“Azərbaycanın 19 rayonunda fəaliyyət göstərən muzeylərin özlərinə aid bina yoxdur”. Bunu Modern.az-a Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin katibi İntiqam Hümbətov deyib.
Onun sözlərinə görə, artıq 3 rayonda muzey binalarının inşası yekunlaşmaq üzrədir: “Nazirlik müvafiq icra hakimiyyətləri ilə birlikdə dövlət proqramlarına uyğun olaraq bu işi davam etdirəcək. Yəqin ki, yaxın zamanda digər muzeylərimizin də özlərinin binası olacaq”.
Yeni muzey binaları inşa olunur İntiqam Hümbətov bildirib ki, hazırda bir çox muzeylər hansısa mədəniyyət ocağında, yaxud digər uyğun məkanda yerləşirlər: “Əslində, bu, sovet dövründən qalma problemdir. Artıq Füzuli rayonunun Horadiz qəsəbəsində, Quba və Masallı rayonlarında tarix-diyarşünaslıq muzeyləri üçün binaların inşası yekunlaşmaq üzrədir”.“Miras Mədəni İrsin Öyrənilməsinə Kömək” İctimai Birliyinin sədri Fariz Xəlilli də bildirir ki, muzey binaları ya tarixi abidədə, ya da sovet dövründə tikilmiş, muzey standartlarına uyğun gəlməyən kiçik binalarda yerləşir: Məsələn, Milli Azərbaycan Tarixi Muzeyi Hacı Zeynalabdin Tağıyevin mülkündədir. Yer azlığına görə, muzey ekspozisiyası yarımçıqdır, fondların bir hissəsi isə zirzəmidədir. Yeni əsaslı bərpa zamanı avtomat havalandırma və isitmə sistemini qurmaq mümkün olmadığından, yenə də adi üsullarla (əllə söndürüb-yandırma, su daşıma və s.) fəaliyyətimizi davam etdiririk. Biz davam etdiririk, bəs bizim mühafizə və təbliğ etdiyimiz mədəni irs nümunələri necə dözür?
Bu binalar muzey adlandırıla bilməz...
Muzey binalarının darısqal, standartlara uyğun olmadığın deyən F.Xəlillinin sözlərinə görə, Gəncə, Lənkəran və s. şəhərlərdə də muzeylər tarixi binalarda yerləşir, onların ekspozisiyası otaqlara görə uyğunsuzluq təşkil edir və fondlar standartlara cavab vermir: “Bu binaların heç birində muzey havalandırma, isitmə, mühafizə standartları gözlənilmir və buna heç cəhd də edilmir. Ağsu, İsmayıllı, Lerik, Masallı, İmişli, Kürdəmir, Bərdə, Şəki, Qax, Ağstafa, Tovuz, Şəmkir və s. mənim gördüyüm rayon tarix diyarşünaslıq muzeyləri sovet dövründə və sonralar tikilmiş kiçik binalarda yerləşir. Bu binalar muzey binası adlandırıla bilməz və onlar mədəni irsin qorunması üçün işə yaramır. Gələn xarici turistlərə “bu bölgənin, rayonunun ən iri muzeyi budur” deyə göstərilirsə, bu, sadəcə ayıbdır.
Ekspert hesab edir ki, köhnə kiçik, darısqal binaları bərpa etməkdənsə, muzeylər üçün yeni, uyğun iri binaların tikilməsi XXI əsrin tələblərinə daha çox cavab verərdi.
Qeyd edək ki, binasız fəaliyyət göstərən muzeylərdən biri də Gədəbəy rayon Tarix-diyarşünaslıq muzeyidir. Bu müəssisə yerli Mədəniyyət evinin binasında yerləşir. Muzeyə bu binada cəmi bir otaq ayrılıb ki, bu da eksponatların hamısının nümayiş etdirilməsinə bəzi problemlər yaradır. Gədəbəy rayon Tarix-diyarşünaslıq muzeyinin direktoru Afət Bağırovanın verdiyi məlumata görə, muzeydə eramızdan əvvəl dövrlərə məxsus tunc əşyalar, qızıl məmulatlar, keramik qablar var: “Burada qədim əmək alətləri də mövcuddur. Muzeyimiz Gədəbəy təbiəti, dərman bitkiləri, etnoqrafiyası haqqında məlumat verə bilər”. Medianın yardımına ehtiyacımız var Ötən ay 3500 illiyini qeyd edən Gədəbəy rayonu qədim tarixə malikdir. Bu səbəbdən ərazidən tez-tez tarixi əhəmiyyəti olan əşyalar tapılır. Lakin direktorun sözlərinə görə, bəzən vətəndaşlar bu əşyaları muzeyə vermək istəmir: “Bu da nadir eksponatların əllərdə qalması ilə nəticələnir: “Hazırda Gədəbəydə evini muzeyə çvirən insanlar var, tapılan əşyaları dövlətə vermək istəmirlər”.A.Bağırovanın sözlərinə görə, yeni tapılan eksponatların hamısı qeydiyyata alınır, kitaba salınır.Hazırda muzeydə 2100-dən artıq eksponat var. Lakin muzeyin hazırda təmirdə olması və yerinin darısqalığı ekspozisiyaların hamısının nümayiş etdirilməsinə imkan vermir: “Hazırda Gədəbəy rayonunun tarixi, milli mədəniyyətini hər kəsə çatdırmaq üçün kifayət qədər eksponatlarımız var. Hətta mən deyərdim ki, tarixi əhəmiyyətinə görə dünya seyrçilərinin diqqətini cəlb etməyə layiq sərvətlərimiz var. Lakin bu zəngin mənəvi sərvətlərimiz haqqında məlumatlar o qədər də geniş yayılmayıb. Bu işdə medianın yardımına ehtiyacımız var”.
Əziz Manaflı
P.S. Yazı Tərəfsiz Jurnalistlər Birliyinin Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi “Muzeylərin tanıdılması yolu ilə əxlaqi-mənəvi dəyərlərin təbliği” layihə çərçivəsində dərc olunur.