Modern.az

Heydər Əliyev Fondu uşaqlar üçün Yeni il şənliyi keçirib- FOTOLAR

Heydər Əliyev Fondu  uşaqlar üçün Yeni il şənliyi keçirib- FOTOLAR

Təhsil

28 Dekabr 2013, 21:44

Dekabrın 28-də Heydər Əliyev Fondu “Buta” sarayında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində uşaqlar üçün ənənəvi bayram şənliyi keçirib.
Bayram şənliklərində uşaq evləri və internat məktəblərinin yetirmələri, sağlamlıq imkanları məhdud olan, şəhid, qaçqın və məcburi köçkün ailələrindən uşaqlar, eləcə də təhsildə fərqlənən məktəblilər iştirak ediblər. Şənlikdə iştirak edən uşaqların “Buta” sarayına gəlib-getmələri üçün xüsusi avtobuslar ayrılıb.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva bayram şənliyində iştirak ediblər.
Hər il olduğu kimi, bu il də şənlik iştirakçılarına yeni tərtibatda hazırlanan proqram təqdim edilib. Bu proqram və balacalar üçün qurulan, əsl bayram ab-havası yaradan dekorasiyalar uşaqların əhval-ruhiyyəsini daha da yüksəldib. Bər-bəzəkli sarayda rəqslərə qoşulan, mahnılar ifa edən, məharətlərini göstərən, möcüzələrə heyrət edən uşaqların sevinci hədsiz idi. Çünki Heydər Əliyev Fondunun təşkil etdiyi bayram və bu şənlikdə tanınmış sənətçilərin, sevimli nağıl və cizgi filmləri qəhrəmanlarının bir-birindən maraqlı çıxışları məhz onlara ünvanlanmışdı. Bayram şənliyində uşaqların təbəssümü bu ovqatı onlara bəxş edən Heydər Əliyev Fondunun fəaliyyətinə verilən ən yüksək qiymət idi. Hər il olduğu kimi, bu dəfə də balacalar onların ən böyük himayədarı Mehriban Əliyevanın ətrafına toplaşıblar. Azərbaycanın birinci xanımı uşaqların sevinc və fərəhini bölüşüb, onlarla səmimi söhbət edib.
Bayram şənliyi üçün hazırlanan musiqili kompozisiyada peşəkar incəsənət ustaları ilə yanaşı, uşaq kollektivləri də maraqlı proqramla çıxış ediblər.
Bayram şənliyində çıxış edən Azərbaycanın birinci xanımı Mehriban Əliyeva deyib:
- Əziz uşaqlar, hörmətli valideynlər, hörmətli müəllimlər!
Mən sizin hamınızı qarşıdan gələn Yeni il bayramı münasibətilə ürəkdən təbrik edirəm. Yeni ildə sizə uğurlar, xoşbəxtlik, cansağlığı arzulayıram. Mən arzulayıram ki, yeni ildə bizim bütün balalarımız yaxşı oxusunlar, təhsillərini davam etdirsinlər, savadlı olsunlar, müxtəlif biliklərə yiyələnsinlər. Çünki hər bir insanın gələcəyini, gələcək taleyini onun biliyi, savadı, təhsili təmin edir. Ona görə, əziz uşaqlar, sizin bugünkü vəzifəniz məhz yaxşı oxumaq, bilikli olmaqdır.
Mən arzu edirəm ki, bizim bütün balalarımız Azərbaycana, Vətənə bağlı olsunlar, Vətəni sevsinlər, vətənpərvər böyüsünlər. Azərbaycan kimi ölkədə yaşamaq böyük xoşbəxtlikdir. Azərbaycanın təkrarolunmaz təbiəti, qədim və zəngin mədəniyyəti, istedadlı xalqı vardır. Bu il də Azərbaycan bir sıra uğurlara imza atdı. Ölkəmizdə bu il yüzlərlə yeni məktəblər, bağçalar tikildi və təmir olundu, şəhərlərimiz abadlaşdı, beynəlxalq arenada Azərbaycanın nüfuzu artdı. Bu il ilk dəfədir ki, Azərbaycanın peyki açıq səmaya - kosmosa çıxdı. Bir sözlə, biz hamımız öz ölkəmizlə fəxr etməliyik və Azərbaycanın inkişafı, daha da güclənməsi üçün çalışmalıyıq.
31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Biz hamımız bu gün dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı salamlayırıq, onlara yeni ildə xoşbəxtlik, cansağlığı, uğurlar arzulayırıq.
Əziz uşaqlar, mən sizin hamınızı çox sevirəm. Mən çox arzulayıram ki, hər bir uşağımız sevgi mühitində böyüsün, hər bir azərbaycanlı ailəsində hər şey yaxşı olsun. Mən sizi bir daha ürəkdən təbrik edirəm, bütün Azərbaycan xalqına xoşbəxtlik və əmin-amanlıq arzulayıram. Çox sağ olun!

Şənliyin sonunda hər bir iştirakçıya Heydər Əliyev Fondunun hazırladığı bayram hədiyyələri təqdim olunub.
Balacalar Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ilə xatirə şəkli çəkdiriblər.
Üç gün davam edəcək bayram şənliyində iki mindən çox uşaq və məktəblinin iştirakı gözlənilir.
















Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı