Azərbaycanda balıqçılıq sahəsində yoxlamaların aparılmasına icazə verilir.
Modern.az xəbər verir ki, bununla bağlı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” və “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanunlara dəyişikliklər Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilib.
Dəyişikliklə balıqçılıq sahəsində nəzarətlə bağlı yoxlamalar sahibkarlıq yoxlamalarının dayandırılmasına dair məhdudiyyətin istisnaları sırasına daxil edilir.
Həmçinin heyvandarlıq, quşçuluq, balıqçılıq təsərrüfatları və aqroparkların layihələndirilməsi zamanı ətraf mühitə təsirin qiymətləndirilməsinin tələb olunduğu hədlər müəyyənləşdirilir.
Heyvandarlıq müəssisələrində layihə üzrə saxlama tutumu 1000 baş iribuynuzlu heyvan ekvivalentinə, quşçuluq müəssisələrində isə 40 min baş toyuq ekvivalentinə bərabər və ya daha çox olduqda qiymətləndirmə tələb ediləcək.
Balıqçılıq, o cümlədən akvakultura təsərrüfatlarında bu tələb illik əldə olunan balıq məhsullarının, balıq və digər su bioresurslarının ümumi çəkisi 500 ton və ya daha çox olduqda tətbiq ediləcək.
Aqroparklar üçün də müvafiq fəaliyyət növləri üzrə həmin hədlər əsas götürüləcək.
Məsələ səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.