Milli Məclis Azərbaycan hökuməti ilə Qırğızıstanın Nazirlər Kabineti arasında beynəlxalq avtomobil əlaqələri haqqında sazişi təsdiqləyib.
Modern.az xəbər verir ki, bununla bağlı qanun layihəsi parlamentin bu gün keçirilən plenar iclasında müzakirə olunaraq qəbul edilib.
Saziş 2026-cı il iyulun 31-də Çolpon-Ata şəhərində imzalanıb. Sənəd iki ölkə arasında avtomobil əlaqələrinin və tranzit daşımalarının inkişafını, daşıma şərtlərinin sadələşdirilməsini nəzərdə tutur.
Saziş yük və sərnişinlərin, o cümlədən turistlərin müntəzəm və qeyri-müntəzəm avtomobil daşımalarını əhatə edir.
Müntəzəm avtobus reysləri tərəflərin səlahiyyətli qurumları arasında əvvəlcədən razılaşdırılacaq və illik icazə əsasında həyata keçiriləcək. Marşrut, hərəkət cədvəli, tariflər və dayanacaqlar barədə məlumatlar qarşı tərəfə təqdim olunacaq.
Yük daşımaları üçün də icazə sistemi nəzərdə tutulur. Bununla yanaşı, poçt göndərişlərinin, köç zamanı əmlakın, təbii fəlakətlərdə yardım üçün tibbi avadanlıq və dərmanların daşınması kimi hallarda həmin icazələr tələb olunmayacaq. Təhlükəli, ağırçəkili və iriölçülü daşımalar üçün isə xüsusi icazə alınmalıdır.
Saziş üzrə Azərbaycan tərəfinin səlahiyyətli qurumu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyidir.