“Məmməd Arazın xanımı şair xəstə olarkən şeirlərinin əl yazmaya alınmasında böyük dəstək göstərib”.
Bunu Modern.az-a “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid Məmməd Arazın ailəsi ilə bağlı xatirələrini bölüşərkən deyib.
O bildirib ki, Xalq şairi Məmməd Arazın ailəsini 1980-ci illərdən tanıyır.
“Xanımı hər zaman Məmməd Araza diqqət və qayğı göstərib. Şair xəstə olarkən onun şeirlərinin əl yazmaya köçürülməsini məhz xanımı edirdi. Ağdamda, bizim evimizdə Məmməd Arazla birgə qonaq olmuşdular, Şuşaya, İsa bulağına getmişdik. Gülxanım xanım Azərbaycanın fədakar qadınlarından idi, Məmməd Araz üçün ömrünü fəda etmişdi. Şairin vəfatından sonra onun əsərlərinin təbliğində, çap olunmamış şeirlərinin tərtib edilməsində Gülxanım Fətəliqızının böyük rolu olub. Məmməd Araz xanımına da şeirlər yazmışdı, o şeirlərdən biri yadıma düşdü:
Çox tozanaq atlını təmkin atınla keçdin,
Sel boğan dərələri bir mərd qadınla keçdin.
Bütün keçilməzliyi, Vətən, adınla keçdin
Haqqın var, Məmməd Araz
Haqqın var yaşamağa!
Allah hər ikisinə rəhmət etsin”.
Xatırladaq ki, ötən gün Azərbaycanın Xalq şairi Məmməd Arazın xanımı Gülxanım Fətəliqızı dünyasını dəyişib. Mərhum bu gün Badamdar qəsəbəsi ərazisində yerləşən qəbiristanlıqda dəfn olunacaq.
Humay İsgəndərova