Azərbaycandakı bir sıra dövlət və özəl müəssisələrdə çalışan qadınlara qarşı zorakılıq halları, diskriminasiya mövcuddur. Bəzi qeyri-hökumət təşkilatlarının nümayəndələri və hüquq müdafiəçiləri belə deyirlər. Onlar bildirirlər ki, elə iş yerləri var ki, orada qadınlar həm cinsi istismara, həm də haqsızlığa məruz qalırlar. Amma işdən qovulacaqlarından ehtiyatlanaraq bu barədə açıq-aşkar danışmaq istəmirlər.
Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova Modern.az-ın əməkdaşı ilə söhbətində deyib ki, özəl müəssislərdə qadınlar əsasən 2 problemlə qarşılaşırlar.
“Birinci problem - Əmək Məcəlləsinin kobud şəkildə pozulması, yəni analıq məzuniyyətinin qanunla müəyyən olunduğu müddətdən aşağı götürülməsidir. Məsələn, dövlət müəssisələrində qadınlara uşağın 1 yaşına qədər analıq məzuniyyəti verildiyi halda, özəl müəssisələrdə bu maksimum 3 ay müddətindədir”.
Müsahibimiz onu da bildirib ki, özəl müəssisələrdə qadınların əmək müqavilələrinin olmaması çox zaman onların qanunsuz olaraq işdən qovulmasına gətirib çıxarır.
”İkinci və ən əsas problem iş yerlərində qadınların cinsi əlaqəyə təhrik edilməsidir” - deyə vurğulayan Mətanət xanım belə halların dövlət müəssisələrinə nisbətən özəl müəssislərdə daha çox olduğunu qeyd edib.
“Dövlət müəssisələrində hüquqların müdafiəsi üçün, yaxud təhlükəsizliyin təmin edilməsi üçün daha yaxşı şərait yaradılır. Burada həm həmkarlar ittifaqının, həm də möhkəm cəmiyyətin olması bu problemin qarşısını alır. Özəl müəssislərdə isə təhlükəsizlik qanunla təmin edilmədiyi üçün qadınlar cinsi zorakılıqla daha tez-tez qarşılaşırlar”.
Mətanət Əzizova deyib ki, dövlət müəssisələrində qadınlar daha çox Əmək Məcəlləsinin pozulması halları ilə rastlaşırlar, bu da əmək müqaviləsinin düzgün tərtib edilməməsi və nəticədə qanunsuz işdən çıxarılma hallarına səbəb olur. Məsələn, hamilə qadınların işdən çıxarılması qanuna ziddir.
Bu cür qanunazidd halların daha çox təhsil ocaqlarında müşahidə olunduğunu bildirən Mətanət Əzizovabıb sözlərinə görə, bəzi məktəblərdə qadınların iş saatları kişilərə nisbətən azdır. Bunun səbəbi kimi kişilərin ailə başçısı olduğu göstərilir.
“Ailə başçısı dedikdə qadın və kişi, hər ikisi nəzərdə tutulur, niyə ayrı-seçkiliyə yol verirlər? Göründüyü kimi gender bərabərliyi pozulur”-deyə hüquq müdafiəçisi bildirib.
Özəl müəssisələrdə ikili mühasibatlığın olduğunu vurğulayan müsahibimiz qeyd edib ki, vergidən yayınmaq üçün rəsmi sənəddə az əmək haqqı göstərilir, əslində isə işçiyə həmin sənəddən fərqli olaraq yüksək əmək haqqı verilir.
“Lakin o ştata kişi gəldiyi halda, ona daha yüksək maaş, qadın gəldiyi halda isə nisbətən az maaş verilir”.
Mətanət Əzizova gender bərabərsizliyi, qadınlar və kişilər arasında ayrı-seçkiliyin qoyulması nəticəsində vəzifədə olan qadınları sayının az olduğu qənaətindədir.
“Məsələn, statistik məlumatlara görə 80 faizə yaxın qadın təhsil ocaqlarında çalışır, amma 70 faizə yaxın kişi vəzifə sahibidir. Hətta elə müəssisələr var ki, orada yüksək vəzifədə olan qadınlar heç yoxdur. Tədqiqatların nəticələri, psixoloqlar deyir ki, kişilər rüşvətə daha çox meyllidirlər, nəinki qadınlar. Qadınlarda ədalətlilik, mərhəmət hissi daha çoxdur, nəinki kişilərdə və buna görə də qadın hansısa vəzifədə otursa, o, öz vəzifəsini daha peşəkar yerinə yetirəcək, nəinki kişilər”.
Aytən Əyyublu