AYB üzvü, M.Kaşqarı adına Beynəlxalq Fondin vitse-prezidenti
Budəfəki səfərimdə düyanın ən gözəl yerlərindən biri olan Qafqaz Albaniyası dövrünə aid qədim Hunan şəhəri ilə üzbəüzdə yerləşən uca bir dağ diqqətimi cəlb etdi. Həmin dağın zirvəsinə çıxıb o yüksəklikdən Hunan şəhərinə baxmaq istədim. Əlimi o uca dağa uzadaraq, mənimlə yol yoldaşı olan meşəbəyiyə ora çıxmaq istəyimi bildirdim. O dedi ki, “sizinlə dağlara qalxmaq çox maraqlıdır, sizin sayənizdə təbiət möcüzəsi olan 7 mərtəbəli şəlaləni gördüm. Amma indi ehtiyatlı olmaq lazımdır. Bu ərazi yaşayış yerindən xeyli uzaqda olduğundan canavarlar adama hücum edir. Hərəmizin əlində bir ağac olmalıdır. Cüyür sürüsüylə də elə o dağın ətəyində rastlaşacağıq. Yolları da təhlukəlidir, hər tərəfi uçurumdur. Qarşıda 10 saatlıq bir yolumuz var”.

Həmin dağı aşdıqdan sonra Şəmkir rayonunun ərazisi ilə dərənin dibinə düşüb, yenidən Abdal çayını keçib, yamacları uçurumlarla dolu bir dağın zirvəsinə qalxmağa basladıq. Çox çətin, təhlükəli uçurumu olan yollarla rastlaşdıq. Bura öz gözəl havasından tutmuş hər cığırına, izinə, bulağına, zirvələrinə qədər tam bir təbiət möcüzəsi idi. Kəklikotunun iyi ilə qarışıq havanın təmizliyi mənə həmişəki kimi belə yerlərdə olarkən siqaret çəkməyi unutdurmuşdu. Möhkəm siqaret çəkən olsam da, bu cür yerlərdə tütünün iyi gələndə özümü pis hiss edirəm. Mən saatlar ərzində dağların zirvəsinə qalxa-qalxa qədim Hunan şəhərinin qalıqlarına tamasa edirdim. Çətinliklə də olsa, yüksəklikdən qədim şəhərə baxırdım. Sonuncu axtarışımda həmin şəhərin yolunu tapmışdım - yol çaya doğru enirdi. Bu yüksəklikdən isə yolun qalan hissəsini müşahidə edib, digər hissəsini tapdım ki, həmin yol çaya çatmamış sağa burulurdu.
Məzuniyyətimin son günləri olduğuna görə mən yolun hansı istiqamətdə getdiyini qeyd elədim və vaxtımın azlığından o yolu gedə bilmədim. Bunun üçün bir neçə gün lazım idi. Yüksəklikdə dayanıb bir saat ərzində qədim şəhərə baxdım. Meşənin içində açıq bir tala aydınca görsənirdi. Mən indi dağın döşündəki müqəddəs Ay məbədinə baxırdım . Bu yerin altında qalan şəhər bizim tariximizdir - deyə fikirləşirdim... Düşünürdüm ki, qədim Albaniyanın köklü sakinləri, ölkədə aparıcı rola malik olan abdallar tarixdə böyük iz qoymuş türkdilli tayfalardır. Osmanlı arxivində abdallar və Səfəvilər haqqında çoxlu məlumatlar var. Amma abdallar barəsində nədənsə çox az tarixçimiz araşdırma aparıb. Osmanlı arxivindən istifadə edilməyib.
Qeyd etdiyim kimi, məzuniyyətimin son günləri olduğundan çox kədərlənmişdim. Bu yerlərdən getmək istəmirdim, ulu babalarımızın yaşadığı, yaradıb bizlərə miras qoyduğu müqəddəs yerlərdən ayrılmaq istəmirdim. Amma hava qaraldığından yola çıxmaq lazım idi. Dincimizi aldıqdan sonra meşəbəyinə dedim ki, gəldiyimiz yerdən yox, dağın başqa bir tərəfindən düşəcəyik. O isə bildirdi ki, həmin tərəfdən həm uzaqdır, həm də orada yol olduğundan xəbəri yoxdur, o yolla heç vaxt enib-qalxmayıb.
Biz razılığa gəldik və dağın mən göstərdiyim tərəfindən enməyə başladıq. Qarşımıza cüyür sürüsü çıxdı, vəhşi heyvanlar gördük. Bir canavar yüksəklikdən sanki bizi izləyirdi, insanları görüb qaçmırdı. Elə bil mən onun fikirlərini oxuyurdum - o, bizə demək istəyirdi ki, bu yerlər bizim ərazimizdir, gedin burdan...
Biz əlimizdə ağac parçası dağı enə-enə bir gözümüz də canavarda idi. İki saat olardı ki, yol getmişdik, suyumuz qurtarmışdı. Qarşımıza bir çeşmə çıxdı, dağlardan süzülən bulağın suyunu gördük. Özümüzü bulağa verib, doyunca su içdik. Bu dəfə dedim biz bu bulağın mənbəyinə gedək. Ordan- düz bulağın qaynadığı yerdən su içək. Biz yüksəkliyin yarısını enmişdik. Çox yorulmuşduq, dedim, bu bulaq dağın lap zirvəsindən qaynamır yəqin. Yorğun olsaq da, dağa qalxmağa başladıq. Axan bulaq suyunun izi ilə bir saat getmişdik ki, bir də baxdıq bulağın qaynadığı yerin özü də bir möcüzədir: çeşmə 10 metrlik bir daşın üstündə şəlalə kimi süzülür... Hamımız bu gözəlliyi görüb sevindik. Nə yaxşı ki, bura gəlib canımızdakı bütün yorğunluğu çıxardıq. Sonra meşəyə diqqət yetirib, bir tərəfində hektarlarla qoz ağacı gördüm. Ətrafa nəzər yetirib belə bir qənaətə gəldim ki, bu yerlər nə zamansa yaşayış məskəni olubdur. Çeşmənin 10 metrliyində qarşımıza eyni arxitekturası olan, nisbətən kiçik, ikinci bir Ay məbədi çıxdı. Həmin məbədin bir hissəsi uçsa da, qalan hisssəsi salamat qalmışdı. Ora yaxınlaşdım. Bu, 4 mindən artıq yaşı olan, xristianlıqdan əvvəl tikilən Ay məbədi idi. Məbəd dağın elə bir yerində tiklimişdi ki, ondan 10 metr uzaqlaşanda ağacların arasında itirdi. Necə deyərlər, ağaclar öz qanadlarının arasında məbədi gizlətmişdi. Beləcə, tariximizin gizli qalmış daha bir parçasını- qədim bir məbədi də aşkar etməyə nail oldum.
Unutmamalıyıq ki, Azərbaycanın yurd yerlərinin, milli-mənəvi coğrafiyasının mühüm elementi olan adları zaman-zaman dəyişdirilərək erməniləşdirilib. Saxtakar qonşularımız bu gün də öz tamahkar əməllərini davam etdirirlər. Üstəlik torpaqlarımızda olan qədim abidələri və tarixi tikililəri dünyaya ermənilərin maddi-mədəni abidələri kimi təqdim edirlər. Biz niyə əliboş oturaq?!
Məzuniyyət vaxtımın qurtarmağına az qaldığından araşdırma aparmaq üçün də vur-tut bir neçə günüm qalmışdı. Buna görə də gün ərzində onkilometrlərlə olsa da, piyada yol qət edərək şəhərin ətrafını gəzməyə macal tapmalıydım. Bunu etmək üçün özümə söz vermişdim. Bu müddət ərzində müqəddəs Ay məbədini və onun ətrafındakı 7 məbəddən ibarət böyük bir tikinti kompleksini, həmçinin alban abdalları ilə bağlı məlumatlar əldə etməyə müvəffəq oldum. Gəldiyim nəticə budur ki, Atillanın nəvələri uzun illər bu dağlarda məskunlaşıblar. Atilla ordusunun etibarlı sərkərdələri də məhz abdallardan olub.
Arxivlərdə abdalların türkdilli olması barədə yüzlərcə faktlar, sənədlər var. Qədim türk soylarından olan abdalların Ön Asiya və Qafqazda məskunlaşması barədə tarixi mənbələrdə xeyli məlumatlar mövcuddur. Yazılmayan mənbələr isə bizim xeyli zəngin olan tariximizin arxeologiyasıdır ki, biz arxeololoji qazıntılar nəticəsində bu barədə bilmədiklərimizi öyrənirik.
Albaniyada əhali müxtəlif dillərdə (I əsr müəllifinə görə, 26 dildə) danışırdı. Onlardan biri də ən qədim türk tayfası, dağ oğuzlarından ibarət bir nəsildən olan türkdilli abdallardır.
İndi isə qısaca da olsa, həmin tapıntıların məskəni olan Tovuzun cənnət guşəsi Xınna dərəsindən söz açaq. Xınna dərəsi öz füsunkar təbiəti, təmiz havası, bumbuz bulaqları, əzəmətli dağları, qalın meşələri və qədim qalaları ilə əsl cənnəti xatırladır. Orda Hunan şəhəri öz sirli-sehirli aləmi ilə qarşımızda durmuşdu. Bu,doğrudan doğruya əsl möcüzə idi. Ayaqlarım yerə yapışıb qalmışdı. Yerin altında 200-dən artıq evin, məbədin, sarayların təməli vardı. Üstündən ötüb keçən əsrlər şəhəri yer üzündən silməyə çalışsa da, buna gücü çatmamışdı.