nəticəsində az qala zabitimizi itirəcəkdik. Amma igidlik azdır. Nizamlı olmaq, bir komandaya tabelik əsas şərtdir. Əhməd kimi oğullarımızı bir xəyanətkara görə itirsən qalibiyyətdən söz gedə bilməz. Əhməd tankı işləmədiyi halda erməni əsgərlərinin atəşindən yayınaraq yüngül yaralanmaqla azad ola bildi. Bax bir xəyanət gör nə ilə nəticələnə bilərdi, Əhmədin yerinə təcrübəsiz biri olsaydı nələr olardı...

Əhməd deyirdi ki “ermənilər beş ay əvvəl Şuşaya hücuma keçmişdilər. Hücumun qarşısı alındı. Düşmən qaçmağa məcbur oldu. Mənim tankım ən qabaqda idi. Biz ermənilərin üzərinə doğru irəlilədik. Bu zaman 366-cı alayın peşəkar artilleriyası ermənilərə köməyə gəldi. Mənim tankım vuruldu, bir tərəfi “sepi” tamam yerindən çıxdı. Beləliklə texnikamızı bir-bir vururdular. Biz geri çəkiləyə məcbur olduq. Tank təbii ki orada qaldı. Onda da mən tanka partlayıcı yerləşdirdim. Oranı tərk etdik. Və kənardan izləməyə başladıq. Gördük ki, tanka təxminən 10 nəfərə yaxın bir dəstə yaxınlaşdı. Onlar tankı yerindəcə nizamlayıb alaya aparmaq istəyidi. Aralarında rus əsgəri də vardı. Tankın “sepini” yerinə saldılar. Tank yerindən tərpənər-tərpənməz partlayıcı işə düşdü. Tank partladı. Erməni tərəf xeyli itki verdi. İki rus əsgəri yerindəcə öldü, biri isə yaralandı. 

Həmin gün axşam Rusiya televiziyasının “Vesti” proqramı Moskvadan xəbər yayımladı. Guya Şuşadan atəş açıblar. Mərmi 366-cı alayaın bazasına düşüb, iki rus əsgəri həlak olub, biri isə yaralanıb”.

Mən eşitdiklərimi, gördüklərimi qeyd edirdim... Onda da ağır döyüşlər getdi. Düşmən xeyi itki verərərk, geri çəkildi. Amma təəssüf ki, çoxlu yaralıız var idi. Mən də onları yüksəklikdən endirməkdə, hərbi maşınlara yerləşdirməkdə kömək edirdim. Əlimdəki qeyd dəftərçəsinə yaralanan əsgərlərin qan ləkələri düşmüşdü.

Hərdən elə olurdu ki, fikirlər məni uzaqlara aparırdı. “Bütün bunlar nə üçündür?” deyə özümə sual da verirdim. Ayılırdım ki, axı mən baxdğım hər hansı filmin kadrları deyil. Canlı insanların bir-birini məhv etməsini izləyirəm. Gah da əsgərlərimizə baxırdım. onların əlindəki silah, mənim əlimdə isə qələm-dəftər. Bir anlığa əsgərlik illərimi xatırladım. 1984-cü ildə orta məktəbi bitirib Moskva Avtomobil Nəqliyyatı İnstitutuna qəbul olundum və oradan da hərbi xidmətə çağırıldım...

Almaniyanın Verder şəhərində müdavim kimi tədris kursunu başa vurduqdan sonra Veymarın Nora qəsəbəsində 8 qərargahdan ibarət rabitə batalyonunda xidmət elədim. Məni, məxfi sənədlərlə tanış etdikdən sonra radiostansiyanın rəisi vəzifəsinə təyin elədilər: 18 yaşında 22 nəfərlik radiostansiya heyətinə rəhbərlik edən ilk qafqazlıydım. Ora SSRİ-nin ən məxfi rabitə sahəsi sayılırdı. Əsgərlik illərimdən ən maraqlı bir hadisə yadıma düşdü: Hərbi hissəmizdən uzaqda hərbi təlim zamanı bizim maşın meşənin içində xarab oldu. Gecəni meşədə qaldıq. Sabahkı gün çox acmışdım. Bizə ehtiyat üçün sala, bir də çörək vermişdilər. Mənsə sala yemirdim, silahımı götürüb meşəyə getdim. Güclü qar yağırdı. Xeyli getmişdim ki, qarşıma bir sürü ceyran cıxdı. Silahımı hazırladım, amma atəş açmağa əlim gəlmədi. Üç gündən sonra bizi tapdılar. Hərbi maşını təmir elədilər və biz oranı tərk etdik.

Bununla məqsədim əsgərlik illərini xatırlatmaq deyildi. Demək istədim ki, mən ac olduğum halda və bilərək ki, ov etməklə bu aclıqdan yaxa qurtaracaqdım, yenə də bir heyvana güllə atmağa əlim gəlmədi. Amma soysuz ermənilər Xocalıda nə vəhşiliklər törətdi. Hələ mən gördüklərim o hadisələrin bir hissəsi idi.
Mən bir tarixçi olduğumu unutdum. Əlimə silah götürüb düşmənə aman verməyən bir döyüşçü, bir hərbçi olmaq istədim. Bu gördüklərim mənə o qədər təsir eləmişdi ki, Ağdama ikinci gəlişimdə  tarixçi kimi yox, məhz döyüşçü kimi xidmət etmək istəyirdim.

Milli Ordunun zabiti, dəstə komandiri mənə yaxınlaşaraq:

- Tarixçi sənsən? Allahverdi yaralıları xəstəxanaya apardğına görə təcili gedəsi oldu. Səni qərargahda gözləyir. Mənim maşınımla gedəcəksən, sürücüm gözləyir. Mən onun avtomobilinə əyləşdim. Əhmədə deyəndə ki, axı sən yaralısan. Həkimin ddiklərini özüm esitdim, hələ bu gün də üstən bir də yaralanmısan, birlikdə gedək, sənə müalicə lazımdır, o neynəsə yaxşıdır?! Mən maşına əyləşəndən sonra “sən get tarixçi qardaş, mən bu xainləri cəzalandırmasam, ürəyim partlayar”, - dedivə qapını optdü.
           
Mən qərargaha gəldim, oradan isə Bakıya. Bu 5 gündə nələrə şahid olmadım?! Yemək-içməyi, yuxumu da unutmuşdum az qala. Avtomobildə elə yatmışam ki necə gəldiyimdən xəbərsiz olmuşdum, bir də o vaxtacan ki, sürücü dedi Bakıdayıq artıq. Nəhayət evə gəldim. Amma orda qoyub gəldiyim əlacsız, köməyə ehtiyacı olan insanlar gözlərim önündən getmirdi. Onların taleyi məni çox maraqlandırırdı. Ağdamda olduğum beş gün ərzində Əhməd Mehbalıyevlə beş saat birgə qaldım. Onun necə qəhramanlıq göstərdiyinin canlı şahidi oldum.

Əhməd Mehbalıyev haqqında hər zaman düşünürdüm. O yaddaşımda elə bir iz buraxmışdı ki. xatırlamaya, maraqlanmaya bilməzdim.Lakin bir il keçməmişdi ki, onun şəhid olduğunu öyrəndim. Çox üzüldüm. Gedib soraqlayib komandirini tapdım. Əhmədin son döyüşləri haqda məlumat almaq istəyimi bildirdim. O isə şəhid olmuş qəhrəmanımızın son əməliyyatlarda iştirakı haqqında bunları dedi:
- Bir il olardı ki, birlikdə vuruşurduq. Çox komandirlər görmüşdüm. Amma Əhməd kimi, döyüş vaxtı özünü heç nəyə baxmadan odün-alovun içinə atan görməmişdim. Sanki sıravi döyüşçü idi. Dəfələrlə çıxılmaz vəziyyətdə qalan tağımı səriştəsi və bacarığı hesabına itkisiz xilas etmişdi. Heç vaxt özünü gözləmirdi. Elə axırıncı döyüşdə də qəhrəmancasına vuruşdu. Ağır yaralansa da, döyüşdən çıxmadı. Ağdamın Qızıllı-Kəngərli kəndindəki döyüşü daha ağır keçdi. Düşmən həddən artıq güclü texnika ilə hücuma keçmişdi. Əhməd idarə etdiyi tankla bir neçə saat bu hücumun qarşısını ala bilsə də, özü barədə düşünmədi. Sentyabr ayında 25 yaşı tamam olacaqdı, onu vaxtsız itirdik...
25 iyun 1993-cü il Əhmədin son döyüşü oldu. O, düşmənlə açıq döyüşdə qəhrəmancasına şəhid oldu.

Azərbaycan Respublikası Prezidentinin 25 iyun 1994-cü il tarixli fərmanı ilə Əhməd Mehbalıyev “Azərbaycan Bayrağı” ordeninə (ölümündən sönra) layiq görüldü.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı