Modern.az

Jurnalistliyi atıb ucqar kəndə müəllim işləməyə gedən qızla MÜSAHİBƏ

Jurnalistliyi atıb ucqar kəndə müəllim işləməyə gedən qızla MÜSAHİBƏ

Ölkə

12 Noyabr 2015, 11:10

Bəzi gənclərimiz peşə vəzifələrini Azərbaycanın ən ucqar kəndlərində yerinə yetirirlər. Bütün çətinlikləri gözə alaraq kənd məktəblərində dərs deyən müəllimlər şəhərdə fəaliyyət göstərən həmkarlarından daha çətin işlə məşğuldurlar. Bizim növbəti müsahibimiz Günel Əliyeva kimi.

Modern.az saytının budəfəki müsahibi pedaqoji fəaliyyətə Laçın rayonu E.Əliyev adına Fərəcan kənd tam orta məktəbində başlayan gənc xanımdır.

- Əvvəlcə sizi tanıyaq…

- 1991-ci ildə Şuşa şəhərində anadan olmuşam. 2009-cu ildə Şuşa rayonu 6 nömrəli tam orta məktəbi bitirmişəm. Həmin il də Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinə qəbul olunmuşam. 2013-cü ildə universiteti bitirdikdən sonra bir müddət jurnalistika ilə məşğul olmuşam. Ötən ildən Təhsil Nazirliyi tərəfindən həyata keçirilən müəllimlərin işə qəbulu imtahanında tələb olunan balı toplayaraq Laçın rayonu E.Əliyev adına Fərəcan kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi pedaqoji fəaliyyətə başlamışam.

- Necə oldu ki, şəhər mühitində böyüyən gənc qız ucqar kənddə müəllim işləməyə qərar verdi?

- Qarşımda daha böyük məqsəd və hədəflərim var idi. Təhsilimi davam etdirmək, karyera qurmaq, özümü təsdiq etmək və s. Fikrimcə, elmsiz qadın, elmsiz insan cəmiyyətimiz üçün ən böyük bədbəxtlikdir. Bədbəxtliksə elə bir sözdür ki, dilimizə alsaq dilimizi, ürəyimizə salsaq könlümüzü yandırar. Məhz bu baxımdan da ucqar kənddə müəllimə, elmə, biliyə ehtiyacın olduğu yerdə Azərbaycan dili və ədəbiyyatı fənnini tədris etmək missiyasını öz üzərimə götürdüm. Hal-hazırda kənddə yaşasam da, informasiyadan kənarda deyiləm. Bir gün ölkədə və dünyada baş verən xəbərlərlə tanış olmasam, kitab oxumasam özümü zavallı və aciz biri kimi hiss edərəm. Bu, bir növ Günəş varkən ondan məhrum olub zülmətə qərq olan insan kimidir. Yəqin, elə buna görədir ki, özümü ucqar kənddə deyil, öz dünyamda hiss edirəm.

- Ailəniz bu seçiminizi necə qarşıladı?

- Ailəm seçimimi yaxşı qarşıladı və dəstəklədi. Valideynlərim inadkar olduğumu, qarşıma qoyduğum məqsədə çata biləcəyimi bilirdilər. Həm də ana dili və eşqin, duyğunun fənni olan ədəbiyyatı tədris etməkdən də mənəvi zövq alıram. Buna görə də seçimimlə razılaşdılar. Ürək rahatlığı ilə deyə bilərəm ki, peşəmi sevirəm.

- Müəllim olmağı əvvəldən istəmisiniz?

- Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasını öz istəyimlə seçmişəm. Sevirəm peşəmi. Amma hər insanın qəlbinə, ruhuna daha yaxın olan bir peşə də  var. Mənim də ürəyimə yaxın hiss etdiyim peşə  jurnalistikadır.



- Bəs jurnalist olmaq arzunuzun arxasınca niyə getmədiniz?

- Müəyyən mənada deyə bilərəm ki, jurnalist olmaq arzumu gerçəkləşdirmişəm. Hətta əvvəllər atam 'qız nədir, jurnalist nədir...' deyə düşünürdü, mən isə sevdiyim peşə uğrunda mübarizə apardım, bir müddət radio və televiziyada çalışdım. Jurnalistikaya marağım əvvəlki qədər nəhayətsizdir. Amma məktəbdə də şagirdlərin mənə ehtiyacı var. İşimi sevirəm, hələ ki, müəllimlik fəaliyyətimi davam etdirirəm. Gələcəkdə hansı sahədə çalışacağımı isə zaman və hadisələrin inkişafı göstərər.

- Ədəbiyyatçılar bir qədər xəyalpərəst olur deyirlər, bu fikri sizə də şamil etmək olarmı?

- Gerçək ədəbiyyatçılardan söhbət gedirsə, onlar bəzən xəyalpərəst, bəzən realist, bəzən sakit, bəzənsə çılğın və emosional ola bilirlər. Bir sözlə, onlar digərlərindən fərqli olaraq öz dünyalarının insanı olurlar. Fikrimcə, ədəbiyyatçıların əksəriyyəti eynilikdən uzaq, dəyişkən xarakterli insanlardır.

- Özünüz də şeir yazırsınız...

Məni duyan dalğalar
Qəlbim kimi yas saxlar.
Danışar harayından,
Nisgilli hər anından.
Dərdim elə böyük ki,
Ox olub bağrım yarar
Özgəsi gülüb keçər
Ağlasa anam ağlar
İçimdə dərdin cəmi,
Nifrət yüklü bir gəmi,
Köksümə çəkdim qəmi
Əzab məni yaralar.

- Deyərdim ki, şeir deyil yazdıqlarım, bir növ həyatın özüdür...



- Gələk dərs dediyiniz orta məktəbə. Məktəbdə dərs keçmək üçün lazımi şərait varmı?

- Kənd məktəbi olduğunu nəzərə alsaq, deyə bilərik ki, şərait qənaətbəxşdir. Sinif otaqlarının da şəraitini normal hesab etmək olar. Amma nəzərə alsaq ki, bu gün ölkəmizdə kifayət qədər yüksək səviyyəli, təmirli və müasir avadanlıqlarla təmin olunmuş məktəblər var, o zaman deyə bilərik ki, onlarla müqayisədə müəyyən çatışmazlıqlar var. Lakin buna baxmayaraq, məktəbimizin müəllimləri şagirdlərin elm öyrənməsi üçün əllərindən gələni əsirgəmirlər. Müasir təhsil metodları ilə dərsin keçirilməsinə çalışırlar.

- Şagirdlərinizin arasında yəqin ki, dəcəlləri, oxumağa tənbəllik edənləri də var. Onlarla ünsiyyət qurmaq, fikirlərini dərsə yönəltməkdə çətinliyiniz olurmu?

- “Nadanlar elmə həqarətlə baxır, savadsızlar ona heyran olur, müdriklər isə ondan bəhrələnirlər'. Frensis Bekonun bu sözləri elə mənim üçün də önəmli prinsipdir. Şagirdlərə elmin faydasını, elmsiz insanın bəla bəhrinə, cəhalətə, avamlığa sürüklənəcəyini izah edirəm. Müəllim şagirdlərə fərdi və differensial yanaşma mexanizmini tətbiq etməlidir. Tənbəl, elmə marağı olmayan şagirdləri maarifə, təhsilə həvəsləndirmək üçün intellektual yarışlar və müzakirələr təşkil etməyə çalışıram. Hətta, deyərdim ki, yarışlarda məğlub olan şagirdlər arasında mübahisə yaranır. Qaliblərin gözlərində isə sevinc duyulur. Belə olduğu halda, şagirdlərdə birinci olmaq və nəticə etibarilə öyrənmək marağı yaranır .

- Kənddən ali məktəbə qəbul səviyyəsi necədir?

- Kənddən ali məktəbə qəbul olanlar varsa da, təəssüf ki, say etibarilə elə də çox deyil. Deyərdim ki, kolleclərə qəbul səviyyəsi ali məktəbə qəbul səviyyəsindən daha artıqdır. Bu isə qarşıya qoyulan məqsədin hələ tam reallaşmadığının göstəricisidir.

- Gənc müəllim kimi kənddə sizə münasibət necədir?

- Kəndə gəldiyim ilk gündən özümə qarşı kifayət qədər gözəl və səmimi münasibət duyuram. Ələxsus da şagirdlərim tərəfindən. Hər gün şagirdlərimdən xoş sözlər eşidirəm.

- Dərsdən əlavə boş vaxtınızda nələrlə məşğul olursunuz?

- Boş vaxtlarımda da ədəbiyyatla məşğul oluram. Şeir, məqalə, hekayə yazıram. Mənim üçün istirahətin ən mənalısı və səmərəlisi mütaliə etdiyim zamandır.



Vüsalə Qəzənfərqızı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı