Milli Məclisdə qəbul edilən yeni yanaşmaya görə, uşağı “tərbiyə etmək məqsədilə” fiziki təsir göstərən və psixoloji olaraq sıxışdıran valideyn və müəllim cərimələnəcək.
Yeni dəyişiklik İnzibati Xətalar Məcəlləsinin 525-1-ci maddəsində əksini tapıb. Valideynlər (onları əvəz edən şəxslər), uşaqlara nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət, istirahət müəssisələrinin və penitensiar müəssisələrin işçiləri tərəfindən uşağa qarşı cismani cəzanın tətbiqinə, yəni tərbiyə etmək məqsədilə və ya intizam tədbiri kimi uşağa qarşı fiziki və (və ya) psixoloji zorakılığın törədilməsinə görə 200 manat məbləğində cərimə ediləcək.
Bu, həmin əməl Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq ediləcək.
Mövzu ətrafında müzakirələr başlayıb.
Bu müzakirələr cəmiyyət üçün aktual, hər gün müxtəlif fəsadlara səbəb olan və həllini çoxdan gözləyən bir problemin artıq yüksək səviyyədə etirafıdır.
Sual yaranır:Biz problemi həll edirik, yoxsa sadəcə nəticəni cəzalandırırıq?
Təhsil eksperti Vahid Tağıyev Modern.az-a bildirib ki, bu gün şagirdin davranışı yalnız ailədə formalaşmır.

“Uşağın dünyası telefon ekranındadır, sosial şəbəkələrdədir, nəzarətsiz informasiya axınındadır. Bunların təsiri altında olan həmyaşıdları ilədir. O, gördüyünü təqlid edir. Bəs bu mühitin qarşısını almadan, bu təsirləri zəiflətmədən yalnız valideyni və müəllimi cərimələməklə nəyi dəyişəcəyik?
Bizim əsrlərlə formalaşmış tərbiyə dəyərlərimiz var: ailə, hörmət, böyüyə ehtiram, məsuliyyət hissi… Bu dəyərlər bu gün sarsılır. Bu artıq təkcə sosial məsələ deyil — milli məsələdir.
Məktəb əvvəlki kimi tərbiyə ocağı ola bilirmi?
Günümüzün reallığı budur ki, məktəbdə tərbiyədən çox ali məktəbə qəbul imtahanı düşünülür. Bu tələbat isə əsasən məktəbdən kənarda repetitorla reallaşdırılır. Şagird şəxsiyyət kimi deyil, testi əzbərləyən və cavablayan kimi formalaşır. Müəllim də, valideyn də bu prosesin içindədir — gərgin, yorğun, bəzən də çıxış yolu axtaran vəziyyətdə...
Belə bir mühitdə problemləri, onların yaranma səbəblərini aradan qaldırmadan, cərimə ilə həll etmək olarmı?
Yeni qərarda qeyd olunduğu kimi fiziki zorakılıq məsələsi qəbuledilməzdir - bu, birmənalıdır. Ona qarşı mübarizə də anlaşılandır və icra edilməsi ciddi çətinlik yaratmaya bilər.
Amma tətbiqi daha çətin, təhlükəli olan digər məsələ - psixoloji zorakalıqla bağlıdır. Psixoloji təsirin sərhədləri harada başlayır, harada bitir? Bunun meyarı nədir? Bu yanaşmanın insanlar arasında nə qədər mübahisə yaradacağı nəzərə alınırmı? Bu suallar cavabsız qalırsa, tətbiq edilən cəza necə ədalətli hesab oluna bilər?
Nəticəsini əvvəlcədən hesablamaq daha çətin olan digər məsələ isə bu qərardan sonra uşaqların rəftarı, onların müəllim və valideynlər ilə münasibətləridir. Müşahidə olunan gündəlik neqativ hadisələr fonunda özünü daha toxunulmaz hiss edən uşaqların idarə edilməsi daha da çətin olmayacaqmı?”
Vahid Tağıyev bildirib ki, yetişməkdə olan nəslin tərbiyəsi cəza ilə qurula bilməz. Valideynin və müəllimin bu şəkildə cəzalandırılması əlavə psixoloji gərginlik və qeyri- sağlam mühit yarada bilər.
“Tərbiyə - münasibətlə, nümunə ilə, mühitlə formalaşır.
Valideyni məktəbdən incik salaraq və uzaqlaşdıraraq yox, onu bu prosesə anlayışla cəlb etməklə nəticə əldə etmək olar. Müəllimi ittiham etməklə yox, ona dayaq olmaqla daha sağlam nəticəyə nail olmaq mümkündür.
Unutmayaq:
Bu gün verdiyimiz qərarlar sabah necə bir cəmiyyətə sahib olacağımızı müəyyən edir.
Uşaqlarımızı qorumaq istəyiriksə, əvvəlcə onları formalaşdıran mühiti dəyişməliyik”.