Həyatının 15 ilini “Yeni Müsavat” qəzetinə həsr etmiş əməkdaşımız Elşad Paşasoyun 40 yaşı tamam oldu
Həyatının 15 ilini “Yeni Müsavat” qəzetinə həsr etmiş əməkdaşımız Elşad Paşasoyun 40 illik yubileyidir.
Həmkarımızın 40-cı doğum günündə onunla söhbət etmək qərarına gəldik. Beləcə redaksiyaya yaxın çay evinin birində ilginç dialoqumuz baş tutdu.
Bu illər ərzində dərin təcrübəyə sahiblənmiş usta yazar maraqlı söhbətilə özəl nüanslara da toxundu.
Hər zaman geniş ictimai əlaqələri ilə seçilən E.Paşasoydan bunun sirrini soruşduqda bildirdi ki, bunun kökündə qarşılıqlı inam dayanır.
“Həmsöhbətini bircə dəfə aldatmaq kifayətdir ki, sənə inamı itsin”-deyən, müsahibimiz dürüstlüyü vacib həyat prinsipi saydığını söylədi.
“Sadəcə mən elə hesab edirəm ki, jurnalist ilk öncə vətəndaş olmalıdır”-deyən, E.Paşasoy bu durumu paralellik əsasında da izah etdi:
“Bir çoxları deyir ki, bəzən müsahibinin sənə dediyi, lakin ricası ilə yazmadığın xəbər hardasa xəbərin özünə xəyanətdir. Amma elə deyil. İlk öncə diqqət yetirmək gərəkdir məlumat milli ideyaya, təhlükəsizliyə zərərli olmasın. Əks təqdirdə o cür xəbərləri xəncər kimi oxucunun kürəyinə sancmaq olmaz. Əl gəzdirmək lazımdır”.
Mənim replika-sualım:
- “Jurnalist ilk öncə vətəndaş olmalıdır”-ifadəsini professor Cahangir Məmmədlinin dilindən tez-tez eşidirik. Maraqlıdır, sizin jurnalistikaya gəlişinizdə C.Məmədlitək mətbuat nümayəndələrindən kimlərin rolu olub? Ümumən hansı jurnalistləri özünüzə örnək hesab etmisiniz?
- Məni mətbuata gətirən səbəblər sırasında şəhid jurnalistlər Alı Mustafayev, Salatın Əsgərova, Çingiz Mustafayevin böyük rolu olub. Onlar bu sənətə üz tutmağımda stimula çevriliblər. Nəinki mənə bir çoxlarına örnək ola biləcək şəxs kimi isə Şirməmməd Hüseynovu misal gətirə bilərəm. O, Azərbaycan jurnalistikasının fenomenidir. Onu əvvəl qiyabi tanıyırdım. Sonralar bir neçə dəfə həmsöhbət olduqdan sonra sözün üstündə necə əsdiyini gördükcə, əzmkarlıqla çalışmasını müşahidə etdikcə rəğbətim daha da artdı. Azərbaycan Xalq Cümhuriyyəti, Məmməd Əmin Rəsulzadə ilə bağlı araşdırmalarını gördükcə insan fərəhlənir. Şirməmməd müəllim bu işə o qədər can yandırır ki, hətta bir yanlışlıq olamsın deyə əski əlfibada olan versiyalarla müasir nəşrləri tutuşdurur. Amma ən başlıca yeri heç şübhəsiz “Yeni Müsavat” tutur. 15 ildir ki, “Yeni Müsavat” qəzetində, ailəsindəyəm. Çağdaş jurnalistikamızın dəyərli yazarı, tarixə həkk olunmuş imzaya sahib Rauf Arifoğlu ilə bu illər ərzində çalışmaq şərfədir. 25 yaşımdan burdayam. Ali məktəb və hərbi xidmətidən başqa, öz ailəm qədər R.Arifolunun, “Yeni Müsavat”ın ailəsində olmuşam.
| “Nəinki mənə bir çoxlarına örnək ola biləcək şəxs kimi isə Şirməmməd Hüseynovu misal gətirə bilərəm” |
-Həmkarlarınızdan kimin imzasını bəyənirsiniz?
- Hikmət Sabiroğlu, Fəxri Uğurlu, Azər Qaraçənlinin yazılarını çox bəyənir və məmnuniyyətlə oxuyuram.
-Bəs xanımlardan?
-Xanım həmkarlarımdan öz iş yoldaşlarım Aygün Muradxanlı, Sevinc Telmanqızı çox gözəl yazarlardır. Onların cəsarətli yazıları hər zaman aktualdır. O cümlədən vaxtilə birlikdə çalışdığımız Alya Yaqublunun çox orjinal dəsti - xətti var. Kimlərin adını çəkməyi unutdumsa üzürlü hesab etsin.
-Sizin imzanız da bir çoxlarına maraqlı gəlir....Paşasoy!
-Bir maraqlı hadisə danışım. Deməli, hələ Sovetlər dağılmamışdan öncə soyadımı Paşasoy deyə dəyişmək qərarına gəldim. Uzun - uzadı get-gəllərdən sonra anladım ki, cəhdlərim boşdur. Daha sonra müstəqillik illərində də elə oldu ki, şəxsiyyət vəsiqəmdə soyadım Paşa deyə, qeydə alındı. Hazırda bütün ailə üzvlərim bu soyadı daşıyır. Hətta bəzən rəsmi sənəd ardınca gedəndə yaxud poliklinikada filan soruşurlar ki: “Siz türksünüz?”. Bunun özü də maraqlıdır, Azərbaycanda türkdən siz türküsünüz soruşular. Amma hər zaman mətbuatda Paşasoy imzasını yaşatmağı özümə borc bilmişəm.
-Siz əslən Yardımlı rayonundansınız. Bunu əsas götürən bir çoxları sizin milli mənsubiyyətinizin talış olmasına dair fikrilər səsləndirir. Bu barədə nə deyə bilərsiniz?
-Yardımlı daim qədim türk torpağı olub. Burada mövcud olan qədim arxioloji abidələr bunun əyani sübutudur. O ki, qaldı kimlərinsə etnik mənsubiyyət məsələsini qabartmasına, bu yalnız məkrli yanaşmanın əlamətidir. Tarixən türk-talış problemi olmayıb. Qarabağ döyüşlərində elə talış kəndi olub ki, bir gündə bir neçə şəhidin meyiti gəlib. Bunları unudub hansısa mənfi məqamları şişirtmək Azərbaycanın parçalamasına hesablanmış siyasətidir. Yadımdadır 1993-cü ildə mən tələbə olarkən Əlikram Hümbətovun “Talış-Muğan Respublikası” yaratma istəyini necə pisləyirdik. Bugün Ukraynanın durumu o vaxt Azərbaycanın vəziyyəti idi. Biz həmin ərəfədə tələbə yoldaşlarımla birlikdə televiziyaya çıxıb, Ə.Hümbətovun bu addımını pisləyir, insanları bu kimi separatçılara dəstək olmamağa çağırırdıq. Həmin vaxt Ə.Hümbətovun tərəfdarları bizə zənglər edib, təhdidlər yağdırırdı.
| “Tarixən türk-talış problemi olmayıb” |
-Hər birimizə məlum olduğu kimi bugünlərdə həmkarımız Fərahim İlqaroğlu peşə fəaliyyəti ilə əlaqədar fiziki təzyiqlə üzləşib. Siz də jurnalist fəaliyyətiniz dönəmində bu kimi təzyiqlərə məruz qalmısınız?
-2003-cü ildə Azadlıq meydanındakı aksiyalar zamanı ağır zərbələr almışam. O vaxt bizi yaxşıca döymüşdülər. (Deyib, gülür)
Yadımdadır məni o qədər vurmuşdular ki, huşum itmişdi. Bir də onda ayıldım ki, bir polis məni qaramaskalının əlindən dartıb alır ki: “Bu jurnalistdir, öldürməyin”. Həmin polisə bugün də minnətdaram.
Sahil bağındakı aksiyalarda da ciddi zədələr almışam. Sonrakı mərhələdə də bir çox təhdid dolu zənglər gəlib. Şükür ki, hələ öldürməyiblər. Çalışırıq ki, hər şeyə rəğmən öz fəaliyyətimizi davam etdirək. Ümumiyyətlə jurnalistika elə sahədir ki, kiminsə mənafeyinə toxunmadan yazmaq olmur. Yoxsa gərək qulaq kar, göz kor ola, əldəki yazmaya. Gənc həmkarımın başına gələnlər bir daha göstərdi ki, cəmiyyətdə jurnalistikaya obyektiv baxış yoxdur. Anlamırlar ki, jurnalistin borcu mövcud əyrililikləri yazmaqdır. Əgər bir yerdə ağac kəsilir və bunu jurnalist yazarsa fikir vermirlər. O vaxt ki, prezident deyir ağac kəsmək olmaz məmurlar onda ayılır.
-Yaradıcılığa necə başlamısınız?
-Mən yaradıcılığa şeirlə başlamışam. Hələ orta məktəbdə ikən Yardımlı rayonunda nəşr olunan “Yeni kənd”, sonralar “Zirvə” adlanan qəzetdə yazılarım, şeirlərim çap olunurdu.
-Şeirlərinizdən birini desəniz şad olardıq.
- Yeniyetməlik dövrümdə yazdığım şerlərdən birini demək istərdim.
Həyat mənə qəfəs olub,
təbiətə çıxam gərək.
Həyatda yol tutmalıyam,
öz yoluma baxam gərək.
Ad qazanam zəhmətimlə,
insanlara hörmətimlə,
yaxşılarla vəhdətimlə,
yamanları yıxam gərək.
Görürsənmi himi, cimi,
Biclik olub Yer hakimi.
Haqqa dönüb şimşək kimi
Yamanları yaxam gərək.
-Daha çox hansı mövzularda şerlər qələmə alırsınız?
| “Bu sual məni hövsələdən çıxardır” |
-Sevgi, vətən, ümumiyyətlə Azərbaycanda populyar olan mövzuların bir çoxunda yazmağa çalışmışam. Xəlil Rza Ulutürk isə sevdiyim şairlərdəndir. Onun öz ifasında şerlərini dinlədikdə hər zaman mən də şer yazmaq coşqusu duymuşam.
X.R.Ulutürk yazırdı ki:
“Bir kişi deyir ayaq üstə öləcəm,
can vermə ölümə qoca,
Mənə ölüm yoxdur əcəl yetsə də,
şeirimlə dünyanı sağaltmayınca..."
Xəlil Rza dünyasını dəyişəndə onun bu şerinə bir sərbəst şeir - nəzirə yazmışdım. Bir hissəsi yadımdadır...
Sağaltdınmı bu dünyanı ey ulular, ulusu,
Kimlərə bəs ismarladın məmləkəti, ulusu?
Sən nəfəsi od, qəlbi atəş,
Gözlərindən alov doğan yanan günəş.
Nəzəriylə sal qayanı endirən,
keçmişləri yada salan, dindirən.
Hələ çoxdur aramızda boşqab dibi yalayanlar,
Öz odunu söndürənlər, başqasını qalayanlar,
Hələ çoxdur aramızda beyni kiflər.
Yox, sən hələ ölməmisən, ölməz adın daşıyırsan,
Sağaldınca bu dünyanı hələ cismən yaşayırsan!
1998-ci ildə Aqil Abbas məni “Ədalət” qəzetində işə dəvət etmişdi, onda söz-sözü çəkdi, bu şeiri dinlədi və bir neçə gün sonra qəzetdə çap elədi. Yeri gəlmişkən, jurnalistikaya gəlişimdə Aqil Abbasın böyük rolu olub. Hərbi hissəmizə görüşə gələn ziyalılar arasındaydı, mənim əvvəlcə AzTv-yə müsahibəm, sonra konfrans zalında bir “alovlu” çıxışım oldu. Sonda Aqil Abbas gəlib boynumu qucaqladı və “xidməti qurtar, gəl jurnalistikaya”-dedi. Beləcə gəldim.
-Siz həm də bir kitab müəllifisiniz.
-Bəli. Müsahibələrimdən ibarət topludur. O vaxt Mətbuat Şurasının sədri Əflatun Amaşovla söhbət edirdik. O, belə bir ideya təklif etdi. Maraq cəlb etdiyindən qərarlaşdırdıq ki, müsahibələrdən ibarət toplu kimi kitab nəşr etdirək. Rauf bəy də kitab üçün yaxşı ön söz yazmışdı. Həmin kitabda yüzdən çox müsahibə yer alıb.
-Elşad bəy, ən böyük arzunuz nədir?
-Mən “Yeni Müsavat”a yenicə gəlmişdim. Onda sorğu keçirdirdilər ki, ən böyük arzunuz nədir. Yazmışdım ki, istərdim ölkəmiz o dərəcədə abad olub, inkişaf etsin ki, mən ucqar kənd yerində müəllim kimi çalışım. Bu gün də Qarabağ nisgili ilə narahatlıq yaşayırıq. Adicə insanın dişi ağrıyanda bütün günü zay olur. O ki, qala vətənin düşmən tapdağında ola. Düzü hesab edirəm ki, bu gün ölkəmizdə hökm sürən stressin, narahatlığın başlıca səbəbindən biri məhz budur.
Bu mövzuda bir xeyli danışdıqdan sonra şəxsi sferada qısa söhbət etdik.
| “Bəli, Qarabağı erməni bizdən daha çox istəyib” |
-Elşad bəy, xasiyyətiniz tünddür?
-Etiraf edim ki, hə.
-Həyat yoldaşınız sizinlə bağlı ən çox nədən narazılıq edir?
-Mən əsəbiləşəndə gec özümə gəlirəm. İnsan var ki, əsəbi yaz yağışı kimidir, gün çıxan kimi hər şeyi unudur. Amma mən elə deyiləm.
-Sevib ailə qurmusunuz?
-Məncə insan həyatında o mərhələ də olmalıdır.
-Məntiq evliliyinə necə yanaşırsınız?
-O insanın baxış bucağından asılıdır. İşıq bilib getdiyin canavar gözü çıxa bilər.
-2 övladınız var. Allah qorusun. Onların həyatınızdakı yeri?
-Qızım böyükdür. O, aylı gecənin birində, ulduzlar sayrışarkən dünyaya gəlib. Ona görə də adını Aydan qoymuşam. Aylı gecənin harmoniyasından doğan addır. Qızım çox utancaqdır. Bir neçə aydır rəqsə getməsinə baxmayaraq yanımda oynamağa utanır. O gün məktəbdə keçirilən tədbirdə “Sarı gəlin” mahnısını rəqs edib. Oğlum isə ötkəmdir. Onu kompüterdə çox oturmağa qoymuram. O dəfə mənə deyir ki: “Sən necə atasan qoymursan kompüterdə oturum. Başqaları uşağı ağrıyanda, küsəndə icazə verir ki, kompüterdə otursun”. Keçən dəfə də soruşur ki: “Ata necə olur Əhmədli metro-stansiyası var amma Əhməd Cavad stansiyası yoxdur. Bilirsən də o, Azərbaycan himinin sözlərini yazıb”.
Ürəklə övladlarından söz açan müsahibimizin gözləri fərəhlə alovlanırdı.
Bu əsnada gəncliyini yada salan E.Paşasoy maraqlı əsgərlik xatirələrindən də söz açdı. Yeməyə qarşı həssas olduğundan hər kəsin əsgərlikdə onun əziyyət çəkəcəyini dediyini xatırlayaraq, gülümsədi.
“Adətən xanımınıza hansı yeməyi bişirməyi sifariş edirsiniz”, -sualını cavablandıran müsahibimizin cavabı isə maraqlı oldu.
“Bu sual məni hövsələdən çıxardır. Yoldaşım bu barədə mənə sual verəndə deyirəm ki, mən yazı yazanda səndən soruşdum ki, nə yazım?! Sən də nə istəyirsən bişir”, - deyərək, gülüb ailədə hər kəsin öz vəzifələri olduğunu bildirdi.
Söhbət zamanı 2010-cu il parlament seçkilərindəki iştirakını da yada saldıq. 2015-ci il seçimlərinə hazırlaşıb-hazırlaşmadığını xəbər aldıqda isə belə cavab verdi:
“Qismət olsa 2015-ci il parlament seçkilərində iştirak etməyi düşünürəm. 2010-cu ildə düşündüyümdən daha çox etimad və rəğbətlə qarşılaşmışdım. 72 saylı Masallı-Yardımlı seçki dairəsində insanların problemləri, güzəranları mənə yaxın olduğundan onların durumlarına yaxşı bələdəm. Həmin seçkidə Sabir Rüstəmxanlı qalib gəlmişdi. Sabir bəyin də dediyi kimi, aramızda ləyaqətli mübarizə getmişdi. Mən seçicilərlə görüşdə Sabir bəyin ziyalı insan olduğunu dəfələrlə vurğulayırdım. Bu reallıq olmaqla bahəm, seçki mədəniyyətinin də formalaşmasında addımdır. Xoş olardı ki, rəqiblər bir-birilə anlayışlı ortamda mübarizə aparsınlar. Mandatdı bu gün qazana, sabah itirə biləsən. Əsas bir-birini görəndə utanmayasan.
-Yekunda gənc həmkarlarınıza tövsiyyələrinzi duymaq xoş olardı.
-Öncə belə bir maraqlı söhbətə görə təşəkkürümü bildirirəm. Açığı, Rauf bəy bu təklifi irəli sürəndə tərəddüd etdim. Çox çətin müsahiblərdən necə deyərlər, kəlbətinlə söz alıb, yazmışam. Amma özümün müsahib qismində iştirakım daha çətin idi. Sizə də uğurlar diləyirəm. Mən hesab edirəm ki, bir hər birimiz öyrənməkdə daim davam etməliyik. Bəzən özümüz buna görə qınayıram ki, bu illər ərzində sənətimin sirlərinə daha çox yiyələnə bilərdim. Lakin günlük yazı yazmaq məsuliyyəti, ümumi yorğunluq insanı yaradıcılıqdan uzaqlaşdırır. Bir də çox istərdim ki, biz mətbuat işçiləri bir-birimizin yazılarını oxuyub, ictimai nəzarəti elə özümüzə təşkil edək. O vaxt biz mətbuata gələndə mətbuatın qızıl dövrü idi. Hətta sabiq prezident Heydər Əliyevlə qısa da olsa, danışmaq imkanımız olurdu. O vaxt çox qəzet çıxmasına rəğmən hamı həmkarının yazılarını oxuyurdu. Amma indi az sayda qəzet çıxsa da çox həmkarlarım başlıqlara baxaraq qəzetləri qapadır. O vaxt rəhmətlik Sirus Təbrizi, Sabir Azəri hansısa yazımıza görə zəng vurub təbrik edərək, təkliflərini bildirəndə adamın qolu-qanadı açılırdı. Bir sözlə, məncə, ictimai nəzarətin zəif olmasını biz bərpa edə bilərik. Ümid özümüzə qalıb.
Ondan başqa məni narahat edən məsələlərdən biri bizim cəmiyyətdə var olan qədirbilməzlik sindromudur. Qarabağ da elə torpaqlarımızın qədrini bilmədiyimiz üçün əldən çıxdı. Bəli, Qarabağı erməni bizdən daha çox istəyib. Bugün bəzilərimiz “Şuşa” şadlıq sarayında “Laçınım” mahnısına qol qaldırıb oynamaqla hesab edirik ki, vətəni sevirik. Amma elə deyil. Ölkə, bayraq, millət qədrini bilməliyik ki, sabah da dünyada izimiz qalsın.

Fəridə Abdıyeva