Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Uşaq rifahı və inkişafı şöbəsinə yeni müdir təyin olunub.
Modern.az-ın əldə etdiyi məlumata görə, agentliyin direktoru Eşqi Bağırovun müvafiq əmri ilə bu vəzifəyə İlhamə Sarif qızı Abdullayeva təyin edilib.
Qeyd edək ki, İlhamə Abdullayeva 2022-ci ildən sözügedən təyinatadək Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri vəzifəsində çalışıb.
O, müxtəlif dövrlərdə ümumi təhsil müəssisəsində müəllim və direktor müavini kimi fəaliyyət göstərib. Həmçinin Bakı Şəhəri üzrə Təhsil İdarəsində sektor müdiri və müdir müavini, daha sonra isə Elm və Təhsil Nazirliyində şöbə müdirinin müavini vəzifələrində işləyib.
İ.Abdullayeva 2014-cü ildə təhsilin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub.