Fövqəladə Hallar Nazirliyi (FHN) yenidən əhaliyə xəbərdarlıq edib. Nazirlikdən verilən məlumata görə, müraciətdə bildirilir ki, son günlər çimmək üçün qadağan olunmuş su hövzələrinə, qeyri-çimərlik ərazilərə valideynlərinin nəzarəti olmadan üz tutan azyaşlıların, yeniyetmələrin sayı artıb. Eyni zamanda, çimərlik mövsümü başlayandan (1 iyun) qadağan olunmuş su hövzələrində, qeyri-çimərlik ərazilərdə suda boğularaq batmış 28 nəfərdən 10-u azyaşlıdır.
Fövqəladə Hallar Nazirliyi vətəndaşların bir daha nəzərinə çatdırır ki, isti yay günlərində uşaqların qeyri-qanuni çimərliklərdə hərəkətlərini məhdudlaşdırsınlar, onların xüsusilə küləkli havada dalğalı suya nəzarətsiz şəkildə daxil olmalarına icazə verməsinlər, Dövlət Sularda Xilasetmə Xidmətinin xilasedicilərinin tələblərinə sözsüz əməl etsinlər.
Modern.az