Modern.az xəbər verir ki, Azərbaycanın ərazi bütövlüyünün və Konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə fiziki sağlamlıqlarını itirmiş insanların və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində tədbirlərin davamı olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sentyabrın 25-də Xaçmaz rayonunda 4 mərtəbəli 36 mənzilli yaşayış binası əlil və şəhid ailələrinə təqdim olunub. Eyni zamanda 11 ədəd NAZ-Lifan markalı minik avtomobili bölgədə yaşayan müharibə əlillərinə verilib.
Mənzillərin və minik avtomobillərinin təqdim olunması mərasimində iştirak edən əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov bildirib ki, son 10 ildə prezident İlham Əliyevin tapşırığına əsasən, əlil və şəhid ailələri üçün mənzil tikintisi xeyli sürətlənib. 2003-2013-cü illərdə respublikanın müxtəlif bölgələrdə 4 mindən çox, ümumilikdə, 1997-ci ildən bu vaxta qədər 5 minə yaxın mənzil inşa etdirilərək Azərbaycanın ərazi bütövlüyü və Konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə fiziki sağlamlıqlarını itirərək əlil olmuş vətəndaşlara və şəhid ailələrinə verilib.



