Xəzər dənizində suyun səviyyəsinin azalmasının bulvarın vizual görüntüsünə təsirləri müşahidə edilir, ayrı-ayrı hissələrdə quru torpaq sahələri meydana çıxır.
Modern.az xəbər verir ki, bunu Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sədri Xanlar Ağalarov Report İnformasiya Agentliyi və "ARB" telekanalına geniş müsahibəsində deyib.
Onun sözlərinə görə, son bir neçə il ərzində Xəzər dənizində suyun səviyyəsinin azalması müxtəlif müstəvilərdə müzakirə edilir:
"Artıq sirr deyil ki, son bir neçə il ərzində Xəzərdə suyun səviyyəsinin aşağı enməsi Bakı bulvarında da müşahidə edilən bir prosesdir. Ekoloji təsirlərlə yanaşı, Dənizkənarı Bulvar İdarəsinin ərazinin infrastrukturunun, gələcək planların qurulması ilə bağlı bir neçə istiqamətdə yeni çağırışlar meydana çıxarır. Ardıcıllıqla məsələyə yanaşdıqda, suyun səviyyəsinin enməsi bulvarda ilk növbədə gəmiçilik, gəzinti gəmilərinin fəaliyyəti və yanalma infrastrukturu ilə bağlı öz təsirlərini göstərdi".
Sədr qeyd edib ki, suyun çəkilməsi ərazinin vizual görüntüsünə təsir edir:
"Əgər Bakı buxtasının bulvar ərazisinə düşən hissəsində tarixən suyun müəyyən dərinliyinin olması səbəbindən şaquli azalması müşahidə edilirdisə, son bir neçə il ərzində üfüqi istiqamətdə suyun geri çəkildiyi müəyyən ərazilər ortaya çıxır. Artıq bulvarın ayrı-ayrı hissələrində quru torpaq sahələrinin görüntüləri meydana çıxır. Bu, bilavasitə sahil idarəetməsi, landşaftın uyğunlaşdırılması, qurumuş ərazilərin Bakı bulvarının ümumi landşaft dizaynına uyğunlaşdırılması ilə bağlı müxtəlif məsələləri ortaya çıxarır".
Xanlar Ağalarov deyib ki, suyun səviyyəsinin azalması bilavasitə və ya dolayı yollarla Bakı buxtasının ekoloji vəziyyətinə də təsir göstərir:
"Bu problem orta temperatur göstəricilərinə təsirsiz ötüşmür. Bakı buxtasının xüsusi formasını nəzərə alaraq bura suyun daxilolma cərəyanının dinamikası, suyun hərəkəti, mikroorqanizmlərin balansı, yosun kütlələrinin artımı ilə bağlı müxtəlif müşahidələr görünür. Bildiyiniz kimi, suyun səviyyəsinin mövcud dayazlaşma həddi ərazidə təmizlənmə işlərinə də təsir göstərir. Gələcək perspektivlərlə bağlı planlarda Bulvar İdarəsi yalnız stabil sahil xəttinin idarəetməsi deyil, icra edilən, planlaşdırılan bütün layihələrlə bağlı müxtəlif ssenarilərə əsaslanan, suyun dəyişmə dinamikasına əvvəlcədən təsirlərini mitiqasiya edə biləcək müxtəlif adaptiv memarlıq həllərinin, adaptiv infrastrukturun qurulması və tətbiq edilməsi ilə bağlı yanaşmanı ortaya çıxarır".