Modern.az

Azərbaycan Parlamenti haqqında düşüncələr...

Azərbaycan Parlamenti haqqında düşüncələr...

Təhsil

8 Dekabr 2014, 13:23

Azərbaycan Cümhuriyyəti Parlamentinin geniş tərkibli ilk iclasını keçirməsindn 96 il ötür.

Azərbaycan türkləri qədim və orta əsrlərdə indi Parlament adlanan yüksək ali orqanlarına sahib olmuşdur. Buna örnək kimi tarixi-coğrafi Azərbaycan ərazisində mövcud olan İskit, Manna, Aran, Xəzərlər, Sacilər, Şirvanşahlar, Azərbaycan Atəbəyləri, Ağqoyunlular, Qaraqoyunlular, Səfəvilər, Qacarları və başqalarını göstərə bilərik. Azərbaycan Cümhhuriyyətini də əslində bəyan edən kiçik Parlamentimiz Milli Şura olmuşdur. Bu anlamda Milli Şuranın – Parlamentin ilk başqanı da milli ideoloq, Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəməəd Əmin Rəsulzadə olmuşdur. Sadəcə, Milli Şuranın tərkibi sayca az - 44 millət vəklindən, eyni zamanda yalnız türklərdən ibarət olduğu üçün Parlamentin yaranması Milli Şuranın yarandığı 27 may 1918-ci il deyil, daha geniş həcmli açılışla 7 dekabrla əlaqələndirilir. Hər halda 44 nəfərdən ibarət Milli Şuranın sözün geniş mənasında Parlament hüququna malik olması doğru olmadığı üçün Azərbaycan Cümhuriyyətinin Parlamentinin geniş tərkibdə çağırılması ilə bağlı 1918-ci ilin noyabrında Azərbaycanın Milli Şurası ölkə əha­li­sinə müraciət etmişdir. Milli Şura adından M.Ə.Rəsulzadə bəyan edirdi ki, hazırda seçkilərin keçirilməsi mümkün olmadığı üçün əv­vəlki seçkilərdə (çar Rusiyası Dumasına, Rusiya Müəssisələr Məclisinə) millət vəkilləri seçilənlər geri çağrılsın.


Parlamentə Azərbaycanda yaşayan milli azlıqların nümayəndələri də daxil edilməli idi. Yalnız bu şərtlərə əməl edildikdən sonra parlamentin çağırılması ba. tutmuşdu. Azərbaycan Parlamentinin yaranması və mövcud siyasi böhranın aradan qalxmasından sonra, artıq millət vəkili kimi milli ideoloq Əhməd Ağaoğlu Azərbaycan Cümhuriyyətinin istiqlalını açıq şəkildə dəstəklə­miş­dir. Bunu, Ə.Ağaoğlunun parlamentin iclasların­dakı çıxış­ları da təsdiq edir: «Hökumətin bəyannaməsində söylədiyi Azərbaycan istiqlalı bizim hamımzın əfzəl (birinci) amalımız­dır! Hər bir öz şərəfini, öz amalını bilən azərbaycanlı bunu duymalı və bu yolda olmalıdır!». Onun fikrincə, Azər­bay­­canın bir coğrafi isim deyil, yer üzündə yaşayan bir millətin yurdu, dövləti olmasını artıq bütün dünyaya, o cumlədən Avropaya da tanıtdırmaq lazımdır.

Sosialistlərdən Aslan bəy Səfikürdlü parlamentdəki ilk çıxışında Azərbaycan Parlamentinin yaranmasını bu cür dəyərləndirmişdi: «Bu gün kiçik bir Türk parlamenti açılıbdır. Bizim bu parlamentimiz gözlərdə bir ağ kimidir. Çox imperialistlər onu görmək belə istəmirlər. Cümhuriyyətimizə Türk Cümhuriyyəti deyil, Azərbay­can Cümhuriyyəti dedik ki, bütün vətəndaşlara ümumi bir vətən olsun».

Azərbaycan Parlamentinin ilk təsis iclasında Cümhuriyyətin ilk hökumətinin başçısı, başbakan Fətəli Xan Xoyskinin çıxışının ana məzmunu o idi ki, Azərbaycan xalqı artıq milli bayrağı, milli ordusu, milli dili, milli demokratiyası və sair olan müstəqil bir dövlətdir: «Qüvvəmiz qədər vəzifəmizi ifa etdik. Hələ çox şey edə bilməmişik, amma bunu cürətlə deyə bilərəm ki, hökumətin nöqsanları ilə bərabər yol göstərən işıqlı ulduzu bu şüar olmuşdur: Millətin Hüququ, İstiqlalı, Hürriyyəti».

Xoyski parlamentdəki çıxışlarında Azərbaycanda milli-dini ayrı-seçkiliyin olmamasını dəfələrlə bəyan etmişdir. O deyirdi ki, Azərbaycandakı müsəlman türk milləti heç bir zaman bu Vətəni özlərinə tək övlad kimi görməyiblər. Yəni Azərbaycan Cümhuriyyəti bütün etnoslar üçün Vətəndir və onların bütün hüquqları və azadlıqları qorunur. Ona görə də, Azərbaycanın əsas sütunu olan türklər deyil, bütün etnoslar Milli İstiqlalı daima qorumalı və müdafiə etməlidirlər: «Hökumətin qabağında mühüm bir məsələ var isə də, o da istiqlaliyyət məsələsidir. Bizim birinci məsələmiz budur. Buna diqqət edəcəyiz. Sizlərdə  buraya hər bir yerdən gəlmiş olduğunuz onu göstərir ki, bu istiqlaliyyət tək adamların dediyi olmayıb, bütün millətin xahişidir. Bir yerdə millətin xahişi olsa və o yerdə çalışsa, o millət azad olsa öz məqsədinə çatacaqdır».

Qeyd edək ki, Xoyski 1920-ci il yanvarın 11-də Azərbaycan Cümhuriyyətini Paris sülh konfransının iştirakçı dövlətlərinin (Fransa, İngiltərə, ABŞ və b.) tanımasını böyük sevinclə qarşılamış və bununla bağlı parlamentdəki çıxışında demişdir: «Bu yalnız bizim üçün deyil, ümum türk milləti və türk aləmi üçün böyük bir bayramdır. Böylə bir günü dərk etmək üçün qeyri-millətlər on illərlə çalışmışlar. Biz isə onu az müddətdə bir il yarım içərisində qazandıq. Böylə az müddətdə istiqlaliyyətini alan bir millətin onu möhkəm saxlayacağına əminəm».

Həmin dövrdə Azərbaycan parlamentinin sədr əvəzi olmuş Həsən bəy Ağayev isə Azərbaycan türklərinin azadlığını və Parlamentin yaranmasını belə dəyərləndirmişdi: «Türk xalqı azadlığı qanı ilə satın almışdır və onu heç vaxt əldən verməyəcəkdir. Azadlıq meyvəsini dadmış olan xalq bir daha zülmətli keçmişə qayıtmaz. Azad Azərbaycan - ziyalıdan tutmuş fəhlə və kəndliyə qədər bütün türk xalqının varlığına hopmuş bir idealdır» .

Parlamentin yaranmasında da əvəzsiz rol oynayan M.Ə.Rəsulzadə onun  açılışında "bir kərə yüksələn bayraq bir daha enməz"- söyləyib: "İştə qoy bu günkü gün, milli bayraqlara boyanmış Azərbaycan paytaxtı, o kimi bədbinlərin qəlbini təsfiyə etsin! Bir sənəlik həyat həqiqətən də göstərdi ki, bir kərə açılmış Ləvai-hürriyyət bir daha bükülməz!". Rəsulzadə parlamentdəki çxışına davam edərək deyir: «Əfəndilər, bilirsiniz ki, bizim Rusiya cəmaətinə qarşı heç bir ədavətimiz və nifrətimiz yoxdur. Bezar olduğumuz Rusiya çarizm Rusiyası, Rusiya istibdadır. Rusiyaya nifrətimiz Rusiya istibdadı altında inləyən Rusiya cəmaətinə nifrət demək deyildir. Bizcə, mənfur olan Rusiya, millətlər əzən və hüquqlarını verməyən rəsmi Rusiyadır.

Hər bir millət müstəqil və hürr olmalı, hürr olduqdan sonra digər millətlələ ürəyi istədiyi kimi ittifaq bağlamalıdr. Bütün dünya millətlərinin «Cəmiyyəti-Əqvam» (Millətlər Cəmiyyəti) vücuda gətirməsi bizim ən əziz fikirlərmizdəndir. Bu «federasyon»çılarla deyil, təbii bir meyil və arzu ilə hasil olmuşdur (Alqışlar)…

Biz Rusiyanın sədaətini istəriz, Rusiya cəmaətini sevəriz, ancaq öz istiqlalımızı da əziz tutarız! (Alqışlar).

Cəbr ilə qəbul edilən bir şeydə qətiyyən səadət olmaz, çünki səadət hürriyyət və istiqlaldadır! (Alqışlar).

Bax bunun üçün əfəndilər, müstəqil Azərbaycanı təmsil edən üçboyalı bayrağı Milli Şura qaldırmış, türk hürriyyəti, islam mədəniyyəti və müasir Afropa iqtidarı-əhraranəsini (özgürlüksevərliyini) təmsil edən bu üçboyalı baryaq daima başımızın üstündə ehtizaz (dalğalancaqdır) edəcəkdir. Bir dəfə qaldırılmış bayraq bir daha enməyəcək­dir! (Məbuslar (millət vəkilləri) yerlərindən şalxır, şiddətli alqışlar milli bayrağa yönələrək uzun müddət davam edir).

Mən buna iman edirəm. Mənim bu imanımı millətləin qəlbində doğmuş olan əməl günəşi işıqlandırır. Bu günəş bir daha üful (batmayacaq) etməyəcək. Mən bəşəriyyətin vicadınına inanıram. Milyonlarla insan bahasına mal olan qitali-ümumidən (ümumi qırğından) sonra bəşər vicdanı qazandıqları həqiqətləri asanlıqla əlindən verəməz.

«Millətlər Cəmiyyəti» fikri bu gün hərkəscə qəbul edilmiş bir fikirdir. Bu mənə ümid verir, qüvvətlə inanıram ki, artıq milləti öldürmək, millətin hüququnu tapdalamaq qətiyyən mümkün deyildir. Qaliblər də, məğlublar da millətlərin hüquqları təslim ediləməz deyirlər».

1918-ci ilin 10 dekabrında parlamentin 2-ci iclasındakı çıxışında, azərbaycançılıq ideyasının hansı şəraitdə yaranmasını göstərmək üçün deyirdi: «Bizim yaxın məqsədlərmizdən biri olan Azərbaycan muxtariy­yətini tələb edərkən həm sağdan, həm də soldan hücumlara düçar olurduq. Sağdaklar bir nöqtədən Azərbaycan muxtariyyətini inkar edirdilər. Sağdan deyirdilər ki, Azərbaycan-Azərbaycan deyə müsəlmanları parçalayır, türklük bayrağı qalxızarkən – nəuzu billah (Allah eləməsin – F.Ə.)- İslama xətər vurursu­nuz. Soldan da iddia edirdilər ki, Azərbaycan davası bizi inqilabçı, hürriyyət­pərvər Rusiya demokratiyasından ayırır, xan, bəy hökuməti düzəltməyə səbəb olur… Daima Azərbaycan məfkurəsinin müdafiəçisi olan firqəmiz üçün bu gün o böyük məqsəd hasil olmuşdur. Çünki artıq gərək sağlar, gərəksə sollar Azərbay­canı inkar deyil, var qənaətlərilə isbat edirlər. Çünki artıq Azərbaycan fikri üzərində müsəlman firqələri arasında ixtilafi-nəzər yoxdur. Çünki cəmiy­yətimizin zehnində Azərbaycan istiqlalı fikri yer tutmuş, yerləşmişdir. Çünki üçrəngli o məğrur bayraq artıq siyasətən hamımızı birləşdirmişdir».

Deməli, o dövrdə türkçülükdən Azərbaycan milli ideyası – azərbaycançılıq yaranmış, onun nüvəsində də Azərbaycan türkləri başda olmaqla, bütün azərbaycanlılar durmuşdur. Bu baxımdan, hazırda azərbaycançılığı türkçülüyə alternativ olaraq göstərməyin, üstəlik sonuncunu onun tərkibində əritməyin nə tarixi, nə də ciddi elmi əsasları yoxdur. Çünki həmin dövrdə «azərbaycançılıq» anlayışına, ən yaxşı halda türkçülüyün etnik adı - Azərbaycan türkçü­lüyü kimi müraciət olunmuşdur. Bunu, M.Ə.Rəsulzadə belə ifadə etmişdi: «Millət məhkumluğu acısını dadmış Azərbaycan türkü məhkum millət yaratmaz! Azərbaycan Cüm­huriy­yəti övladı­nı ögey-doğmaya ayırmaz: erməni, rus, yəhudi, gürcü, nemes, polyak və sair azlıqda qalan millətlər Azərbaycan vətəndaşı olmaqla bərabər milli-mədəni muxtariyyətə malik olub, öz dini, milli və mədəni işlərini özləri idarə etməlidirlər».

Azərbaycan Parlamentindəki çıxışlarının birində Rəsulzadə onu da qeyd edirdi ki, Azərbaycan milli-demo­krat­ları yalnız türkçü və demokrat deyil, həm də federalistdirlər – gələcəkdə Türk Federasiyası­nın yaranma­sını istəyirlər: «Bizim federalist, türkçü və demokratizm məsləkimiz milli-demokrat məsələsidir. Demokrat­lığımız radikal­izm dərəcəsinə qədər vardır. Millətin qüvvətli bir birləşdirici ümumi cəhətini yalnız dinə deyil, xalqın «dili dilimdən, dini dinimdən» deyə özünə­məxsus sağlam hisslə dərk elədiyi düsturda görürüz. Bu mülahizə ilə biz məfkurə­mizdə böyük bir türk millətinin bir gün gəlib də bir Türk Federasyonu qurmaqla bütün görmək istəriz! Bu ittihadın bəşər mədəniyyəti sərgisinə qiymətli bir milli kültür bəxş edəcəyinə əminiz!».

Beləliklə, Azərbaycan Cümhuriyyət dövründə M.Ə.Rəsulzadə milli-demo­kra­tik cərəyanın əsasını təşkil edən türkçülük, islamçılıq, müasirləşmək və azərbaycançılıq ideyalarına sadiq qalmaqla yanaşı, gələcəkdə türk millətlərinin Türk Federasiyası yarada bilməsinin mümkünlüyünü də irəli sürürdü. Türk Federa­siyası ideyasının gerçəkləşməsi ilə bağlı real olaraq, Azərbaycan Cümhuriy­yətinin mək­təb­lərində ümumi türk tarixi tədris edilmiş, türk dili mək­təblərdə məcburi şəkildə keçilmiş, dövlətin rəsmi dili elan olunmuşdur.

Rəsulzadə “Çağımızın Səyavuşu” əsərini belə bitirmişdir:

«Ey gənclik!

Sənin öhdəndə böyük bir vəzifə var. Səndən əvvəlki nəsil yoxdan  bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı, on min müşkülatla ucaldaraq dedi ki:

Bir kərə yüksələn bayraq bir da enməz!

Əlbəttə ki, sən onun bu ümidini qırmayacaq, bu gün parlament binası üzərindən Azərbaycan türklərinin yanıq ürəklərinə enmiş bu bayrağı təkrar o bina üzərinə dikəcək və bu yolda

-  Ya qazi və ya şəhid olacaqsan!»

Rəsulzadə yox yerdən bir bayrağın ucaldılmasını deyərkən, heç də tariximizdə müstəqil dövlətlərin olmamasına, yaxud da əsrlər boyu ancaq əsarət altında yaşamağımıza işarə etməmişdir. Sadəcə, milli ideoloq onu ifadə etməyə çalışmışdır ki, artıq bir əsrə yaxındır çar Rusiyası Azərbaycan Türk millətinin  azadlığını əlindən almış və milli bayraqdan məhrum etmişdir. Çar Rusiyası bunu edərkən isə Azərbaycan türklərinin vahid milli bayrağı olmamış və o, ayrı-ayrı xanlıqlar şəklində idarə olunmuşdur. Bu mənada, Azərbaycan türkləri 1918-ci ildə artıq parçalanmış bir millət deyil, vahid millət şəklində meydana çıxmış və vahid milli bayrağını qaldırmışdır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı