Sertifikasiya imtahanlarının keçirilməsinə sayılı günlər qalır. Bu il müəllimlərin peşəkar bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədilə təşkil olunan sertifikatlaşdırma prosesi iyunun 17-19 və 23-25 tarixlərində baş tutacaq. Belə ki, ilk dəfə olaraq tarix, texnologiya, təsviri incəsənət, fiziki tərbiyə və musiqi fənlərini tədris edən müəllimlər də prosesə cəlb ediləcəklər. Bununla yanaşı, əvvəlki illərdə olduğu kimi, kimya, biologiya, fizika, coğrafiya, informatika, ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, eləcə də xarici dil müəllimləri də sertifikasiyada iştirak edəcəklər.
Mövzu ilə bağlı Modern.az-a açıqlamasında AzEdu Təhsil Platformasının icraçı direktoru, təhsil sahələri üzrə tədqiqatçı Elmin Nuri bildirib ki, müəllimlərin sertifikatlaşdırma prosesində diqqət etməli olduqları əsas məsələlərdən biri psixoloji hazırlıqdır.
Onun sözlərinə görə, 2021-ci ildən həyata keçirilən sertifikatlaşdırma prosesində bəzi müəllimlərin üzləşdiyi əsas çətinliklərdən biri imtahana psixoloji baxımdan hazır olmamalarıdır:
“Təəssüf ki, 2021-ci ildən başlayan prosesdə bəzi təhsilverənlərin üzləşdiyi ən mürəkkəb detal məsələyə psixoloji olaraq fokuslana bilməmələridir. Bu, özünü daha çox testologiya ilə tanışlığı zəif olan orta yaşlı və yaşlı müəllimlərdə göstərir. Çünki “test dövrünün yetirmələri” olan gənc müəllimlərdən fərqli olaraq, onlarda bu metod üzərində iş, bilik və bacarıqların məhz qapalı suallar üzərindən yoxlanılması vərdişləri xeyli zəif idi ki, bu da öz sözünü demiş oldu. Düşünürəm ki, 2021-2026-cı illəri əhatə edən birinci tsikl sertifikatlaşdırılmada nəzərə alınmayan əsas məsələ müəllimləri test imtahanı və müsahibə mərhələlərindən əvvəl psixoloji dəstəyə, bu yöndə olan pulsuz təlimlərə cəlb etmək oldu. Halbuki ilk dəfə kompüter üzərindən imtahan verən, ilk dəfə bilikləri qapalı testlərlə yoxlanılan on minlərlə müəllim var idi. Odur ki, müəllimlər artıq 5 ildir davam edən sertifikatlaşdırılma prosesində tez-tez rastlanan əsas problemə - psixoloji hazırlıqsızlığa qarşı mübarizə aparsalar və özlərini buna tam hazır hiss etsələr, daha uğurlu nəticə əldə edə bilərlər”.
O eyni zamanda uzunmüddətli pedaqoji təcrübəyə malik müəllimlərin də sertifikasiyadan keçməsinin vacibliyini də diqqətə çatdırıb:
“Təhsil daim yenilənən, özü-özünü inkişaf etdirən bir prosesdir. Onun tələbləri də hər zaman dəyişir. Odur ki, hər hansı şəxs "30 ildir müəlliməm" deyib prosesə dırnaqarası baxa bilməz. Əmin olun ki, məhz bu cür müəllimlərin sertifikasiyadan keçmələrinə daha çox ehtiyac var. Çünki onların təhsil aldıqları və fəaliyyətlərinin ilk dövrlərini əhatə edən zamanın tələbləri, metodiki yanaşmaları, pedaqoji proqramları ilə indikilər arasında ciddi fərqlər var. Məhz aradakı bu fərq onların məktəb daxilindəki mövqelərinə təsir göstərə bilər. Odur ki, belə müəllimlər üçün qiymətləndirmə imtahanları həm də özünüinkişaf xarakteri daşıyır”.
Ekspert həmçinin sertifikasiyaya hazırlaşmaq üçün müəllimlərin əlavə kurs və repetitorlara üz tutmasını isə arzuolunmaz tendensiya kimi qiymətləndirib:
“Bu, artıq tam fiasko, təhsilimiz adına isə çox arzuolunmaz məsələdir. Beş ildir ki, sertifikasiyada istifadə olunan sualların o qədər də qəliz olmadığı, bəzi test tapşırıqlarının hətta 6-7-ci sinif səviyyəsində olduğu deyilir. Bu fikirlər kənar şəxslər tərəfindən deyil, məhz sertifikasiyada iştirak edərək müsbət nəticə göstərən müəllimlər tərəfindən səsləndirilir. Hər hansı fənn üzrə təqdim olunan suallar eynidir. O zaman hansı səbəbdən bir qrup müəllim onların həddindən artıq sadə olduğunu deyir, digərləri isə az qala inanılmaz dərəcədə çətin hesab edir? Deməli, burada problem qiymətləndirmə prosesində və ya tapşırıqlarda deyil, bəzi müəllimlərin özlərindədir.
Ümumiyyətlə, sertifikasiyanın test imtahanı mərhələsi üçün müəllimin hansısa kurslarda və ya fərdi mentor yanında əlavə hazırlaşmasına nə ehtiyac var? Məgər kurslarda ona nəyisə tədris edən, sonra sosial şəbəkələrdə fəxrlə "mənim müdavimlərim" yazan şəxslər də onlar kimi müəllim deyilmi? Yoxsa həmin təlimçilər Böyük Britaniya, ABŞ və ya Almaniyada təhsilin idarəedilməsi üzrə təhsil alıblar? Təbii ki, xeyr. Aralarında elələri də var ki, ümumiyyətlə ali təhsilli deyil, kollec məzunudurlar. Amma bu gün özlərindən yaşlı müəllimə "mənim müdavimim" deyə müraciət edirlər.
Neyromarketinq yanaşması ən çox təhsil sahəsində işləyir. Hamı elə düşünür ki, əlavə hazırlıq keçmədən nəticə əldə edə bilməyəcək. Bu tendensiya müəllimlər arasında daha çox yayılıb. Nəticədə bu qorxu və müəyyən mənada hiylə bəzi müəllimlərin yaratdığı kursların işinə yarayıb. Vəziyyət o həddə çatıb ki, həmin şəxslər artıq MİQ və sertifikasiya hazırlıqlarına getməyənləri uğursuz gələcəklə qorxudurlar. Bu, yolverilməzdir. Pul qoxusu bəzi repetitorların insanları gələcəklə bağlı nigaran vəziyyətdə saxlamasına səbəb olub”.
E.Nuri sovet dövründə formalaşmış müəllim nəsli ilə müasir dövr müəllimləri arasındakı fərqlərə də toxunub:
“Birinci tsikldə (2021-2026) düşünürəm ki, bu məsələ o qədər də ciddi problem yaratmadı. Çünki sertifikatlaşdırma prosesi ilk dəfə həyata keçirildiyindən bir çox məsələlərdə olduğu kimi, sualların təqdim edilməsində də müəyyən yumşalmalar və güzəştlər tətbiq olundu. Təqdim olunan test tapşırıqları sadə olduğundan istər sovet dövrü təhsilinə, istərsə də müasir tədris trendlərinə uyğunlaşa bilənlər üçün ciddi çətinlik yaratmadı.
Amma qarşıdakı illərdə bu fərqin daha açıq şəkildə üzə çıxacağı və müəyyən narazılıqlara səbəb ola biləcəyi istisna deyil. Çünki yanaşmalar dəyişir, təhsilin dünənki tələbləri ilə bugünkü gözləntiləri arasında ciddi fərqlər yaranır. Odur ki, gələcəkdə müəllimin iş stajından daha çox onun bilik və bacarıqları qiymətləndiriləcək”, - deyə E.Nuri qeyd edib.