İranın müharibənin başa çatması ilə bağlı mövqeyi Pakistan tərəfinə çatdırılıb.
Modern.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, İranın xarici işlər naziri Abbas Əraqçi Pakistan ordusunun komandanı, feldmarşal Asim Münir ilə görüş keçirib.
Görüş zamanı Araqçi ABŞ və İsraillə davam edən müharibənin başa çatması ilə bağlı Tehranın baxışlarını və narahatlıqlarını ətraflı şəkildə qarşı tərəfin diqqətinə çatdırıb. Bildirilib ki, İran tərəfi mövcud vəziyyətin diplomatik yollarla həllinin vacibliyini vurğulayıb və regionda sabitliyin bərpasının prioritet olduğunu qeyd edib.
İran XİN-in açıqlamasında qeyd olunur ki, bu görüş tərəflər arasında fikir mübadiləsi baxımından əhəmiyyətli olub və regionda davam edən gərginlik fonunda koordinasiyanın vacibliyi xüsusi vurğulanıb.
Öz növbəsində, Münir İranın Pakistana göstərdiyi etimada görə təşəkkür edib. O, Pakistanın qonşu və müsəlman ölkə kimi diplomatik prosesə dəstək verməyə hazır olduğunu bildirib.
Pakistanlı komandan qeyd edib ki, ölkəsi vasitəçilik səylərini davam etdirmək niyyətindədir və münaqişənin diplomatik yollarla həllinə töhfə verməkdə maraqlıdır.