Modern.az

"Türkiyədəki Azərbaycan Cəmiyyətləri. 1920-1991-ci illər" adlı kitab çap olundu

Diaspor

1 Noyabr 2023, 17:42

Tarixçi-jurnalist Dilqəm Əhmədin "Türkiyədəki Azərbaycan Cəmiyyətləri. 1920-1991-ci illər" adlı kitabı işıq üzü görüb. 

 

Diasporla İş üzrə DÖvlət Komitəsinin nəzdində fəaliyyət göstərən Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi ilə çap olunan kitabda 1920-1991-ci illərdə Türkiyədə yaşayan azərbaycanlı mühacirlərin qurduqları ictimai-mədəni təşkilatların tarixi, fəaliyyətləri, təşkil etdikləri tədbirlər və çap etdikləri əsərlər haqqında məlumat verilib. Həmçinin cəmiyyətlərin qurucu üzvləri haqqında bilgilər, təşkilatların nizamnamələri və tarixi fotoşəkillər əsərdə yer alıb.

 

Kitabda 1920-1930-cu illərdə qurulmuş Azəri Türk Gənclər Birliyi, Azərbaycan Türk Tələbə Birliyi, Azərbaycan Türk Musiqi Heyəti kimi önəmli quruluşların tarixi ilk dəfə olaraq geniş şəkildə təqdim olunub. Xüsusilə şuşalı muğam ustadı Məşədi Məhəmməd Fərzəliyevin Türkiyədə qurduğu Azərbaycan Türk Musiqi Heyətinin fəaliyyəti müəllifin şəxsi arxivi və Türkiyə arxivləri əsasında əhatəli formada yazılıb.

 

II Dünya müharibəsindən sonra Ankara və İstanbulda görkəmli ictimai-siyasi xadimlər (Məhəmməd Əmin Rəsulzadə, Məhəmməd Sadıq Aran, Əhməd Cəfəroğlu) tərəfindən qurulan dərnəklərin gördükləri işlər, mətbuatda verdikləri bəyanatlar kitabda yer alıb.

 

Mühacirlərin qurduğu təşkilatlar Azərbaycan mədəniyyətini və ədəbiyyatını təbliğ etdiyi üçün diaspora tariximiz üçün əhəmiyyətlidir.

 

Türkiyə Cümhuriyyətinin 100-cü ildönümünə həsr olunan kitab Azərbaycanla yanaşı, Türkiyə elmi dairələrinin də geniş marağına səbəb olub.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü