
"Gözü yolda qalan anam,
Bağrı qanla dolan anam,
Bağışla şəhid balanı
Saçlarını yolan anam!"
(Mübarizin dilindən)
Getdin... düşünmədən səni düşünənləri... "Təki Vətən sağ olsun!" Bu idi şüarın... Ömrünün 22-ci yayında tərk etdin sənin üçün yananları... Şəhid oldun...
Səni sənsiz yaşamaq bilsən necə çətindir. Sən yoxsan, bəlkə də sənin üçün yananları görə bilmirsən. Bu gün uğrunda canını qurban verdiyin Azərbaycanın hər bir övladı səni düşünür. Adın kimi oldun MÜBARİZ oldun, Mübariz...
Bəzən şəkillərinə, haqqında yazılan yazılara, çəkilmiş videolentlərə baxıb ağlayıram. Yoxluğunu qəbul etmək çətindir. Ömrünün sevən, sevilən çağındaydın. Sevdin, dəli kimi sevdin, heç kəsin sevə bilmədiyi qədər sevdin. Seçdin, ən uca ad olan Şəhidliyi seçdin...
Hər tərəf od içindəydi. 19 iyun, saat 23:30. Mübariz iki ordu arasındakı 1 kilometrlik minalanmış sahəni keçir. Və çoxsaylı erməni əsgərləri ilə 5 saat döyüşür. Uzun sürən döyüşdə geri addım atmayan Mübariz səhər saatlarında qəhrəmancasına həlak olur.
Düşmənlər şəhidimizin meyitindən də qorxurlar. Al qan içində yerə uzanmış, canını çoxdan tapşırmış igidin cənazəsinə yaxın getməyə belə cəsarət etməyən dığalar sonradan onun əl-qolunu da bağlayırlar. Cəsədi də dəyərli olan igidimizi 4 ay sonra verir bizə düşmənlərimiz.
Vətən bir Mübariz itirdi. Amma yüzlərlə mübarizlərimiz var. Vətən üçün göz qırpmadan canından keçməyə hazır oğullarımız var. Həyatının 20 ilini Azərbaycan ordusuna həsr edib qəhrəmanım. Dəfələrlə yaralanan, kontuziya alan döyüşçü bu gün də Vətənin keşiyindədir.
Vüqar İsmayılov: "Vətən üçün ölmək istəyirəm!"
"Hər bir insanın arzuları var bu həyatda. Mənim də vardı. Xoşbəxt ailə, oğul-uşaq sahibi olmaq istəyirdim, alınmadı... Gətirmədi qismətim. Küsdüm həyatdan. Bütün həyatımı torpağa, Vətənə həsr edəcəyimə söz verdim", - deyir qəhrəmanım. Keçdiyi döyüş yollarından danışmağı xahiş edirəm. Əlləri əsir, baxışları bir nöqtəyə tuşlanır. Və danışır...
- 1992-ci il idi. Qızğın döyüşlər gedirdi. Əmr yuxarıdan idi, ölməli, amma Qızıl qaya yüksəkliyini təslim etməməli idik. 15 nəfər döyüşçü ilə mövqedə idik. Güllə yağış kimi yağırdı. Səngərdən qalxmaq mümkün deyildi. Düşmən tərəfi bir-iki saat atəş açdıqdan sonra səssizlik yarandı. Heç nə düşünmək mümkün deyildi. Addım səsləri gəlirdi. Adətən xüsusi təyinatlı döyüşçülər hər şeyi bilirlər. Hiss edirdik ki, mövqemizə kimsə yaxınlaşır. Bir neçə dəfə qışqırıb parolu istədik. Əvəzində erməni dilində söyüldük. Mühasirədə idik. Ətrafımızda 70-ə yaxın erməni var idi. Güclü atışma gedirdi. Ratsiya ilə əlaqə saxlayıb, əlavə kömək istədik. İki nəfər qalmışdıq. Bütün silahlardan istifadə etmişdik. Ölüm anı yetişirdi. Mövqe əldən çıxırdı. Bir neçə yerdən yaralansam da məqsəd qələbə idi. Və qələbə çaldıq, məhv etdik düşmənləri...
Həmsöhbətim hər an Baş komandanın əmrini gözləyir: "Vətən üçün ölmək istəyirəm!", - deyir Vüqar.
Ərəstun Mehdiyev: "Hər an müharibə əmrini gözləyirik"
Torpağı vətənləşdirmək, bir varlıq kimi onu sevmək, qorumaq, igidliklə canını qurban vermək və göz açıb dünyaya gəldiyi el-obasının hər daşını, qayasını qorumaq hər kəsin borcudur. Torpaq həmin övladlarının qanına boyananda müqəddəsləşir. Hamının Azər kimi tanıdığı Ərəstun Mehdiyev də belə düşünür. 1974-cü ildə Qərbi Azərbaycanın Dərələyəz Mahalının Qabaxlı kəndində anadan olub. Azərbaycanın ən ağır günlərində könüllü gedib döyüşlərə. Keçmiş döyüşçü həmin illəri belə xatırlayır:
- 1988-ci ildə azərbaycanlıların Ermənistandan deportasiyası nəticəsində ailəmizlə birgə Şamaxı rayonunun Meysərli kəndinə yerləşdik. Həmin dövrdə kənddə erməni ailələri yaşayırdı. Biz öz gücümüzə onları kənddən çıxarmışdıq. 1990-cı ilin Qanlı Yanvar hadisəsində Şamaxıda 18 nəfərdən ibarət bir qrup uşaqlarla Bakıya gəlmişdik ki, rus qoşunlarının qarşısını kəsək. Şamaxıda komissarlığa ərizə versəm də, məni qəbul etmirdilər. Evdə ailəm bilmirdi cəbhəyə gedəcəyimi. Ermənilərin bizi doğma yurd-yuvalarımızdan çıxarması, qız-gəlinlərimizlə davranışları məndə ermənilərə qarşı parçalamaq, məhv etmək hissi yaratmışdı. Ozamanlar Goranboyda Maşallah Abdullayevin "Qurtuluş" batalyonu var idi. Həmin ilin martında bir sinif yoldaşımla könüllü şəkildə cəbhəyə getdim. 1991-ci ildə həmin batalyonun komandiri Hikmət Mirzəyev yaralandı və batalyonda dağınıqlıq yarandı. 1992-ci ildə Şuşada "Özünümüdafiə" batalyonuna gəldim. Həmin il "Daşaltı" əməliyyatında ağır yaralandım. Gəncədə müalicəmi bitirdikdən sonra Azərbaycanın Milli Qəhrəmanı Eldar Ağayevin rəhbərlik etdiyi Xüsusi Təyinatlı Kəşfiyyat batalyonuna gəldim. Orada məni qəbul etmirdilər. Çünki cəbhəyə könüllü gəlmişdim və heç bir yerdə qeydiyyatım yox idi. Ağdamda, Zəngilanda, Qubadlıda, Ağdərədə döyüşlərdə iştirak etmişəm. Dəstəmiz kəşfiyyat dəstəsi idi. Xəritə üzrə ermənilərin arasına sızır, onların önəmli obyektlərini nişanlayaraq məhv edilməsi üçün seçirdik. Daha sonra N saylı hərbi hissəyə gəldim və məni burda qrup rəhbəri, baş kəşfiyyatçı təyin etdilər. 1994-cü ilə qədər 6 əsir gətirmişdi mənim dəstəm. Həmin il əmr verildi və bizi Füzuli rayonunun 1-ci Mahmudlu kəndinə apardılar. Horadizin alınmasında uğurla iştirak edəndən sonra Tərtərə qayıtdıq. 1992-cü ilin fevralında isə bizə "Qlobus" yüksəkliyi, "Vışka" və "Gödəkburun" yüksəkliklərinin ələ keçirmək əmri verildi. Qeyd edim ki, bizdən öncə həmin əraziyə bir neçə batalyon göndərilmiş, lakin böyük itkiylə məğlubiyyətə uğramışdılar. Adını çəkdiyim yüksəkliklərdə bir gün gecə saat 2-yə qədər kəşfiyyat apardıq. "Gödəkburun" yüksəkliyini seçdik və oradan düşmən mövqelərinə sızdıq.
... O döyüş heç vaxt yadımdan çıxmaz. Hər yerdən od yağırdı. Gecə saat 4-ə kimi biz yüksəklikləri aldıq. Həmin döyüşdə bir dostumu - Aydın Manerovu itirdim. Qrantamyotla vurmuşdular onu. Qucağıma alıb çıxarmaq istəsəm də o imkan vermədi. Elcan Məmmədova Aydını geri aparmaq tapşırığını verdim, amma bir az sonra Elcan da yaralandı. Aydının meyitini ordan çıxara bilmədik (göz yaşlarına hakim ola bilmir həmsöhbətim). Həmin döyüşdə daha bir dostumu Elman Şirəliyevi itirdim. Elmanın bədəni güllədən deşik-deşik olmuşdu.
Əlimizdə olan qüvvə ilə səhər saat 6-ya kimi döyüşdük. Hər üç yüksəkliyi almışdıq. Səhərə yaxın mən üç yerdən - hər iki qolumdan və sağ böyrümdən yaralandım. Hər tərəfdən erməni atırdı. 3-4 km yolu sürünə-sürünə Tərtərin Marquşavan kəndinə gəldim. Yaralarımı sarıyıb məni Tərtər xəstəxanasına göndərdilər. Ozamanlar döyüşlərin güclü vaxtı idi. Xəstəxanalar yaralılarla doluydu. Məni Bakıya gətirdilər, Sabunçu rayon xəstəxanasında yatdım, bir müddət sonra Mərkəzi Kliniki Xəstəxanaya yazdılar. Mart ayında sağaldıqdan sonra yenidən Tərtərə qayıtdım. Bizim batalyon döyüşlərdə 12 nəfər hərbi əsir gətirmişdi. 1997-ci ilin iyulunda prezidentin fərmanı ilə tərxis olundum. İlk yaralandığım döyüş 1992 -ci ildə "Daşaltı"əməliyyatı olub. Sonuncu dəfə Ağdərə də yaralanmışam. Şuşada, Ağdərədə, Qubadlıda, Zəngilanda, Cəbrayılda, Füzulidə, Tərtərdə, Ağdamda, Kəlbəcərdə, Murovdağda döyüşlərdə iştirak etmişəm. O dövrlərdə Xanlar rayonunun Çərkəz və Qarabulaq kəndləri var idi. Həmin kəndlər ermənilərin əlindəydi. Bizim dəstə İsmət Qayıbov, Məhəmməd Əsədovdan icazə alıb, həmin kəndləri ermənilərdən təmizlədik.
Mənim dəstəmdə uşaqların hamısı Qərbi Azərbaycadan gəlmiş uşaqlar idi, onların hamısı erməni dilini bildiyi üçün bizə kəşfiyyatda asan olurdu. Bizim dəstə başqa batalyonların bacarmadığı işləri uğurla həyata keçiridi.
Ozamanlar mənə "dikiy" deyirdilər. Sonra hərbi hissə komandiri mənə "Ştirlis" ləqəbini verdi. Kəşfiyyatda bütün uşaqların ləqəbi var idi. Heç kəs adı ilə çağırılmırdı. Orda "Tampo", "Kobra" ləqəbli uşaqlar var idi. Bizim dəstə batalyonlardan yığılmış könüllülərdən ibarət idi...
Azər Xocalı hadisəsinin də canlı şahidi olub.
- 1992-ci ilin yanvarında biz Xocalıdaydıq. Xocalı aeroportunun komandiri Kamil Məmmədova nə qədər qüvvə göndərilməsi, əhalinin çıxarılması üçün müraciət etsək də heç bir faydası olmadı. Özüm şahidiyəm ki, Xocalı əhalisi təslim olmaq istəmirdi. Əllərində heç bir silahı olmayan xocalılar küçələrdə keşik çəkirdilər. Sadəcə, onlara qüvvə lazım idi. Onlar deyirdilər ki, bizim aeroportumuz işləyir, bizə qüvvə gələcək. Ümidli idi xocalılılar. Son günə qədər bu belə idi. Xocalı mühasirədə idi, tək bir yol meşənin içi qalmışdı. Biz ikinci dəfə ora Xocalının məhvindən sonra, fevralın 26-sı səhər çatdıq. Hamilə qadınların, körpə uşaqların qarnı yarılmışdı. Hələ də unuda bilmirəm o mənzərələri...
Keçmiş kəşfiyyatçı ordumuz haqqında da danışır. Deyir ki, bizim döyüşçülər bacarıqlı, vətənpərvərdir. "Ermənilərin ordusu muzdlular idi. Ərəblər, ukraynalılar, kazaklardan ibarət idi onların ordusu. Biz o zaman Sanvel Qriqoryan adlı bir erməni döyüşçüsünü əsir götürmüşdük. Şəmkir rayonunda doğulmuşdu. İnanın ki, Azərbaycanın tanımadığı nöqtəsi yox idi. Dediyinə görə, 600 dollar pul verirdilər ona. Sonra Cora adlı bir İran ermənisi tutmuşduq. O deyirdi ki, "məni aldatdılar. Bir ay pulumu verdilər, indi iki aydır vermirlər. Çıxa da bilmirəm burdan"".
Heydər Əliyev hakimiyyətə gələndən sonra ordumuzun daha da gücləndiyini deyən müsahibim deyir ki, indi də müharibə olarsa, kəşfiyyatçı kimi müharibədə iştirak etməyə hazırdı. "Təki Vətən yaşasın", - söyləyir Azər.
İradə CƏLİLOVA
Yazı "Kaspi" qəzetinin Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş Vətənpərvərlik mövzusunda bədii əsər və publisistik yazı müsabiqəsinə təqdim olunur