Amerikada elə zənn edirlər ki, üzərinə mədəni yürüş etdikləri Asiya toplumunun təfəkküründə özlərini yalnızca ədalət və hüquq anlayışları ilə simvolizə edə bilirlər. Halbuki demokratik dəyərlərın ixrac prosesi gedən qitənin bir hissəsinin böyük əksəriyyət sakinlərinin əlinə Amerikanı cizgiləndirmək üçün fırça versən, kətan üzərində nə Azad qadın heykəlinin, nə ədalət rəmzi femidanın, nə insan amilinin önəmliyini ifadə edən hansısa atributu yaradardı. Çünki Qərbin əslində gerçək simvolunun qara neft olduğunu, demokratiya adı altında aparılan mədəni şəkildə istila siyasətinin kökündə də bu amilin dayanmasını indi ancaq yeni doğulan körpələr anlamaya bilər...
ABŞ-ın ölkəmizdəki səfiri Riçard Morninqstarın Azərbaycana yönəlik açıq tekstli tənqidləri ilə bağlı iki gündür, çeşidli münasibətlər, rəylər sərgilənir. Ona görə çeşidli ki, təkcə hədəfə tuş gələn iqtidar öz neqativ reaksiyasını göstərmir. Cəmiyyətin hakimiyyət sükanına iddialı tərəfi isə sanki dövran dəyişirmiş kimi çoxdan tamarzı qaldığı sərtlik nümunəsinə dərhal məmnun mövqe nümayiş etdirir. Tamam başqa bir çeşidli rəy neytral təbəqəyə məxsusdur və dünyanın ikili standartlarına görə Amerika diplomatının gündəmdə olan düşüncələrini saflıq nümunəsi saymamaqdan ibarətdir.
ABŞ-ın, Avropa Birliyinin bu ölkəni arada tənbeh etməsi hakimiyyət iddialıları üçün ümid qığılcımı, təsəlli ehtiyacıdırsa, hakim düşərgə üçün möhkəm iradə sahibinə çevrilmək, söz savaşında məğlubedilməzlik, güclü görünmək fürsətini qaçırmamaq deməkdir.
Azərbaycan rəsmiləri beynəlxalq aləmin güclü tənqidləri zamanı, fikir vermisinizsə, nə susmağı bacarır, nə də tənbehi qəbul edib nəticə çıxaran uşaq kimi başını aşağı dikir. Əksinə, cavab qaytarmaq hünərini ortaya qoyur. Cavab qaytarmaqsa, məişət müstəvisində və ictimai münasibətlərdə qabalıqdır, qeyri-etik davranışdır, siyasi müstəvidə isə dövlətin, siyasi hakimiyyətin möhkəmlik əlaməti, özünüqoruma məcburiyyətidir və insanı, dövləti yalnız haqlı olduğu halda cavab qaytarana çevirir. Yəni, o yerdə ki, ikiüzlü siyasətin aparıcıları söz deyir, həmin saxtakarların ağzından vurmaq üçün yetərli arqumentlər özü “dil açıb” danışır.
Qərb illərdir, demokratiyanın pirinsiplərində dürüstlük nümunəsi yerinə, seçki məsələlərində bütün iqtidarlarla anlaşma kimi bir ənənəni ortaya qoyub. Lazım gələndə rüşvətə bulaşmağın mümkünlüyünü öz funksionerləri timsalında sübut edib. Konqresmenlər, senatorlar pulun cazibəsi qarşısında sınıb, demokratiyaya xəyanət də ediblər. Seçkidə saxtakarlıq olubsa, strateji proyektlər naminə susmağı da bacarıblar. Reallaşmasa da, müəyyən siyasi xaos üçün yüngülvari tədarük də görüblər. Başqa dövlətlərin daxili işinə qızışdırıcı metodlarla qarışmaqsa demokratiya ilə heç bir bağlılıq təşkil etmir.
Səfirin mövqeyi kontekstində dili olub, dilçəyi olmayan Qərbin Azərbaycan sərhədlərinə ilk dəfəsindən hansı maraqla yaxınlaşdığını hakimiyyət çevrələri, həm sadəlöhv cəmiyyətdən, həm də etibarlı dəstək kimi Qərbin əlindən tutmağa müntəzir dayanmış müxalifətdən daha gözəl bilir. Qərbin enerji təhlükəsizliyi maraqları neçə illərdir, demokratiya və insan haqları kimi fundamental dəyərlərin fövqündə dayanıb. Bu pirinsiplər yalnız o zaman Domokl qılıncı roluna qaldırılıb ki, enerji anlaşmasının hansısa mübahisəli məqamlarında ortaq məxrəc problemə çevrilib, yaxud neft müqavilələrinin vaxtı daralıb. Ya da indi olduğu kimi, Qərb- Rusiya tərəzisində hansısa gözdə ciddi ağırlıq yaranmamasını gözləmək, balanslı xarici siyasəti qoruyub saxlamaq, istər Rusiya olsun, istər İran, sərhəd qonşuları ilə konfliktli situasiyalardan qaçmaq məsələləri Qərb dairələri ilə hakimiyyətin rəftarında radikal çalar ortaya çıxarıb. Ya da ABŞ-a müqəvva hakimiyyətlər lazımdır ki, xristian təəssübkeşliyi sevimli Ermənistanı dünya içinə qürurlu və haqlı çıxarmaqda öz rolunu başa çatdıra bilsin. Yoxsa, tənqidlərə tənqidlə cavab almaq doğrudan da, kobudluq və saymazyanalıq olardı. Cavab qaytarmaq kimi iti və cəsarətli mövqe ilə rastlaşmağa isə Qərb indiki halda çox layiqdir.
Çünki sual olunur: bunca illər ərzində demokratiya və insan haqları məsələsində mövcud iqtidarla dialoqda yetərli istək və əzm ortaya qoyuldumu? Qoyuldusa, müsbət faktorlar niyə çox kasad şəkildə ortaya çıxdı? Bu, o demək deyilmi ki, Qərb təfəkkürü Şərq təfəkkürünü dəyişməkdə ona görə güclü çıxa bilmədi ki, indiyəqədərki müzakirələrdə demokratik dəyərlər enerji maraqları paralelliyində saxlanmadı. Bəlkə də qapalı çevrələrdə lap açıq tekstlə deyildi ki, bizə neft lazımdır, qalan məsələlər öz işinizdir?! Odur ki, Azərbaycanda demokratik göstəricilər aşağı səviyyədədirsə, burada günah payı ciddi şəkildə Qərbin də üzərinə düşür.
Bir də ki, axır zamanlar demokratiya az qala bütün coğrafi məkanlarda şübhəli xarakter alır. Beş-altı il içərisində dünyanın siyasi mənzərəsini göz önünə gətirsək, demokratiya amilində özünü Asiyaya örnək çəkən bir neçə Avropa ölkəsində kütləvi aksiyalara zorakı metodlarla cavab verilməsi nümunəsi ortaya qoyula bilər. Hünəri nədir, bir almaniyalı, italiyalı, hollandiyalı, yunanıstanlı sadə vətəndaş ki, iş şəraitinin ağırlığı, əmək haqqının azlığı, iqtisadi böhranın yaratdığı problemlərə etiraz üçün küçə və meydanlara çıxıb, sərt şüarlar səsləndirsin. Demək, kütləyə verilən azadlıqdan Şərqdə nə qədər ehtiyat edirlərsə, Qərbdə də eyni şəkildə çəkinirlər. Türkiyə polisi də, Azərbaycan polisi də dövləti qoruma örnəyini elə Avropanın özündən mənimsəyir. Yeri gəlmişkən, ingilis dövlət xadimlərindən birinin sözüdür ki, demokratiya hakimiyyətin ən pis formasıdır, lakin bəşəriyyət bundan yaxşısını yarada bilməyib. Hər halda bu məhşur ifadə Şərq aforizmi deyil.
Başqa tərəfdən, gəlin baxaq, son illərdə Afrikanın, Avroasiyanın bəzi yerlərinə ixrac olunan “demokratiya” faydalımı demokratiya oldu, yoxsa şər “demokratiya”sına çevrildi? ABŞ-ın Avropanın güclüləri ilə birgə “demokratiya” siyasətinin İraqı, Misiri, Liviyanı sivil ölkələrə deyil, xarabazara çevirdiyi fikrinə dünyada ədalətli şəkildə opponentlik edən bir mövqe tapmaq mümkünmü?
ABŞ “demokratiya”sı imkan vermir ki, Asiyanın ən sivil ölkəsi olan Türkiyənin başı problemlərdən ayılsın. Kiçik sosial narazılıqdan tutmuş Soma faciəsi kimi böyük kədərindən belə siyasi xaos yaradıb, daha böyük kədərlərə memarlıq etmək istəyir. Odur ki, istər hazırda Türkiyə, istərsə də Azərbaycan olsun, öz gözündə tiri görməyib, özgə gözündə tük axtaran Qərbə qarşı açıqlamalarında ona cavab qaytaran ovqata köklənirsə, bunu ikili standartları sevib, onunla alver edən beynəlxalq aləm özü qazanır. Çünki Amerika üçün çəkilən və çəkilməyən tablolarda o, ancaq neft yataqlarını, neft kontraktlarını, neft və qaz kəmərlərini qucaqlamış şəkildə dayanır.