Ermənistan rəhbərliyi son səfərlər zamanı Rusiyaya qarşı addımlar atmayacağına dair söz versə də, bu vədlərə əməl olunmayıb.
Modern.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin sözçüsü Mariya Zaxarova jurnalistlərə açıqlamasında bildirib.
“Ermənistan rəhbərliyi son səfərlər çərçivəsində Moskvada əmin etmişdi ki, Rusiyaya qarşı heç bir addım atılmayacaq. Əgər vəziyyət belədirsə, deməli, Ermənistan rəhbərliyi təkcə Moskva və Rusiya vətəndaşları ilə deyil, ümumiyyətlə verdiyi vədlərə əməl etmir”, – deyə o vurğulayıb.
Zaxarova həmçinin Ermənistanın Ukrayna Prezidenti Volodimir Zelenski üçün “tribuna” yaratdığını iddia edib və bunu Rusiya cəmiyyətində narazılıqla qarşılandığını bildirib.
Onun sözlərinə görə, Rusiya ictimaiyyəti Ermənistanın əvvəllər “qardaş və dost ölkə” kimi qəbul edilməsinə baxmayaraq, Zelenskini İrəvanda yüksək səviyyədə qəbul etməsini mənfi qarşılayıb.
“Zelenski Ermənistan rəhbərliyinin bu münasibətindən istifadə edərək növbəti dəfə rusofob çıxışlar etdi. Məhz onun İrəvana səfəri Ermənistan vətəndaşlarına Avropa İttifaqının onlar üçün hazırladığı gələcəyi göstərdi”, – Zaxarova qeyd edib.
Qeyd edək ki, bu həftə İrəvanda bir sıra mühüm beynəlxalq tədbirlər keçirilib. Şəhərdə Avropa Siyasi Birliyinin sammiti, Ermənistan–Avropa İttifaqı görüşü baş tutub, həmçinin Fransa Prezidenti Emmanuel Macron Ermənistana dövlət səfəri edib.