Milli Məclisin deputatı Malik Həsənov bildirib ki, bəzi xarici mərkəzlər məktəblərdə geyim tələbləri ilə bağlı müzakirələrdən Azərbaycana qarşı ideoloji təbliğat məqsədilə istifadə edirlər.
Modern.az xəbər verir ki, deputat “Ümumi təhsil haqqında” qanuna dəyişikliklər ətrafında aparılan kampaniyaya münasibət bildirərkən hicab məsələsinin bəzi qonşu ölkələrdə süni şəkildə qabardıldığını söyləyib.
Onun sözlərinə görə, həmin mərkəzlər idarə etdikləri media və sosial şəbəkə resursları vasitəsilə vətəndaşlara, xüsusilə dünyagörüşü formalaşmaqda olan uşaqlara və gənclərə təsir göstərməyə çalışırlar.
Malik Həsənov ideoloji təhlükəsizliyin təmin olunmasında təhsilin mühüm rol oynadığını vurğulayıb. O, Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı çıxışına istinad edərək bilikli və savadlı cəmiyyətin yalan məlumatlara, şayiələrə və ideoloji təxribatlara qarşı daha dayanıqlı olduğunu qeyd edib.
Deputat bildirib ki, dövlət ümumi təhsil müəssisələrində geyim tələblərinə vahid yanaşmanın tətbiqi məktəbdaxili nizam-intizamın və təşkilati mühitin gücləndirilməsinə yönəlib.
“Məktəblər təkcə bilik verən məkan deyil, həm də cəmiyyətin gələcəyini formalaşdıran, uşaqları və gəncləri birgə yaşamağa hazırlayan mühüm sosial institutdur. Vahid məktəbli forması və geyim tələbləri sosial-iqtisadi fərqlərin qarşısını almağa, həmçinin ayrı-seçkilik risklərini azaltmağa imkan yaradır”, – deyə o bildirib.
Malik Həsənovun fikrincə, şagirdlər üçün vahid forma, müəllimlər üçün isə işgüzar geyim üslubu təhsil prosesində peşəkarlıq və qarşılıqlı hörmət mühitini möhkəmləndirir. O, məktəbli formasının tətbiqinin beynəlxalq təcrübədə də geniş yayıldığını söyləyərək Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistanı nümunə göstərib.
Deputat Azərbaycanın dünyəvi dövlət olduğunu və dini etiqad azadlığının qorunmasına həssaslıqla yanaşıldığını vurğulayıb. Onun sözlərinə görə, dünyəvi təhsilin məqsədi uşağın dini kimliyini məhdudlaşdırmaq deyil, onun kənar ideoloji təsir və təzyiqlərdən qorunaraq sərbəst formalaşmasına şərait yaratmaqdır.
“Məktəblərdə vahid məktəbli geyim formasının tətbiqi dini ayrı-seçkilik deyil, təhsilin dünyəvi xarakterinin və şagirdlər arasında bərabərliyin qorunmasına xidmət edir. Məktəb uşaqların sosial status, ailənin dini baxışları və maddi imkanlarından asılı olmayaraq, özlərini bərabər hiss etdikləri məkandır”, – deyə Malik Həsənov qeyd edib.
O əlavə edib ki, İslam həmrəyliyinin təşviqi, dinlərarası dialoqun inkişafı, islamofobiya, dini radikalizm və ekstremizmə qarşı mübarizə Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindəndir.