“Torpağı həm əkib-becərmək, həm də qorumaq lazımdır. Əgər torpağı əkib-becərməsən, onu qorumağa dəyməz, qorumasan, onda da əkib-becərməyə dəyməz”. “Dədə Qorqud” filmində səslənən bu sözlər dillər əzbəridir. Yaxşı nəsihətdir, ibrətamizdir. Yerinə yetiriləcəyi təqdirdə faydası böyük olar. Torpağı qoruyuruqsa onu əkib-becərməyin qayğısına da qalmalıyıq. Buna hər cür imkanımız var. Üstəlik də 11 iqlim tipinin 9-u ölkəmizdədir. Bu isə əsil fürsətdir. Xüsusən də kənd təsərrüfatının inkişafı üçün. Təkcə qalır bundan yararlanmaq.
Çox uzağa getməyək. Yaxın qonşumuz Türkiyəyə baxaq. Qardaş ölkə faydalı qazıntılarla o qədər də zəngin deyil. Əvəzində isə çalışqan insanlara sahibdir. Bu bir ölkənin inkişafı üçün ən vacib amildir. Torpağa bağlı insanlarının sayəsində Türkiyə, kənd təsərrüfatı məhsulları istehsalına görə dünyada lider ölkələrdən birinə çevrilib.
İndi qayıdaq Azərbaycana. Ölkədə kənd təsərrüfatında müəyyən irəliləyiş olmasına baxmayaraq hələ də lazimi səviyyəyə çata bilməmişik. Baxmayaraq ki, bu sahə qeyri-neft sektorunun özəyi hesab olunur. Təbiətin verdiyi imkanlardan, hökümətin göstərdiyi dəstəkdən istifadə edərək xarüqələr yaratmaq olar.
Məsələn, Bakıda saysız hesabsız ədviyyat mağazaları var. Əksəriyyəti də İran mallarıdır. Hərdən bu mağazalara baş çəkəndə satılan ədbiyyatlara fikir verin. Onların hamısını qızıla bərabər Azərbaycan torpağında yetişdirmək olar.
İqtisadçı dostum Hüseyn Hüseynov deyir ki, ölkəyə quru meyvələrin 95 %-i xaricdən idxal olunur. Özü də Türkiyə, İran, Özbəkistan, ABŞ, Cənubi Amerika ölkələrindən. Qiymətlərinə isə yaxın durmalı deyil. Təkcə Novruz bayramı günlərində adambaşına azı 1 kq quru meyvə yeyildiyini nəzərə alsaq, görün nə qədər valyuta itiririk.
Bu qədər meyvəsi olan ölkəmizdə kisel də idxal məhsuludur. Sahibkarlar bilsinlər ki, bu dadlı və müalicəvi içkinin normal bazarı var. Yəni sözügedən sahəyə sərmayə yatırsalar uduzmazlar.
Bu qədər kişmiş yeyilən və bu qədər üzümü olan ölkədə kişmiş istehsalına da yatırım qoymaq əlverişli olar. Hələ povidlo, quru süddən danışımıram.
Səhrada yerləşən Sudan dövləti dünyada ən keyfiyyətli həna (xna) yetişdirir və ixrac edir. Bu bitki bəzək vasitəsi olmaqla yanaşı tibbi baxımdan da xeyirlidir. Həna yetişdirmək əvəzinə isə biz onu da İrandan alırıq.
Daha çox mənfəət gətirən yonca bitkisinə də üstünlük versək uduzmarıq. Bu heyvandarlığın yem bazasının təşkili üçün olduqca vacibdir.
Təkliflər çoxdur. Təbii ki, onu dəyərləndirmək kənd təsərrüfatı sahasənin mütəxəssislərinin, kiçik və orta sahibkarlıqla məşğul olanların üzərinə düşür. Kəndli də öz növbəsində fəal olmalıdır. Hər şeyi hökümət etməlididir deyə bir dilema yoxdur. Zavod çörəyinə adət etmiş kəndli bacı-qardaşlarım! Artıq zəhmət anı çatıb. Siz də təşəbbüskar olmalısız.
