Azərbaycanın müstəqil və çoxvektorlu xarici siyasəti ölkənin beynəlxalq mövqeyini möhkəmləndirir, regional və qlobal proseslərdə rolunu artırır.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Rizvan Nəbiyev parlamentin iclasındakı çıxışında bildirib.
Deputat qeyd edib ki, Prezident İlham Əliyevin oktyabrın 2-də Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səsləndirdiyi fikirlər Azərbaycanın xarici siyasətinin əsas prinsiplərini və prioritetlərini bir daha nümayiş etdirib.
Onun sözlərinə görə, Azərbaycan müxtəlif güc mərkəzləri ilə bərabərhüquqlu tərəfdaşlıq qurur və strateji qərarlarını müstəqil şəkildə qəbul edir. Çinlə hərtərəfli strateji tərəfdaşlığın qurulması, ABŞ-la strateji tərəfdaşlıq xartiyasının imzalanması və Avropa İttifaqına üzv ölkələrlə əlaqələrin inkişafı bu siyasətin nəticələridir.
Rizvan Nəbiyev Azərbaycanın qarşıdurma şəraitində olan tərəflər arasında təmasların qurulması üçün etibarlı dialoq platforması kimi çıxış etdiyini də vurğulayıb.
Deputatın fikrincə, ölkənin beynəlxalq təşkilatlarda artan fəallığı xarici siyasət coğrafiyasının genişləndiyini göstərir. O, Azərbaycanın 2024-cü ildə D-8 təşkilatına üzv qəbul edilməsini, 2025-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü formatına tamhüquqlu iştirakçı kimi qoşulmasını və Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşünün keçirilməsini bu baxımdan xüsusi qeyd edib.

Rizvan Nəbiyev bildirib ki, Azərbaycanın Türk Dövlətləri Təşkilatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çərçivəsində fəaliyyəti də çoxtərəfli diplomatiyada mövqeyini gücləndirir.
O, 2027-ci ildə Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə və İslam Əməkdaşlıq Təşkilatına sədrliyinin, İƏT-in XVI Zirvə görüşünə ev sahibliyinin beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirəcəyini söyləyib. Deputat 2028-ci ilin mayında Avropa Siyasi Birliyinin Zirvə görüşünün Azərbaycanda keçirilməsinin də ölkənin dialoq platforması kimi rolunu artıracağını qeyd edib.
Rizvan Nəbiyevin sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi regionda əməkdaşlıq üçün yeni imkanlar yaradıb. Prezident İlham Əliyevin sülh strategiyası əldə olunan nəticələrin davamlı sabitliyə, iqtisadi inteqrasiyaya və qarşılıqlı etimada çevrilməsini hədəfləyir.
Deputat dövlət başçısının IV Şuşa Qlobal Media Forumunda və YAP-ın VIII Qurultayında səsləndirdiyi fikirlərin Azərbaycanın orta güc dövləti kimi mövqeyinə dair strateji baxışını əks etdirdiyini bildirib.
Onun fikrincə, iqtisadi müstəqillik, suveren qərarvermə, milli maraqların müdafiəsi və beynəlxalq proseslərə təsir imkanları bu statusun əsas meyarlarıdır. Azərbaycanın genişlənən tərəfdaşlıqları və regional sülh təşəbbüsləri həmin mövqeyin möhkəmlənməsinə xidmət edir.