Modern.az

Yaxşı ki, varsan, Rəhim!

Yaxşı ki, varsan, Rəhim!

Ölkə

3 Noyabr 2010, 23:43

Əziz dostum, filologiya elmləri doktoru, yazıçı Rəhim Nadir oğlu Əliyevə!

Sən də 60-ı haqladın. Ömrün böyük bir hissəsi arxada qalıb. Dönüb geriyə - tələbəlik, gənclik illərimizə, bir yerdə hərbi xidmətdə olduğumuz illərə baxıram. Axı deyirlər hər bir yubiley ömrün onilliklərinin olub keçənlərinə, həyatın arxada qalan günlərinə nəzər salmaq üçün gözəl fürsətdir. Sənin yubileyin həm də mənə tələbəlik və gənclik illərimizə yenidən qayıtmağa imkan verir. Bu günlər o qədər gözəl keçib, o qədər doğmadır ki, nəinki 50-60-da, Tanrı qismət etsə, 70-80-də də olduğu kimi qalacaq, heç vaxt yaşlaşmayacaq, saçları ağarmayacaq, beli bükülməyəcək. Elə bil hər şey dünən olub, amma 40 ildən çox vaxt keçib.

Səninlə Azərbaycan Dövlət Universitetində oxuduğumuz günlər yadıma düşür. Sənin uzaqgörənliyin hər zaman məni valeh edib. Yaxşı xatırlayıram, bir gün dərsdə söz Rusiya-Avropa-Şərq-Azərbaycan haqda, onların mədəniyyəti, ədəbiyyatı və hansının daha üstün olmasından düşmüşdü. Müəllimimiz Rusiya və Avropanı təriflədi. Mən etiraz etdim.

Cavabında müəllim dedi ki, sənin ata-babanın başına qoyduğu papaq hansı materialdan olurdu? Mən “Qoyun dərisindən” cavabını verdim. “Bəs şalvarını nə ilə bağlayırdı?” - müəllimimiz əlavə etdi. Bu suala isə “İplə” cavabını verdim. “Bəs sən nə üçün başına kepka qoyursan, şalvarını isə düymə və qayışla bağlayırsan? Azərbaycan xalqı bunu ruslardan öyrənib. Əgər pisdirsə, xoşuna gəlmirsə, ata-babanın yolu ilə get”. Müəllimimiz bununla mübahisəyə son qoydu və mənim əlavə sualımı eşitmək belə istəmədi.

Bu mübahisə müddətində sən altdan-altdan dizinlə məni vururdun, mübahisəni kəsməyimi istəyirdin. Dərs qurtardı, tənəffüsə çıxdıq. Mənə dedin ki, bura sənin üçün Moskva deyil, dilini sakit saxla, səni qovarlar. Cavab verdim ki, axı Moskvada tələbələr müəllimə istədiyi sualı verir, istədiyi fikri söyləyirlər, heç kim də onları ittiham etmir. Cavabın bu gün də yaddaşımdan silinməyib: “Bunlar yarınmaqdan başqa heç nə bilmirlər. Bax, belə danışa-danışa sonda Mərkəzi Komitənin katibi olurlar”.

1973-cü ilin yayı idi. Artıq universiteti bitirmişdik. Qarşıda bizi hərbi qulluq, Vətənə xidmət (onda da Vətənə xidmət deyilirdi - sən demə, Vətən deyilmiş, imperiyaya xidmət imiş) gözləyirdi. Avqust ayı, İrəvan şəhəri. Bilirdim ki, sən məndən 2-3 gün əvvəl orada olmalısan. Sənin hansı şəhərə getdiyini soruşdum. Leninakanda olduğunu öyrəndim. Məni də oraya yollamalarını xahiş etdim. Çünki bir yerdə xidmət etmək istəyirdim. Belə də oldu. Çox darıxırdıq. Çətin günlərdə qardaşı əvəz etdin. İndi həmin günlər yada düşəndə insanın burnunun ucu göynəyir. Demə, ömrün ən xoşbəxt günlərini yaşayırmışıq.

Tələbəlik illəri insanın gələcək həyat yolunun, istiqamətinin müəyyən olunmasında əvəzsiz rola, böyük əhəmiyyətə malikdir. Tələbə olanda müəllimlərimizə verdiyin suallar və cavablar, açdığın müzakirələr sənin Azərbaycan ədəbiyyatına, onun cərəyanlarına, məktəblərinə, dövrlərinə, dahi şair və yazıçılarının həyat-yaradıcılığına dərindən bələd olduğunu göstərirdi. Nə yaxşı ki, sonrakı dövrdə ədəbi sahədən uzaqlaşmadın, ədəbiyyatımızın toxunulmayan sahələrini daha dərindən öyrəndin. İndi filologiya elmləri doktorusan. Azərbaycan ədəbiyyatının indiyədək öyrənilməmiş, dərindən tədqiq olunmamış sahələrinə dair dəyərli əsərlər yazmısan. Bunlardan biri də “Nəsimi və klassik dini üslubun təşəkkülü” tarixi oçerkləridir. Bu əsər şərqşünaslar, türkoloq və tarixçilər üçün qiymətli xəzinədir. O həm də din tarixini, islamı öyrənmək üçün gözəl mənbədir, bu sahələrin tədqiqi ilə məşğul olanlara hədiyyədir.

Əziz Rəhim! Mən səni 60 yaşlı cavan hesab edirəm. Yaxşı ki, varsan, Rəhim!

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı