
əvvəli burada
Hakimiyyətin mərkəzi icra hakimiyyəti orqanlarına - nazirliklərə, dövlət komitələrinə və digər strukturlara rəhbərlik edən məmurlar bəzən pensiya yaşına, bəzən isə işdə yol verdiyi ciddi nöqsanlara görə vəzifələrindən azad edilirlər.
Modern.az saytı bundan əvvəl təqdim etdiyi yazıda son 10 ildə Azərbaycanda “vurulan” nazirlərdən bəhs etmişdi.
Bu dəfə isə Azərbaycanda vəzifədən çıxarılan digər yüksək ranqlı eks-məmurların siyahısını təqdim edirik.
2013-cü ilin prezident seçkiləri ərəfəsində Rusiyada yaranan “Milyarderlər ittifaqı” ilə Azərbaycanda təsir imkanlarını genişlətmək istəyən Abbas Abbasov hələ AXC hakimiyyəti dövründən yüksək vəzifədə çalışıb.
O, hələ 1992-ci ildən baş nazirin birinci müavini postunu tutub. 1993-cü ilin iyun qiyamı nəticəsində Əbülfəz Elçibəyin hakimiyyətdən getməsindən sonra da tale Abbas Abbasovun üzünə gülüb və o, yeni iqtidar komandasında da öz əvvəlki vəzifəsində qalmağı bacarıb. Abbas Abbasov 2006-cı ilə kimi baş nazirin birinci müavini işləyib. 2006-cı ildə o, vəzifəsindən istefa verib. A.Abbasov hazırda Rusiyada yaşayır.
Prezident İlham Əliyevin 2005-ci ilin oktyabrın 18-də verdiyi sərəncamla iqtisadi inkişaf naziri təyin olunmuş Heydər Babayev vəzifədə uzun müddət qala bilmədi. Cənab Babayev 2008-ci il oktyabrın 30-da iqtisadi inkişaf naziri vəzifəsindən azad olundu. Hazırda onun gah xaricdə, gah da Azərbaycanda olduğu bildirilir.
Sabiq nazirin harda olmasından asılı olmayaraq biznes fəaliyyəti ilə məşğul olması sirr deyil. İddialara görə, Heydər Babayev korrupsiya faktlarına görə işindən azad edilib.
Bundan başqa, belə bir iddia da səslənir ki, Heydər Babayev hakimiyyətdaxili çəkişmələrin qurbanına çevrilib.
Azərbaycanın sabiq xarici işlər naziri, 1999-2004-cü illərdə nazir postunu tutmuş Vilayət Quliyevi də “vurulan məmurlar” siyahısna əlavə etmək olar. Amma bir çox eks-məmurlardan fərqli olaraq V.Quliyev nazir postundan azad ediləndən sonra ona başqa bir görəv həvalə olundu, səfir göndərildi.
V.Quliyev əvvəlcə Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri (2004-2010) işlədi, 2010-cu ildən indiyədək isə onra Azərbaycanın Macarıstandakı diplomatik missiyasına rəhbərlik edir.
2001-ci ildə Azərbaycanda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradıldı və Rafiq Əliyev onun rəhbəri təyin olundu. Rafiq Əliyev 2006-cı ilin iyun ayında tutduğu vəzifədən azad edilib. O, hazırda “İrşad” İslam Araşdırmaları Mərkəzinin direktoru və “İrşad” otelin sahibidir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin başqa bir eks-sədri Hidayət Orucov isə 2006-2012-ci illərdə bu orqana rəhbərlik edib. Hidayət Orucov vəzifədən çıxarılandan sonra işsiz saxlanılmadı və ona səfir postu həvalə olundu. O, hazırda Azərbaycanın Qırğızıstandakı səfiridir.
Ümumiyyətlə, Dini Komitə intensiv rəhbər dəyişikliyi ilə yadda qalan qurumlardandır.
Hidayət Orucovdan sonra bu quruma rəhbər gətirilən Elşad İsgəndərov 2012-ci ilin may ayında vəzifəyə təyinat aldı. Lakin o, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədro postunda çox qala bilmədi.
Türkiyədə 2013-cü ilin dekabr ayında başlanan böyük rüşvət və korrupsiya əməliyyatları Elşad İsgəndərovun karyerasında neqativ rol oynadı.
Belə ki, bu əməliyyatların başında nurçu camaatının ABŞ-da yaşayan lideri Fətullah Gülənə məxsus “paralel yapılanma”nın dayandığı iddia edilirdi. Bu iddialardan Azərbaycana da pay düşdü. Türkiyədəki proseslərdən sonra Azərbaycanda Elşad İsgəndərov və digər yüksək vəzifəlilərin adı Fətullah Gülənlə əlaqələrdə hallanırdı.
Bütün bu iddialardan sonra prezident İlham Əliyevin 2014-cü ilin may ayında imzaladığı sərəncamla Elşad İsgəndərov vəzifəsindən azad edildi.
O, işi ilə vidalaşandan sonra Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ İKGF) Baş Katibi təyin edilib.
2013-cü ilin oktyabrında ölkədə keçirilən növbəti prezident seçkilərindən sonra dövlət başçısı İlham Əliyev bir neçə nazirlə yanaşı, Xəzər Dəniz Gəmiçiliyinin rəisi Aydın Bəşirovu da tutduğu vəzifədən azad etdi. Aydın Bəşirovun adı bir çox korrupsiya maxinasiyalarında hallanırdı.
Vəzifəsini itirənlərdən biri də Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanov oldu. O, 2014-cü ilin mart ayında prezidentin sərəmcamı ilə işdən çıxarılıb.
Şahin Sultanov bir müddət dəmir barmaqlıqlar arasında da qaldı. Respublika Hərbi Prokurorluğunun o zaman yaydığı məlumata görə, HDQ-də aparılan yoxlamalar zamanı qanun pozuntuları aşkar edilib.
Qanunazidd əməlləri törətməkdə təqsirli bilinən bir neçə nəfər arasında Şahin Sulatovun da adı keçirdi. Sabiq komandan barəsində 2014-cü ilin aprelin 23-də Bakı Hərbi Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçildi.
Şahin Sultanov Cinayət Məcəlləsinin vəzifə saxtakarlığı və mənimsəmə maddələri ilə təqsirli bilinib.
Lakin 2014-cü ilin son aylarında Bakı Hərbi Məhkəməsinin qərarı ilə vitse-admiral barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olundu.
Həmin il martın 17-də “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədr müavini vəzifəsini tutan Mübariz Mədətov vəzifəsindən azad edildi.
Buna səbəb isə onun oğlu Xalid Mədətovun özbaşınalığı və kobud səslənsə də, qudurğanlığı oldu. Qeyd edək ki, Xalid Mədətov Bakıda avtomobil qəzası törədib.
Nəticədə məşhur tarzən, xalq artsti Ağasəlim Abdullayevin həyat yoldaşı və nəvəsi həlak olub. Müayinə zamanı məlum olub ki, Xalid Mədətov sükan arxasında sərxoş vəziyyətdə olub. Həmin ilin sentyabr ayında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə eks-məmur oğlu Xalid Mədətov 5 il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 12 il müddətinə azadlıqdan məhrum edilib.
Azərbaycan prezidenti İlham Əliyevin 2014-cü ilin fevral ayında imzaladığı sərəncamla “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti yaradılıb.
Bu sərəncamla həmçinin Tağı Əhmədov Bakı Metropoliteni rəisi vəzifəsindən azad edilib.
Azərbaycanda hökumətində aparılan struktur islahatları Torpaq və Xəritəçəkmə Komitəsinin ləğvi ilə də nəticələnib. Ölkə başçısının 2015-ci ilin fevral ayının 5-də verdiyi fərmanla bu dövlət qurumu ləğv edilib. Elə bununla da avtomatik olaraq həmin komitəyə rəhbərlik edən Qərib Məmmədov vəzifəsi ilə vidalaşmalı olub. O, Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) çalışır.
Aqşin KƏRİMOV