Ötən və builki abituriyentlərin nəticələri ətrafında müzakirələr davam edir. Bilik səviyyəsində fərqlərin olub-olmaması, fənlər üzrə nəticələr və ixtisas seçim meylləri diqqət mərkəzindədir. Təhsil ekspertləri isə hesab edir ki, ilkin nəticələr müəyyən tendensiyaları göstərsə də, yekun qiymətləndirmə üçün hələ tezdir. Onların fikrincə, əsas mənzərə yalnız geniş statistik təhlillərdən sonra tam aydın olacaq.
Məsələ ilə bağlı Modern.az təhsil ekspertlərinin şərhini öyrənib.

Elçin Əfəndi bildirib ki, ötən illə builki abituriyentlər arasında müəyyən fərqlər artıq müşahidə olunur:
"Bu il 200-300 bal aralığında nəticə göstərən abituriyentlərin sayı daha çoxdur və düşünürəm ki, bu, ümumi imtahan nəticələrinə təsir göstərəcək. Fənlər üzrə nəticələr istiqamətlərə görə də dəyişir. Texniki sahəni seçən abituriyentlər riyaziyyatdan daha yaxşı nəticə göstəriblər, lakin Azərbaycan dili və xarici dildə müəyyən çətinliklər müşahidə olunur. Humanitar istiqamətdə isə vəziyyət fərqlidir: bu qrupda Azərbaycan dili və xarici dil nəticələri daha yaxşıdır, riyaziyyatda isə zəiflik var".
O qeyd edib ki, hazırda yalnız buraxılış imtahanlarının nəticələri açıqlanıb, blok imtahanlarının nəticələri isə hələ məlum deyil. Buna görə də ümumi mənzərə barədə tam nəticə çıxarmaq hələ tezdir və yalnız mövcud göstəricilər əsasında danışmaq mümkündür. Buna baxmayaraq ixtisas seçimi ilə bağlı da maraqlı tendensiya müşahidə olunur.:
"Abituriyentlər daha çox ingilisdilli ixtisaslara üstünlük vermək istəyirlər. Bunu apardığımız sorğular da təsdiqləyir".
"Regionlar üzrə fərqlərə gəldikdə isə sevindirici haldır ki, Qarabağ Universitetini seçmək istəyən abituriyentlər var. Eyni zamanda, Gəncə Aqrar Universitetində oxumağa maraq göstərənlər də mövcuddur.Bununla yanaşı, ənənəvi olaraq Bakı Ali Neft Məktəbi, ADA Universiteti, İqtisadiyyat Universiteti, Neft və Sənaye Universiteti və Xəzər Universiteti yenə də abituriyentlərin əsas seçimləri sırasında qalır" - deyə o sonda vurğulayıb.

Təhsil eksperti Ramin Nurəliyev isə qeyd edib ki, illər arasında kəskin fərqin olması üçün ciddi sistem dəyişikliyi tələb olunur:
“Keçən ilki və builki abituriyentləri eyni müəllimlər hazırlayır, eyni təhsil sistemi mövcuddur, qəbul qaydaları dəyişməyib. Belə olan halda böyük fərqdən danışmaq düzgün deyil. Hər iki ildə həm güclü, həm də zəif abituriyentlər mövcuddur və bu, ümumi mənzərəni ciddi şəkildə dəyişmir".
R.Nurəliyev hesab edir ki, nəticələrə ən ciddi təsir edən amil sualların çətinlik səviyyəsidir:
"Bu faktor bütün abituriyentlərə eyni şəkildə təsir göstərir və nəticələrdə fərqi daha çox məhz bu amil yaradır. “Sualların çətinliyi təxminən 130 min abituriyentin nəticəsinə birbaşa təsir edir”, – deyə o qeyd edib.
Ekspert plan yerlərinin artımına da toxunaraq bildirib ki, bunun təsiri nisbətən məhduddur. Onun sözlərinə görə, plan yerlərinin bir neçə min artması ümumi nəticələrə cəmi 3-4 faiz civarında təsir edə bilər və bu da əsas faktor hesab olunmur.
“Blok imtahanlarının çətinlik səviyyəsi məlum olduqdan sonra daha dəqiq və əsaslı analiz aparmaq mümkün olacaq”, – deyə o əlavə edib.