Modern.az

Avtomobil və motosiklet toqquşub, 2 gənc ölüb 

Avtomobil və motosiklet toqquşub, 2 gənc ölüb 

Ölkə

Bu gün, 12:50

Masazır–Novxanı istiqamətində “Kia Rio” markalı avtomobillə motosiklet toqquşub. Bu zaman motosikletdə olan 2 gənc hadisə yerində həyatlarını itirib. Motosikleti idarə edən şəxsin sürücülük hüququ olmayıb. Sosial şəbəkələrdə yayılan əvvəlki görüntülərdə gənclərin motosikletlə təhlükəli hərəkətlər etdiyi əks olunub.

Modern.az xəbər verir ki, bu barədə "Azərtac"a Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin təhlükəsizliyi şöbəsinin rəisi Rövşən Tağıyev məlumat verib.

“Bu faciə bir daha göstərir ki, sürücülük hüququ olmadan motosiklet idarə etmək, yüksək sürətlə hərəkət etmək və təhlükəli manevrlərə yol vermək ağır nəticələrə səbəb ola bilər. Həmin görüntülərin sosial şəbəkələrdə paylaşılması təhlükəli davranışların yayılmasına və başqalarının da belə hərəkətlərə meyillənməsinə zəmin yarada bilər. Motosikletlə təhlükəli hərəkətlər etmək nə cəsarət, nə də bacarıqdır, bu, həm özünün, həm də ətrafdakıların həyatını riskə atmaqdır”, - deyə o vurğulayıb.

Rövşən Tağıyev diqqətə çatdırıb ki, ictimai yol yarış meydanı, təhlükəli manevrlər isə izləyici və bəyənmə toplamaq vasitəsi deyil. Sürücü yola çıxarkən hərəkətlərinə görə məsuliyyət daşıdığını və verdiyi qərarların başqa insanların təhlükəsizliyinə də təsir etdiyini unutmamalıdır. Sosial şəbəkələrdə qazanılan diqqət və bir neçə saniyəlik görüntü insan həyatından qiymətli ola bilməz:”Bu məsuliyyət yalnız gənclərin üzərinə düşmür. Valideynlər övladlarının nəqliyyat vasitəsini idarə edib-etmədiyinə, sürücülük hüququnun olub-olmamasına və yolda necə davrandığına diqqət yetirməlidirlər. Sürücülük hüququ olmayan şəxsin motosiklet və ya digər nəqliyyat vasitəsini idarə etməsinə imkan verilməməlidir. Gənclər isə yol hərəkəti qaydalarına əməl etməli, sosial şəbəkələrdə diqqət çəkmək naminə özlərinin və başqalarının həyatını təhlükəyə atmamalıdırlar”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Ərdoğanın müşaviri hicaba görə Bakıya çağırış etdi