Məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırması prosesinə hazırlıq məqsədilə sınaq imtahanları keçiriləcək. Sınaq imtahanının faydaları, sualların formatı maraq doğrur.
Mövzuyla bağlı təhsil eksperti Əmrah Həsənli Modern.az-a danışıb. O qeyd edib ki, sınağın təşkilinin əsas məqsədi qorxu və stressi azaltmaqdır.
"120 dəqiqəyə müəllim 60 sualı necə bölməli olduğunu öncədən görür. Səhv cavabların yekun nəticəyə təsir göstərməməsi də burda olduqca mühüm məqamdır. Çünki bu imtahanı qiymətləndirmə yox, diaqnostika alətinə çevirir. Müəllim hansı mövzularda zəif olduğunu aydın görəcək və qalan vaxtı da məhz bu boşluqlara fokuslana biləcək. Həmçinin, sınaq imtahanı müəllimlərdə sistemə inam yaradır. Proses şəffaf olur və heç kim sertifikatlaşdırmada naməlum bir şeylə üz-üzə gəlmir".
Ekspertin sözlərinə görə hər suala 2 dəqiqə vaxt düşür.
"Düşünürəm ki, burada sadəcə qapalı suallar olamayacaq və situasiya və keys xarakterli tapşırıqlar da olacaq. Praktiki suallara və tapşırıqlara yer veriləcəyini düşünürəm. Çünki, məzmun və metodika, uşaq və yaş psixologiyası kimi istiqamətlər məhz bu cür yanaşmalar tələb eləyir.
Çətinlik məsələsinə gəldikdə isə, sınaq imtahanı çətinlikdən çox hazırlıq xarakteri daşıyır və suallar əsasən orta səviyyədə olacaq. Buradakı əsas məqsəd müəllimlərin biliklərinin hazırki vəziyyətini görmək və əsas imtahana istiqamətləndirməkdir. Ancaq, təbii ki, dərin təfəkkür tələb eləyən, analiz və tətbiq bacarığını yoxlayan suallar da olsun. Əsas çətinlik sualların özündən çox vaxtın düzgün idarə olunmasında və yeni formatın yaratdığı psixoloji gərginlikdə ola bilər".
Ekspert nəticələrlə bağlı gözləntilərini də açıqlayıb:
"İlk sınaqda mən yüksək nəticələr gözləmirəm. Bağça müəllimlərinin illərin təcrübəsi olsa da, sənəddəki bu qiymətləndirmə çərçivəsinə uyğun olan suallarla işləmək onlar üçün yenidir. Ona görə də, bəzi müəllimlərin praktik suallarda yaxşı, nəzəri və terminoloji suallarda isə daha zəif nəticə göstərə biləcəyi ehtimal olunur. Əsas odur ki, bu nəticələr müəllimin əleyhinə istifadə olunmasın, yalnız onun peşəkar inkişafına xidmət eləsin".
Ekspert sonda vurğulayıb ki, müəllimlər qiymətləndirmə çərçivəsi sənədini diqqətlə oxusunlar və aldıqları nəticəni öz inkişaf planının başlanğıcı kimi qəbul etsinlər.