İranın xarici işlər naziri Abbas Araqçi Pakistanın paytaxtı İslamabad şəhərində ölkənin Baş naziri Şahbaz Şərif ilə görüş keçirib.
Modern.az xəbər verir ki, bu barədə "İRNA"məlumat yayıb. Bildirilir ki, görüş Araqçinin üç ölkəni əhatə edən səfərinin ilk mərhələsi çərçivəsində baş tutub.
Görüş zamanı tərəflər ikitərəfli münasibətlər, eləcə də regionda baş verən son hadisələri müzakirə ediblər. Xüsusilə, Pakistanın Qərbi Asiyada gərginliyin azaldılmasına yönəlmiş diplomatik təşəbbüsləri diqqət mərkəzində olub.
Danışıqlarda Pakistanın baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar da iştirak edib. Tərəflər regional əməkdaşlığın gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.
Şahbaz Şərif Araqçinin İslamabada səfərindən məmnunluğunu ifadə edib və Pakistan Ordusunun baş komandanı Asif Münir-in Tehrana son səfərini xatırladıb. O, həmçinin müxtəlif ölkə rəhbərləri ilə apardığı məsləhətləşmələr və ABŞ-İran danışıqlarında vasitəçilik səyləri barədə məlumat verib.
Qeyd edək ki, İranlı nazir səfər çərçivəsində daha əvvəl feldmarşal Asif Münirlə də görüşüb. Araqçinin üç ölkəni əhatə edən səfəri çərçivəsində növbəti dayanacağı Maskat, daha sonra isə Moskva olacaq.