Mayın 5-də azərbaycanlı ekspertlər - Fərhad Məmmədov, Rusif Hüseynov və Zaur Şiriyev "İrəvan Dialoqu 2026" beynəlxalq konfransında iştirak etmək üçün Ermənistan paytaxtına gediblər.
Bakıdan İstanvula, orada isə təyyarə ilə İrəvana uçan nümayəndə heyəti bundan sonra "Sülh Körpüsü" Təşəbbüsü çərçivəsində ermənistanlı həmkarları ilə dəyirmi masa ətrafında görüşüblər. Görüş iştirakçısı,Topçubaşov Mərkəzinin direktoru Rusif Hüseynov görüşlə bağlı Modern.az-a danışıb
Saytımıza açıqlamasında R.Hüseynov bildirib ki, mayın 6-da "Sülh Körpüsü" Təşəbbüsü çərçivəsində görüşdə təxminən 25-ə yaxın erməni ekspert iştirak edib:
"Təqribən 4 saat davam edən müzakirələr zamanı iki ölkə arasındakı sülh prosesi, növbəti hədəflər, çağırışlar, xüsusilə Ermənistanda parlament seçkilərdinən sonra yaranacaq mühitdə "Sülh Körpüsü" Təşəbbüsünün həyata keçirə biləcəyi layihələr müzakirə edilib. Bundan başqa erməni ekspertlər özlərini, erməni cəmiyyətini maraqlandıran bir sıra mövzulları qaldırıb. Azərbaycan nümayəndə heyətinin üzvləri isə ölkəmizin mövqeyini qarşı tərəfə çatdırıb".