Hava limanından uçağımız (turklər bəzi sözlərə çox gözəl milli ekvivalent tapıblar, biz də onlardan yararlanmalıyıq) havaya qalxanda birinci ağlıma gələn “Əlvida, İstanbul!” oldu. Dünyanın ən gözəl şəhərlərindən biri ilə sağollaşırdım. Bütün türk dünyasının qürur mənbəyi, müsəlman aləminin əsas siyasi istinad nöqtələrindən biri olan Türkiyənin qədim paytaxtı gecələr yuxarıdan lap gözəl görünür. Siyasət demişkən, Bələdiyyə seçkiləri ərəfəsində olduğum qardaş ölkənin qaynar siyasi həyatı, həqiqətən çox maraqlı idi. Hər tərəfdə təşviqat və təbliğat prosesi, sanki ölüm-dirim savaşı... Siyasi liderlərin rəqiblərini ağır ittihamları... Lakin ilk baxışda vahimə oyadan bu sərtliyin arxasında da böyük bir demokratik mədəniyyət, yalnız söz çərçivəsində qalan siyasi debatlar, qarşı tərəfi məsuliyyətə çağıran mövqe... Oteldə baş nazir Rəcəb Tayyib Ərdoğanın Ankarada seçicilərlə görüşünə axıradək baxdım. Televiziya ilə canlı yayımlanan bu çıxışda nitq mədəniyyətinin bütün imkanlarından böyük məharətlə istifadə edilirdi. İxtisasca inşaatçı olan bu adam elə bil Ritorika fənni üzrə 5-6 il mühazirə dinləmiş və elmi çox dərindən mənimsəmişdi. Siyasi diskurs hansı tələbləri qoyursa, Baş nazir həmin tələblərə yaradıcılıqla yanaşıb adamları bir saatdan artıq cəlbedici nitqiylə meydanda coşdura bildi. Nə isə... Mənə ən maraqlı görünən isə onun bir fikri oldu, soruşdu ki, ay camaat, xatırlayırsınızmı, cəmi 10 il bundan əvvəl (yəni biz hakimiyyətə gəlməzdən öncə) Türkiyədə xəstələnən adamların əksəriyyəti müalicə üçün Almaniyaya, Amerikaya, digər ölkələrə gedərdi. Bu gün Türkiyədən bir adam xaricə həkim dalınca getmir, əksinə çox yerlərdən bizə gəlirlər, düzgün müalicə, doğru diaqnoz olduğu üçün. İstər dövlət xəstəxanaları olsun, istər özəl, Türkiyədə bu gün səhiyyə yüksək səviyyədədir... Hamı yerdən alqışlayıb təsdiqlədi, məni isə həsəd hissi məyus etdi!
Görülən bu qədər işlərin, alınan avadanlıqların, tikilən səhiyyə müəssisələrinin müqabilində camaat “çöllərdədir”. Mən İstanbulun bir klinikasına getmişdim-müştərilərin əksəriyyəti Azərbaycanlı idi. Dostlaşdığım bir həkim çəkinmədən dedi ki,”Əgər Azərbaycanda səhiyyə düzəlsə, Türkiyədə bir çox tibb ocaqları bağlanar. Sizdən gələn diaqnozların, analiz cavablarının biri də düz çıxmır. Bunlar məgər təhsil almayıblar?” Düşündüm ki, niyə almayıblar, alıblar. Birincisi, bunların 5-6 ildə (bütün dünyada tibb təhsili 11-12 ildir) aldığı təhsilin çoxu “Elmi kommunizm”, “Siyasi iqtisad”, “Sov.İKP tarixi”, “Marksizm-Leninizm fəlsəfəsi” kimi həkim üçün gərəksiz elmlərdən ibarət olub. Ikincisi, bu gün ortalıqda olan həkimlərin əksəriyyəti sovet dövründə “AMİ”-yə 25-30 min verib “girən” kolxoz sədrlərinin, “pambıq bəylərinin”, “əmək qəhrəmanlarının” balalarıdır, nə peşə dinastiyası var, nə də insaf-mürvət. Verdikləri pulu geri qaytarmaq üçün bu gün hər şeyə hazırdırlar- televiziyalarda mənasız reklamlara(dünyanın heç yerində bizdə olduğu qədər tibb müəssisələri reklam edilmir), dırnağı ağrıyanın ayağını kəsməyə, apteklərlə sövdələşib lazımsız və zərərli dərmanları yazıq insanlara aldırmağa və s.
Yadıma düşdü ki, məni bu qədər artıq xərc çəkib təyyarə bileti almağa, otellərdə gecələməyə, ev-eşiyimi atıb günlərlə yad şəhərdə qalmağa, orda-burda çörək yeməyəvadar edən də elə bizim “həkimlərdir”. Bir neçə il əvvəl bu sahədə işləyən tanışlarımdan birinə zəng etdim ki, yoldaşımın boğazı ağrıyır, kimin yanına məsləhət bilirsən, dedi ki, bəs filankəs olan yerdə heç yerə getmək lazım deyil. Filankəs də, gözünə döndüyüm, klinikanın mühafizəçilər otağından başqa bütün otaqlarına müayinəyə göndərib hər birinə filan qədər verdirəndən sonra məni xəlvətə çəkib dedi ki, bəs yoldaşının cəmi 3 ay ömrü qalıb, biz əməliyyat eləyib səs tellərin də çıxarsaq (yəni daha heç vaxt danışa bilməyəcək) 6-7 ay yaşaya bilər. Bu əməliyyat da cəmi 4500-5000 manat tutacaq. Halımı təsəvvür eləmək çətin deyil, xüsusən də bir xeyirxah adamın məsləhəti ilə İrana gedib Ərdəbildə bu diaqnozun yanlış olduğunu biləndən, cəmi 100 manata xırda bir nasazlığı aradan qaldırıb sağlam həyata qayıdandan sonra... Bəzi qüvvələrin təsiri ilə inkişafına imkan verilməyən və möhtəşəm tarixinə baxmayaraq indi kiçik əyalət şəhəri olan Ərdəbildə o zaman -2007-ci ildə tanış olduğum ağsaqqal bir azərbaycanlı həkim şirin İran ləhcəsi ilədedi ki, ay oğul, İranda 70 milyon əhali var, cəmi 3 onkoloji xəstəxana fəaliyyət göstərir. Biri İranın o başındadır, biri bu başında, biri də ortasında. Hər zaman da onlar boş olarlar. Çünki, insanların cəmi 5 faizində şiş əmələ gələr, onların da 95 faizi xoş xassəli olar, 5 faizi bəd xassəli. Ancaq Azərbaycandan gələn xəstələrdən görürük ki, orda 95 % bəd xassə diaqnozu qoyulur. Hələ indiyədək biri də düz çıxmayıb.
Nə isə... Bir neçə belə hadisə ilə üzləşəndən sonra söz verdim ki, daha dişim də ağrısa xaricə gedəcəyəm, görünür belə söz verən tək mən deyiləm, yoxsa İrana, Türkiyəyə, Almaniyaya, İsrailə və başqa ölkələrə uçan təyyarələrə bilet tapmaq rahat olardı...