
“Rəcəb Tayyib Ərdoğan Türkiyə hökümətinin rəhbərliyinə gələnə qədər qardaş ölkənin hökümət və bir sıra siyasi dairələrində, o cümlədən həmin ölkənin Azərbaycandakı diplomotik korpusunda çalışan bəzi şəxslər ölkəmizin daxili işlərinə qarışmaq və bir sıra hallarda siyasi hakimiyyət uğrunda mübarizədə iştirak etmək mövqeyində olublar.
Bunu Modern.az saytına açıqlamasında millət vəkili Zahid Oruc bildirib.
Onun sözlərinə görə, bu məqam xüsüsilə də 1995-ci ilə qədər sabiq səfir Altan Karamanoğlunun timsalında daha əyani sübutunu tapıb:
“Mənim fikrimcə, bizim bütün qardaşlıq duyğularımızla bərabər, Türkiyənin belə məkrli qüvvələrinin addımları ilə Rusiyanın hər hansı imperiyapərəst dairələrinin Azərbaycanda hakimiyyət dəyişikliyi yaratmaq və bunun üçün müxtəlif təxribat cəhdlərinə əl atmaq istəkləri eyniölçülüdür. Çox mühüm bir məqamda Türkiyə-Azərbaycan münasibətlərinin gələcəyi düşünülərək keçmiş səfirə və digərlərinə qarşı diplomatik qalmaqala səbəb ola biləcək addımlar atılmadı. Bu Ulu Öndərin siyasi böyüklüyünün bir daha sübutu idi. Amma aşkar idi ki, Türkiyənin daxilində, xüsusilə də kəşfiyyat strukturlarında yer alan bəzi ülküçü və buna bənzər qurumların fitvası ilə Azərbaycanda hakimiyyət dəyişikliyinə verilmiş qərarlar ortada idi. Altan Karamanoğlu burada icraçı rolda çıxış edirdi”.
Deputat bildirib ki, bu qüvvələr Azərbaycanda hakimiyyət dəyişikliyini həzm edə bilməmişdilər: “Onların baxışlarına görə, Azərbaycan Türkiyənin hansısa dairələrinin əlində bir alət olmalı idi. Bütövlükdə bu ölkənin müstəqillik missiyası belə görülürdü. Bundan sonra “Susurluq qəzası”nda qətlə yetirilən Abdullah Çatlının “Mehmet Özbay” adı ilə o vaxt prezident vəzifələrini yerinə yetirən Əbülfəz Elçibəylə görüşləri olmuşdu. Onların bu münasibətləri Azərbaycanın daxili həyatında Xalq Cəbhəsi hakimiyyətindən sonra da proseslərə qatılmaq, sonrakı dönəmdə xüsusi təyinatlı polis dəstələrininin yanında yer almaq, onları birbaşa Türkiyənin həmin dairələri tərəfindən idarə etmək səviyyəsində idi. Məhz onun üçün də Fərman Dəmirqol Türkiyənin xüsusi təyinatlılarının keçmiş rəhbəri İbrahim Sahin və başqaları Azərbaycanın daxili həyatında iştirak etmək, onun strateji sərvətlərini ələ keçirmək uğrunda mübarizəyə qoşulmaq, Heydər Əliyev hakimiyətinə qarşı həmin qüvvələrdən müxalifət təşkil etmək istəyində idilər. Sabiq mətbuat attaşesi Turqut Ər o dövr bu qüvvələrin qələm fəaliyyətini həyata keçirən, ideoloji, informasiya və təbliğati işlərində yer alan simalarından biri idi. Onun indiki qələm məhsulları da həmin fəaliyyətin tərkib hissəsidir. Düşünürəm ki, belə mövqelər hər hansı şəkildə Azərbaycanın mühüm dəyərlərinə, tarixi şəxsiyyətlərinə hörmətsizlik konteksində baş verməməlidir. Dünyanın əksər yerlərində buna bənzər qanunvericilik aktları var ki, tarixi simaların şərəf və ləyaqəti qanunvericiliklə qorunur. Bu təşəbbüs ANS-in vitse-prezidenti Mirşahin Ağayev tərəfindən gündəmə gətirilib. Düşünürəm ki, bu, çox yerindədir. Azərbaycan Milli Məclisinin artıq bu gün təsdiq olunmuş nümayəndələrindən qanunvericilik səviyyəsində bu addımın atılması istənilərdi. Həm də Turqut Ərin sitatlarının indi “Azadlıq” qəzetində dərcini nəzərə alaraq parlamentin bir qrup nümayəndəsi Ulu Öndərin şərəf və ləyaqətinin qorunmasının təmin olunması naminə Ədliyə Nazirliyinə müraciət edə bilər.
Sədaqət Süleymanova