“Azərbaycan gerçəkliyində İslamın öz ruhuna və mahiyyətinə uyğun, açıq-aydın ana dilində tədrisi bu sahədə olan problemlərin aradan qaldırılmasına ideal zəmin yarada bilər. Dini-elmi maariflənmə yolu ilə məzhəb ayrı seçkiliyin, dini zəmində təxribatların qarşısını almaq olar. Nə qədər ki, dini bilgilərimiz az olacaq, dindən sui-istifadə hallarına da tez-tez rast gələcəyik”. Bunu Modern.az-a açıqlamasında ilahiyyatçı, ərəbşünas-alim İdris Abbasov bildirib.
“Ümumiyyətlə, dinin, xüsusən, dinlər tarixinin tədris olunması dini maarifçiliyin mühüm ünsürü kimi vacib məsələdir. Əlbəttə, dini-elmi bilgilərin olmaması, dinin gözdən salınması faktiki olaraq fanatiklərin qol-qanad açmasına səbəb olur. Məsələn, Azərbaycan gerçəkliyində İslamın öz ruhuna və mahiyyətinə uyğun, açıq-aydın ana dilində tədrisi bu sahədə olan problemlərin aradan qaldırılmasına ideal zəmin yarada bilər. Dini-elmi maariflənmə yolu ilə məzhəb ayrı seçkiliyin, dini zəmində təxribatların qarşısını almaq olar. Nə qədər ki, dini bilgilərimiz az olacaq, dindən sui-istifadə hallarına da tez-tez rast gələcəyik, müqəddəs kitablardan əxz olunan ayələrə kontekstdən kənar yanaşılacaq və ekstremistlər öz fanatizmlərinə haqq qazandırmağa çalışacaqlar. Şəxsən mən ərəb dilində edilən duaların ana dilində qarşılığının deyilməməsini heç cür anlaya bilmirəm və bunu cəhalətin qalıqları kimi qiymətləndirirəm. Ali təhsil ocaqlarında fundamental dini dərslərin tədrisi qənaətbəxş deyildir, hətta yox dərəcəsindədir. Ən birincisi, bu fənni tədris edən sanballı mütəxəssislər olmalı, dini elmlərlə yanaşı dünyəvi elmləri də yaxşı bilməlidirlər. Təbii ki, dini dərslərin yoxluğu və düzgün tədris olunmaması gənclərin kortəbii olaraq müxtəlif cərəyanlara qoşulmasına səbəb ola bilər. Bu, çox ciddi məsələdir”, – deyə İ. Abbasov qeyd edib.
Elmin Nuri