Modern.az

Dövlət qulluğuna qəbulda süni intellektdən istifadə təklif olunur

Dövlət qulluğuna qəbulda süni intellektdən istifadə təklif olunur

Ölkə

Bu gün, 13:14

Milli Məclisin deputatı Vüqar Bayramov dövlət qulluğuna qəbul zamanı müsahibələrin daha obyektiv keçirilməsi üçün rəqəmsal alətlərdən və süni intellekt texnologiyalarından istifadə imkanlarının araşdırılmasını təklif edib.

Modern.az xəbər verir ki, deputat bu fikirləri parlamentin iclasında dövlət qulluğu ilə bağlı yeni qanunvericilik aktının müzakirəsi zamanı səsləndirib.

Vüqar Bayramov Dövlət İmtahan Mərkəzinin statistikasına istinadən bildirib ki, 2025-ci ildə imtahanlarda iştirak edən 16 253 nəfərin təxminən 30 faizi müvafiq nəticə əldə edib. Bununla belə, sertifikat alan namizədlərin bir hissəsi müsahibə mərhələsində uğur qazana bilmir.

Deputat hesab edir ki, müsahibə mərhələsinin təkmilləşdirilməsi və namizədlərin qiymətləndirilməsində müasir texnologiyaların tətbiqi qəbul prosesinin şəffaflığını və səmərəliliyini artıra bilər.

O, sertifikatların qüvvədəolma müddətinin tamamilə aradan qaldırılması əvəzinə, ən azı üç il müəyyənləşdirilməsini də məqsədəuyğun sayıb.

Vüqar Bayramov dövlət qulluqçularının əməkhaqqındakı regional fərqlərə də diqqət çəkib. Onun sözlərinə görə, 2025-ci ildə dövlət qulluqçularının orta aylıq əməkhaqqı əvvəlki illə müqayisədə 4,5 faiz artaraq 2059 manata çatıb. Lakin bəzi bölgələrdə bu göstərici ölkə üzrə orta səviyyədən xeyli aşağıdır. Deputat yeni qanunvericiliyin həmin fərqlərin azaldılmasına töhfə verməli olduğunu bildirib.

O, təhsil tələblərinin müəyyənləşdirilməsi zamanı sənədlərin təsdiqlənməsi ilə yanaşı, təhsil və kvalifikasiyaların uyğunluğunun da nəzərə alınmasını təklif edib.

Deputatın digər təklifi “pul formasında” ifadəsinin “pul ekvivalentində” sözləri ilə əvəz olunması ilə bağlı olub. Onun fikrincə, bu yanaşma gələcəkdə elektron və virtual pul alətlərinin tətbiqi zamanı qanunvericiliyə yenidən dəyişiklik etmək ehtiyacını azalda bilər.

Vüqar Bayramov dövlət qulluğunda mütənasiblik və rəqabətlilik prinsiplərinin tətbiqi üçün konkret meyarların müəyyənləşdirilməsini də vacib sayıb.

Dövlət Qulluğunu İdarəetmə Şurasının tərkibinə toxunan deputat üzvlərin sayının 18 nəfər nəzərdə tutulduğunu bildirib. O, beynəlxalq təcrübədə belə qurumların üzvlərinin sayının adətən tək olduğunu qeyd edərək məsələyə yenidən baxılmasını təklif edib.

Deputat elmi fəaliyyətin qiymətləndirilməsinin yalnız şəxsin çalışdığı sahə ilə məhdudlaşdırılmamalı, onun elmi bilikləri və müvafiq meyarlar da nəzərə alınmalı olduğunu vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Ərdoğanın müşaviri hicaba görə Bakıya çağırış etdi