Kosmik uçuşların ümumi müddəti üzrə rekordçu olan Rusiya kosmonavtı Genadi Padalka kosmonavtlar dəstəsindən çıxır.
Modern.az saytı Rusiya KİV-nə istinadən xəbər verir ki, bu haqda Kosmonavtların Hazırlığı Mərkəzinin rəisi Yuri Lonçakov bildirib.
Lonçakovun sözlərinə görə, Genadi Padalka özü bu haqda ərizə ilə müraciət edib və 2 həftə ərzində onun müraciətinə baxılacaq.
“Biz Padalkanın ekipajı tərk etməsində bir faciə görmürük. Çünki bizdə başqa kosmonavtlar da çoxdur”-deyə Lonçakov bildirib.
Genadi Padalka isə qeyd edib ki, dəstəni tərk etməyə məcbur olub.
“Çünki boş-boş gəzməkdən bezdim. Bu, məni bezdirirdi. Uçuşda perspektiv yoxdur”-deyə o qeyd edib.
Rusiyanın qəhrəman polkovniki Padalka 1958-ci ildə Krasnodarda doğulub. O, 1991-ci ildə kosmonavtlar dəstəsinə alınıb. Kosmosa birinci uçuşu 1998-ci ilin 13 avqustunda baş tutub.
O, karyerası müddətində 5 dəfə açıq kosmosda olub. Kosmosda olma müddəti isə 878 gün, 11 saat, 29 dəqiqə 24 saniyə təşkil edir.
2016-cı ilin 15 aprelində Beynəlxalq Aviasiya Federasiyası Podalkanın rekordunu tanıyıb.
Aqşin KƏRİMOV