Modern.az

“Bir çarşabın bərpasına bir il vaxt sərf etdik”

“Bir çarşabın bərpasına bir il vaxt sərf etdik”

Education

23 Sentyabr 2014, 15:11

 

Mirzə Fətəli Axundovun əsası sayılan əşya əslində kimin olub?

 

Saxsı küp. Tunc dövrü. Şirvan tarix diyarşünaslıq muzeyi.

Muzeylər gələn qonaqlarını eksponatları ilə qarşılayır. Adlı-sanlı muzeylərin hamısı əsasən orada saxlanılan nadir nüsxələri ilə tanınır. Bu baxımdan, tarixi-mədəni irsimizin, eləcə də sənət əsərlərinin bərpası böyük dövlət və ictimai əhəmiyyət kəsb edir. Azərbaycanda tariximizi qoruyub saxlamaq üçün hansı işlər görülür? Mədəniyyət və Turizm Nazirliyinin Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpası Mərkəzinin Elmi işlər üzrə direktor müavini Nailə Sadıqova ilə məhz bu mövzu ətrafında söhbət etmişik. N.Sadıqova əvvəlcə mərkəzin fəaliyyət istiqaməti haqqında məlumat verdi: “Adından da göründüyü kimi idarəmiz Bakı və bölgələrdəki  muzeylərin eksponatlarının bərpası ilə məşğuldur. 60 ilə yaxındır ki, biz bu işi görürük.

Cənubi Qafqazda yeganə olan Muzey Sərvətləri və Xatirə Əşyalırının Elmi Bərpa Mərkəzi artıq beynəlxalq bərpaçılıq məkanında yüksək professional vərdişlərin nümayişi ilə özlərinə layiqli mövqe qazana biliblər. Burada yarım əsr müddətində bu çətin peşənin nəsillərdən-nəsillərə ötürmək ənənəsi uğurla həyata keçirildiyindən bu sahənin taleyinin gələcəkdə də etibarlı əllərdə olacağına inam və zəmin yaradır”.

Direktorun sözlərinə görə, Bərpa Mərkəzi rayondakı muzeylərlə çox sız əlaqədə işləyir. Mərkəzin əməkdaşları, elmi işçiləri  rayonlara gedir, muzeylərə baxış keçirir, bərpaya ehtiyacı olan eksponatların siyahısını hazırlayır. Təlimata əsasən,  ilk növbədə bərpaya daha çox ehtiyacı olan eksponatların siyahıya alınır və bunlarla bağlı Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayevə müraciət edilir. Nazirin icazəsindən sonra Hansı eksponatların bərpa olunacağı bəlli olur. N.Sadıqova qeyd edir ki, sonuncu dəfə onlar Ağsu tarix-diyarşünaslıq muzeyində olublar: “Muzeyin binası gözəldir, amma eksponatları bərbad vəziyyətdədir. Biz getdik və bütün prosedurları onlara başa saldıq.

Hazırda mərkəzimizdə, Lerik, Lənkəran tarix-diyarşünaslıq muzeylərindən eksponatlar var. Bakının İncəsənət, Xalça muzeyində mütəmadi olaraq bərpa işləri aparırıq, orada  iri ölçülü  xalçalar  yerindəcə konservasiya olunub. Lənkəran tarix-diyarşünaslıq muzeyindən 59 ədəd arxeoloji bədii metal nümunəsi bərpa edilərək qaytarılıb. Artıq muzey tərəfindən bu əşyaların səyyar sərgisi keçirilib. Maraqlı əşyalardan biri də Mirzə Fətəli Axundovun ev muzeyindən daxil olan və dramaturqun özünün əsası kimi  təqdim edilən əşyadır. Lakin Mərkəzin apardığı araşdırma əsasında bu əsanın Axundovun özünə deyil,   çox güman ki oğlu  Adil bəy Axundova məxsusluğu müəyyənləşdirilib. Şəki şəhərinin Mirzə Fətəli Axundov, Rəşid bəy Əfəndiyev muzeylərindən də mərkəzimizdə eksponatlar var. Bərpaçılarımız onları müvəffəqiyyətlə bərpa edir”.

10 mindən çox eksponat bərpa olunub

“Nuhun qəbri” Müəllif Bəhruz Kəngərli. Naxçıvan şəhəri. Bəhruz Kəngərli muzeyi.

N.Sadıqova deyir ki, mərkəz yaranandan indiyə kimi 10 mindən artıq eksponat bərpa olunub  və konservasiya olunub, muzeylərə qaytarılıb: “Bu il ərzində isə artıq 300-dən artıq eksponat bərpa edilib. “Bərpa uzun prosesdir. Eksponatın bərpaya ehtiyacı olub-olmadığı Mərkəzin elmi şurasından müzakirə olunur. Eksponatın bərpadan əvvəl şəkli çəkilir, sonra bərpaçıya verilir. Ekspert də eksponat üzərində aparılacaq işlərin hamısını gündəliyə qeyd edir. Bərpa işi bilavasitə bir ay, üç ay və hətta daha uzun müddət çəkə bilər. Bərpadan sonra yenə də eksponatın şəkli çəkilir, bərpa şurasına qoyulur. Şuradan keçəndən sonra muzeylərə qaytarılır”.

Direktor bildirir ki, təlimata əsasən, eksponatın bərpası iki il çəkə bilər: “Lakin hələlik təcrübəmizdə bu qədər uzun müddətə bərpa olunan əşya olmayıb. Yalnız Gəncə tarix-diyarşünaslıq muzeyindən olan  çarşab var idi ki, onun bərpası bir il çəkmişdi”.

Qeyd edək ki, Azərbaycanda  Muzey Sərvətlərinin bərpa işinin təməli 1957-ci ildə ilk professional bərpaçı-rəssam Fərhad Hacıyev tərəfindən qoyulub. Mərkəzin vəzifəsi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə tabe olan Muzeylərdə bərpaya ehtiyacı olan muzey əşyalarının qeydiyyata alınması, praktiki və konservasiya əməliyyatlarının aparılması, muzeylərdə əşyaların mühafizə vəziyyətinin yoxlanılması və lazımi məsləhətlərin verilməsindən ibarətdir.

 

Xəncər. XIX əsr. Qusar tarix diyarşünaslıq muzeyi.

Rüfanə Günəş

 

P.S. Yazı Tərəfsiz Jurnalistlər Birliyinin Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi “Muzeylərin tanıdılması yolu ilə əxlaqi-mənəvi dəyərlərin təbliği” layihə çərçivəsində dərc olunur.

 

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı