Modern.az

Tanınmış memarlar həyəcan təbili çalırlar: "Bakıda tikilən binalar yad ornamentləri əks etdirir"

Tanınmış memarlar həyəcan təbili çalırlar: "Bakıda tikilən binalar yad ornamentləri əks etdirir"

Ölkə

16 Dekabr 2010, 15:21

"Heydər Əliyev Fondunun binası milli xüsusiyyətləri olan yeganə binadır"


Dünyanın iri şəhərləri özünəməxsus görkəmi ilə fərqlənən müxtəlif binaları ilə məşhurdur. Zaman keçdiklə bu binalarda yaranan fəsadlar təmir olunur, təbii ki, ilkin görünüşün qorunması şərtilə.
Gün-gündən böyüyən, yeni tikililəri artan Bakının da öz milli dəyərlərini əks etdirən binaları var. Son illər Bakının az qala hər kücəsində yeni binalar inşa olunur.
Yeni binalar inşa edilərkən hansı üslubda tikilməlidir, son illər inşa olunan binalarda milli memarlıq xüsusiyyətləri nə dərəcədə əks olunur?
Modern.az-ın əməkdaşı bu və ya digər suallarla əlaqədar Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mütəxəssislərinə müraciət edib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin "Azərmemarlayihə" Dövlət Baş Layihə İnstitutunun direktoru Bəkir Əhmədov bildirdi ki, Azərbaycanda tarixən yüksək bina tikmək ənənəsi mövcud omayıb: “Azərbaycanın xalq memarlığından söhbət gedirsə, deməli biz ənənələrə arxalanmalıyıq. Bizim ənənədə Şərq memarlıq üslubuna əsaslanan 2-3 mərtəbəli malikanələr olub”.
Memar eyni zamanda bildirdi ki, şəhər salarkən və ya yeni tikililər inşa edərkən Bakının iqlimi də nəzərə alınmalıdır. Bu prinsipə əməl olunmadıqda binalar arasında hava burulğanı əmələ gəlir.

Bakıda kecən əsrin əvvəllərindən, neft sektorunun inkişafından sonra Avropa tipli binaların tikintisinə başlanılıb. Bəkir Əhmədov deyir ki, Avropa tipli binaların tikintisində Azərbaycana xas olan memarlıq nümunələrindən də istifadə olunur. Amma eyni zamanda, memar bildirdi ki, bu məsələdə çatışmazlıq var. Beləki, binaların üzərində milli ornamentlər əks olunarkən onlar insanların diqqətini cəlb edən yerlərdə istifadə olunmalıdır.
”Bizdə isə bir də görürsən milli ornament binanın 11-ci mərtəbəsində əks olunub. Hesab edirəm ki, bu, hec nəyə xidmət etmir, detallar qoyularkən gözlə görülmə məsələsi nəzərə alınmalıdır. Hazırda istifadə olunan bu qaydanın qəti əleyhinəyəm” .

Bakının təbii amfiteatrının pozulmasının əleyhinə olan memar B.Əhmədov deyir ki, son illər bu istiqamətdə atılan hər bir addım ən böyük səhvlərdən biridir.

Digər bir memar - “Azıx“ Layihə Firmasının direktoru Alxas Mahmudov son illər tikinti meydançasına çevrilən Bakıda inşaat işlərinin xaotik şəkildə həyata keçirildiyini vurğulayıb.
“Biz Bakı şəhərini böyük bir xaos meydancasına çevirmişik. Bu vaxta kimi Bakıda kim nə istəyib tikib. Şəhərin artıq silueti yoxdur”. 
Bakının təbii amfiteatrının pozulmasından narahatlığını ifadə edən memar, son zamanlar təmir etmək adı ilə binaların fasadlarının dəyişdirilməsi məsələsinə də toxundub. A.Mahmudov bildirdi ki, bu, gələcəkdə ciddi fəsadlara yol aca bilər.
“10-15 ildən sonra Bakıya gələn xarici turistlərbəlkə də fikirləşəcəklər ki, Azərbaycan nə vaxtsa yunan-roma imperiyasının əsarətində olub. İndi məhz yunan və Roma memarlığına aid olan memarlıq detalları bizim bütün binaların fasadını bəzəyir. Heydər Əliyev prospektinə nəzər salsaq, bunu aydın şəkildə görmək olar. Heydər Əliyev Fondunun binası yeganə tikilidir ki, onu milli xüsusiyyətləri olan bina adlandırmaq olar”

Şəhərin “Beşmərtəbə” adlanan ərazisində aparılan təmir işlərini mənfi qiymətləndirən A.Mahmudov oradakı binaların tarixə beşmərtəbəli olaraq düşdüyünü deyir. “İndi əsaslı şəkildə təmir olunan bu binalar artıq özündə yunan-roma detallarını əks etdirir. Tarixi özümüz silirik,  yaxşı olar ki, rekonstruksiyanı savadlı adamlar aparsın”.
 
“Binaların xarici görünüşündən əlavə mənzillərin bölünməsi zamanı da milli dəyərlərə əməl olunmalıdır” deyən memar A.Mahmudov bildirdi ki, bu prinsipə də hazırda əməl edilmir.   

Onun sözlərinə görə, son zamanlar Bakıda tikilən “göydələnlər” şəhərin görkəmini dəyişdiyi kimi, Bakının təbii havasına da təsirsiz ötüşmür. Pərakəndə, hesablanmamış planla tikilən binalar Bakıda təbii hava axının qarşısını alır, nəticədə bu, havanın həddindən artıq çirklənməsinə gətirib çıxarır: “Bakı küləklər şəhəridir və küləklər şəhəri olaraq da qalır. Bakının küləklər şəhəri olması Bakının milli qürurudur. Kecmiş SSRİ-də Bakını küləklər şəhəri kimi tanıyırdılar. Biz isə hazırda Bakıya məxsus olan bu xüsusiyyəti məhv etmişik”.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin  Şəhərsalma şöbəsinin müdiri Yusif  Yaqubzadə da hazırda tikilən binaların Bakıda hava axınına mənfi təsir etdiyini  bildirdi. Onun onun sözlərinə görə binalar tikilərkən iqlim nəzərə alınmalıdır.

Maraqlıdır Bakıda hansı həddə qədər çoxmərtəbəli bina tikmək olar?

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin "Azərmemarlayihə" Dövlət Baş Layihə İnstitutunun direktoru Bəkir Əhmədov bildirdi ki, şəhərsalma qanunlarına və şəhərin Baş planına uyğun olaraq çoxmərtəbəli binaların tikilməsi nəzərdə tutulan yerlərdə istənilən hündürlükdə bina tikmək olar.

Yusif Yaqubzadənin sözlərinə görə isə Bakıda ən çoxu neçə mərtəbədən ibarət bina tikməklə bağlı konkret danışmaq çətindi: “İndi texniki imkanlar genişdi və təhlükəsizliyin qarşısını almaq mümükündü. Bina tikilərkən, əsas odur ki, digər binaların görünüşünə ziyan dəyməsin”. 

 Alxas Mahmudov isə Bakıda çoxmərtəbəli binaların tikilməsinin əleyhinə olduğunu vurğuladı. “Çox təəssüflər ki, Bakı kimi gözəl şəhəri itirmişik, hələ də itirə-itirə gedirik. Soruşsaq ki,  bunları kim tikib, yaxud kim icazə verib, hamı yaxasını qırağa çəkəcək”

Sədaqət Süleymanova

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı