“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin təsdiq edilməsi barədə qanun layihəsi parlamentin müzakirəsinə təqdim olunub.
Modern.az xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.
Müqavilə 2026-cı il iyulun 31-də Çolpon-Ata şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov tərəfindən imzalanıb.
21 maddədən ibarət sənəd iki ölkə arasında əməkdaşlığın müttəfiqlik səviyyəsinə yüksəldilməsini nəzərdə tutur. Münasibətlər bərabərlik, müstəqilliyə, suverenliyə və ərazi bütövlüyünə qarşılıqlı hörmət prinsiplərinə əsaslanır.
Müqaviləyə görə, tərəflər bir-birinə qarşı yönəlmiş bloklarda iştirak etməmək, strateji tərəfdaşlığa və müttəfiqlik münasibətlərinə xələl gətirən fəaliyyətlərdən çəkinmək öhdəliyi götürürlər.
Tərəflərdən birinin qənaətinə görə üçüncü dövlətlər tərəfindən silahlı hücum təhlükəsi yarandıqda, ölkələr dərhal məsləhətləşmələr aparacaq, beynəlxalq öhdəliklərini və milli qanunvericiliklərini nəzərə alaraq bir-birinə zəruri yardım göstərəcəklər.
Sənəddə hərbi və hərbi-texniki əməkdaşlığın genişləndirilməsi, birgə əməliyyat və döyüş hazırlığı tədbirlərinin keçirilməsi, hərbi kadrların hazırlanması üzrə qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi də nəzərdə tutulur.
Bundan başqa, energetika, nəqliyyat, logistika, rəqəmsal inkişaf, kənd təsərrüfatı, turizm, təhsil və digər sahələrdə əməkdaşlıq inkişaf etdiriləcək. Tərəflər Azərbaycan–Qırğız İnkişaf Fondunun potensialının artırılması üçün də səylər göstərəcəklər.
Müqavilə ratifikasiya ilə bağlı sonuncu yazılı bildirişin diplomatik kanallarla alındığı tarixdən qüvvəyə minəcək.