Şagirdin məktəbdən sonra evdə saatlarla dərs hazırlaması onun üçün ikinci iş gününə çevrilir.
Bunu Modern.az-a açıqlamasında təhsil eksperti Əmrah Həsənli bildirib.
O qeyd edib ki, bu rejimin uşağın fiziki və psixoloji inkişafına təsirindən danışıb.
“Hərəkətsizlik, yuxu rejiminin pozulması, gözlərin və qamətin yüklənməsi, daimi yorğunluq, diqqətin dağılması kimi problemlər yaranır. Psixoloji baxımdan isə uşağın təhsilə marağı azalır, öyrənmək onun üçün məcburiyyətə çevrilir, narahatlığı artır, özünə inamı zəifləyir.
Uşağın oynamağa, dincəlməyə, yaradıcı fəaliyyətə və ailəsi ilə ünsiyyətə vaxtı qalmır. Halbuki bunlar şəxsiyyətin formalaşması üçün vacibdir. Beynəlxalq tədqiqatlar da göstərir ki, ev tapşırığının həcmi müəyyən həddi keçdikdə təhsil nəticələrinə müsbət təsir göstərmir, stress və tükənmə riskini artırır”.
“Mövzu məktəbdə öyrədilməlidir”
Həsənli ev tapşırığının məktəbdə öyrənilən mövzunu möhkəmləndirmək üçün verilməli olduğunu bildirib.
“Mövzu məktəbdə müəllimin rəhbərliyi ilə öyrədilməlidir. Ev tapşırığı isə öyrənilənləri qısa və məqsədyönlü şəkildə möhkəmləndirməlidir. Uşaq mövzunu evdə sıfırdan öyrənməyə və ya valideynin köməyinə möhtac qalmamalıdır. Tapşırığın həcmi uşağın yaşına və oxuduğu sinfə uyğun olmalıdır. Kiçik siniflərdə tapşırıqlar az, yaradıcı və oyun elementləri ilə zəngin olmalıdır. Proqram dərs vaxtı tam mənimsənilmirsə, bunun yükünü ailəyə ötürmək düzgün deyil. Bu, təhsil sistemi və tədris metodikası ilə bağlı məsələdir”.
“İşləyən valideyn evdə ikinci növbəyə başlayır”
Ekspert valideynin evdə müəllim rolunu üzərinə götürməsinin ailə münasibətlərində gərginlik yaratdığını deyib.
“Axşam saatları ailənin birgə vaxtı olmalıdır. Amma çox hallarda dərs hazırlığı bu vaxtı gərginliyə, qışqırığa, qarşılıqlı irad və qınaqlara çevirir. Valideyn uşağın gözündə nəzarətçiyə və ya qiymət verən adama çevrilir. Uşaq onun münasibətini təzyiq kimi hiss etməyə başlayır. Bu da aralarındakı emosional yaxınlığı zəiflədir.
İşləyən valideyn iş günündən sonra yorğun halda ikinci növbəyə başlayır. Bu da onun istirahət vaxtına, şəxsi həyatına və işlə şəxsi həyat arasındakı tarazlığa təsir edir. Üstəlik, hər ailənin biliyi, vaxtı və maddi imkanı eyni deyil. Valideyninin mövzunu izah etməyə biliyi və ya vaxtı çatmayan uşaq bu sistemdə geridə qalır. Nəticədə təhsildə bərabərsizlik dərinləşir və repetitorluğa meyil artır”.
30-35 şagirdli sinifdə hər uşağa eyni diqqəti ayırmaq çətinləşir
Həsənli sıx siniflərin və yüklü proqramın mövzunun mənimsənilməsi yükünü evə daşıdığını bildirib.
“Sinifdə 30-35 şagird olduqda müəllimin hər birinə eyni diqqəti ayırması mümkün olmur. Bu, müəllimin fəaliyyətində şəffaflığa da təsir göstərir. Proqramın yüklü olması müəllimi mövzunu tez keçməyə, şagirdin onu mənimsəməsini isə evə həvalə etməyə məcbur edir. Qiymətləndirmənin daha çox yaddaşa və imtahana yönəlməsi tənqidi düşüncənin, öyrənilənləri tətbiq etmək bacarığının və yaradıcılığın inkişafını arxa plana keçirir. Düşünürəm ki, problemin həlli məktəbdə tədrisin keyfiyyətini artırmaqdır”.