Təxminən 20 ilin söhbətidir. Orta məktəb dərsliklərinin birində ilanı Seyid Əhməd əli ilə tutmaq istəyən bir müəllif dərsliyin lüğətlərdən bəhs edən yerində uşaqlardan (9-cu sinif şagirdlərindən) soruşurdu ki,"evinizdə Azərbaycan dilinin izahlı lüğəti varmi?". Və bundan sonra öz hökmünü (qəti və təntənəli sözünü) bildirirdi: "Azərbaycan dilinin izahlı lüğəti hər bir mədəni ailədə olmalıdır. Yoxunuzdursa, xahiş edin, valideynləriniz tapsınlar".
Dərslikdən bu sözləri oxuyan uşaq, təbii ki, mədəni ailədə yaşamaq istəyi ilə atasını qəflət yuxusundan oyadıb, deyəcəkdi:
Ata,ata, get,mənə bir kitab al -
Dilimizin izahatlı lüğəti.
Müəllim tapşırıbdır,
Etiraza yox kimsənin cürəti.
Ata da,yəqin ki,ürəyində müəllimi danlaya -danlaya düşürmüş mağazaların canına.
O vaxtlar bu kitabları mağazalarda axtarmaq qızların arzusunda olduqları "Evdarlıq" kitabını axtarmağa bərabər idi.
Qısa bir dilçilik arayışı
Lüğətlərin əsasən 2 növü var:
1) filoloji lüğətlər (bunlara linqvistik lüğətlər də deyirlər. Dilçilik lüğəti deyənlər də var)
2) ensiklopedik lüğətlər
Filoloji lüğətlərin növləri: orfoqrafiya lüğətləri, orfoepiya lüğətləri, tərcümə lüğətləri, omonimlər lüğəti, sinonimlər lüğəti, antonimlər lüğəti, çətin sözlər lüğətləri, alınma sözlər lüğətləri, İZAHLI LÜĞƏTLƏR və s. (Mövzumuza aid olduğu üçün axırıncını fərqli şriftlə yazdım-N.N.)
Ensiklopedik lüğətlərdə və ya ensiklopediyalarda əşya, hadisə, yaxud anlayış hərtərəfli aydınlaşdırılır. Burada müxtəlif şəkillərdən, xəritə ,diaqram, sxem və düsturlardan da istifadə edilir. Tarixi qədimdir. Çoxlarının "Qırmızı kitab" kimi tanıdığı 10 cilddən ibarət olan "Azərbaycan sovet ensiklopediyası"nın ilk cildi 1976-cı ildə çap olunun. İlk cild Rəsul Rzanın rəhbərliyi altında nəşrə hazırlansa da, kitabda Rəsul Rzanın bu işdəki fəaliyyəti öz əksini tapmayıb.
Kitab çapa gedən vaxtlarda P.Rza "yersiz danışığa görə" işdən çıxarılmışdı. Bu cəzadan bir neçə il sonra ona "Sosialist Əməyi Qəhrəmanı" adı verildi.
Azərbaycan Sovet Ensiklopediyasınnin 10 cildində 50 mindən artıq məqalə verilib.
İndi keçək əsas məsələyə. Sualı təkrar edirik:
Evinizdə Azərbaycan dilinin izahlı lüğəti varmı?
Bu söhbət başlayanda bizim evdə Azərbaycan, inğilis və rus dillərində 5000 mindən artıq bədii, filoloji və tibbi kitablar, lüğətlər, müxtəlif sahə ensiklopediyaları olsa da, “Azərbaycan dilinin izahlı lüğəti"nin cəmi 2 cildi vardı (deməli, mədənilik əlamətinin faizi 50% idi). Sonralar əlim əsə-əsə III cildi də aldım. IV cildi almağa cəsarət etmədim: evdə uşaqlqrın kitablarına yer yox idi.
Azərbaycan dilinə daİr izahlı lüğət tərtibinə 1945-1946-cı illərdə başlanıb. İzahlı lüğətin materiallarının nəşrinə isə 1949-cu ildən başlanıb.
Azərbaycan dilinin izahlı lüğətinin rus qrafikası ilə mükəmməl nəşrinin I cildi 1964-cü ildə (üz qabığında 1965) çap olunub.
II cild - 1980, III cild -1983-cü ildə, son cild 1987-ci ildə nəşr olunub. Dörd cilddə 57 min söz aydınlaşdırılıb.
Latın qrafikalı son nəşrlərdə sözlərin sayı daha çoxdur.
****
İzahlı lüğətlərərdə sözün bütün mənaları aydınlaşdırılır. Sözün hansı mənada, hansı sahədə və nə məqsədlə işləndiyi göstərilir. Professor Afad Qurbanov dünya dilçilərinin fikrinə şərik olaraq yazır ki, "izahlı lüğətin əsas məqsədi dilinin lüğət tərkibindəki hər bir sözün mövcud mənasını, məna variantlarını, müxtəlif məna incəliklərini izah etmək, onun zəngin, nə kimi lüğəti imkanlara malik olduğunu aydınlaşdırmaqdır, yazılı və şifahi dildə leksik vahidlərin yerinə görə düzgün işlədilməsinə və bunun da əsasında ədəbi dilin hərtərəfli inkişaf etdirilməsinə, zənginləşdirilməsinə xidmət etməkdir".
V sinin Azərbaycan dili dərsliyində (Əziz Əfəndizadə, Bəşir Əhmədov. "Azərbaycan dili " dərsliyi , V sinif, Bakı, 1994, səh . 54) linqvistik (dilçilik,filoloji)i lüğətlərdən məlumat verilən səhifədə bu fikir daha aydın izah olunur:
"İzahlı lüğətlərdə sözlərün leksik mənaları izah olunur".
Biz hansı sözlərin mənasını bilmirik? Şəxsən mən "intellektual" sözünün mənasını 1972-ci ildə öyrənmişəm. Səhv eləmirəsə, bu sözü Ağamusa Axundovun "Kommunist" qəzetindəki bir yazısından oxumuşdum. "Diletant" sözünü hətərən-pətərən danışan bir alimə deyiləndə öyrənmişdim. "Mentalitet" sözünü də çox gec oyrənmişəm. Mən oxuyan kənd müəllimləri inciməsinlər, onlar biz oxuyan illərdə lüğətlərdən çox nadir hallarda istifadə edirdılər.
90-cı illərin əvvələri idi. Bakıda bir rus dili müəllimi var idi. Rus dilindən dərs desə də, rus dilini yaxşı bilmirdi. Direktor onu yola verirdi. Çətin vaxtlar idi: başını ağrıtmaq istəmirdi. Rus dili müəllimi yaxın dostum idi. Bir dəfə yavaşca başa saldım ki, qardaş, oxumaq heç vaxt gec deyil. Qırx yaş nədir ki... hər gün həm rus dilinin, həm də Azərbaycan dilinin izahlı lüğətindən 5-6 söz öyrənsin. İncəvara, sözümü yerə salmadı. Uşaqlarını da bu öyrənmə prosesinə qoşdu. İndi qızı da, oğlu da məsul vəzifə sahibləridir.
"İncəvara" sözünün mənasını bilmirsiniz? Narahat olmayın. Lüğətə baxmışam: nitq hissəsinə görə modal söz, sintaksisdə-ara sözdür, məhəlli sözdür. "Yaxşı ki", "xoşbəxtlikdən" mənasına uyğundur. Başqa məna da incələyib tapmaq olar. Şamaxı tərəflərdə çox işlənən sözlərdəndir.
Mübahisə etməyin. Mübahisə etməyin ki, "təfəkkür" sözünü hamı bilir. Şəxsən mən bu sözü 1991-92-ci illərdə öyrənmişəm.
Çapayev (indiki Təbriz) küçəsi ilə qırmızı tramvayların şütüyən vaxtları idi. Dəmir yolu işçiləri hazırlayan texniki-peşə məktəbinin ikimərtəbəli binasında bir universitet açmışdılar. Yaxşı bir ad da tapmışdılar - TƏFƏKKÜR UNİVERSİTETİ. Bu sözü qoca da öyrənməyə başladı, cavan da. (Tramvay "Təfəkkür"ə gedir? “"Təfəkkür"də saxla, ay bala”). Deməli, "təfəkkür" sözü hamı tətəfindən elə o vaxtlardan başlayaraq işlədilir.
Bəlkə də, cavan jurnalistlərdən biri bu yazını oxuyandan sonra əlində mikrofon "təfəkkür" sözünün mənasını Təbriz küçəsi 19-un qənşərində kimlərdənsə soruşacaq. 100% əminəm ki, 10 adamdan beşi bu sözü bilməyəcək. İzahlı lüğətə baxanların isə, təbii ki,problemləri olmayacaq.
"Əhmədin qoyunlarının ağılı da var, tövləsi də". Yox, çaşmadım. Bizim başımızla bağlı "ağıl" sözümüz bizim deyil, ərəbdən gəlmədir, artıq çoxdan milliləşib, "əql", "aqil" sözləri ilə eyniköklüdür. O ki qaldı o biri "ağıl"a, hə, o bizim öz sözümüzdür, türk mənşəlidir. Məsələn: Böyük ağıla doldurulmuş quzular uzaqdan gələn sürünü görüb, mələşirdilər (İ.Əfəndiyev).
Türk mənşəli "ağıl" sözü "Dədə Qorqud"da işlənən yaxşı sözlərdəndir. "Dədə Qorqud"a ortaq çıxan qardaşlarımız, hətta "Dədə Qorqud"un Bakıda keçirilən 1300 illik yubileyində Dədə Qorqud haqqında rus dilində odlu-alovlu çıxış edən Nazarbayev də o vaxtlar bu sözün mənasını bildiyinə inanmıram, şübhə edirəm. Bəlkə elə bizim çoxumuz bilmir ki, "Dədə Qorqud"dakı "ağıl" - "içərisində mal-qara, qoyun saxlamaq üçün ətrafı tikan və ya ağac ilə hasarlanmış üstüaçüq yer" mənasındadır. İnanmıram ki, "Dədə Qorqud"a iddiası olan qardaşlarımız
"Qaraca Çoban qara qayğılı yuxu görəndən sonra diksinib, ayağa qalxdı, qoyunların ağılını bərkitdi" cümləsini rus dilinə tərcümə edə bılələr.
Rus leksikoqrafları hər il rus dilinə daxil olan sözlərin lüğətini hazırlayıb, nəşr edirlər. Azərbaycan dilinə də ildə yüzlərlə söz daxil olur. Ruslara baxıb, gərək biz də dilimizə daxil olan sözlərin sanballı üğətini hazırlayaq.
Biz bildiyimiz hansı sözlərin mənasını bilmirik?
Sözümün canı var. Bəzən bizə elə gəlir ki, nitqimizdə işlətdiyimiz bütün sözlərin mənasını bilirik. Bir az fikirləşəndən sonra görürük, yox, bilmədiyimiz hələ çoxdur. Gərək belə məqamda cığallıq etməyək, bir bəhanə ilə izahlı lüğətə baxaq.
... Bahalı bir maşının yanında iki qadın və imtahandan təzəcə çıxdığı hiss olunan iki oğlan hamının eişdə biləcəyi tərzdə mübahisə edirdi. Sən demə, rusdilli bu analardan birinin oğlu imtahanda "ecazkar " sözündə çaşıb qalıbmış....
Sözün mənasını bilməyəndə onun sinonimini, başqa dildə olan qarşılığını, dubletini axtarın, onu hissələrə ayırmağa çalışın,cümlədə işlədin.
Ciyərparası "Ecaz" sözündə karıxan, o bahalı maşın sahibi övladı hələ V sinifdə oxuyanda 50-60 manat verib ona izahı lüğət alsaydı, o uşaq indi anasının üstünə çımxırmazdı. "Ecazkar " kimi deyəndə sözü o dəqiqə, bəlkə də o saniyə başa düşürük, anlayırıq. Elə ki sözü kökə və şəkilçiyə ayırırıq, həmin sözün quruluşca düzəltmə olub, olmamasını yoxlayırıq, deyəsən, iş bir balaca çətinləşir. Çətindirsə, yenə də izahlı lüğətə baxaq. Baxaq da...
"Azərbaycan dilinin izahlı lüğətinin latın qrafikalı yeni nəşrinin (Bakı,"Şərq-Qərb", 2006 ) "E" hərfi ilə başlayan dördüncü sözü "ecaz"dır. (cildin 4-cü səhifəsi. Sol tərəfdəki səhifədə leksikoqrafiya (lüğətçilik) sahəsində adı-sanı olan 4 alimin adından sonra dilçilik mübahisələrini həll etməyə qadir olan , dünyanın tanıdığı bir alimin adına rast gəlirik:
"Nəşrə hazırlayanı, təkmilləşdirəni və redaktoru: Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü (indi AMEM-in həqiqi üzvüdür, akademikdir-N.N.) filologiya elmləri doktoru, professor Ağamusa Axundov.
Lüğətin kimə tapşırıldığı məlumdur. İndi keçirik əsas məsələyə.
Ecaz - isimdir. Ərəb mənşəlidir. Möcüzə, misli görünməmiş şey, xariqə mənasını verir. Məsələn: Onun işi ecazdır, ecaz. (Ə.Haqverdiyev).
Dünyada sənətin yeddi ecazından biri olan "Tac-Mahal" məqbərəsi buradadır. (M.İbrahimov).
Ecazlar yaradır, hünər göstərir.(M.Rahim).
Dilimizi yaşatmaq üçün hər gün ana dilində danışmaq lazımdır. Ana dilini yaxşı bilən Biləcəriyə də gedər, Biləcəridən o yana da...
Bilmədiyimiz bir neçə bildiyimiz söz
Tüllab - tələbə oğlanlar
Təfəkkür - fikir sözündəndir
Təxəyyül - xəyal sözü ilə eyni kökdəndir
Məntiq - nitq ilə ilgilidir
Mədrəsə - dərs prosesi ilə əlaqəlidir
Nazim - nəzm
Mənsur - nəsr
Ovdan - su qabı
Nigah - fars mənşəlidir; baxış, nəzər
Nikah - ərəb mənşəlidir; evlənmə,izdivac
Zükur - "zəkər" sözünün cəmidir. !) erkəklər "2) kişilər
Ünas - "ünsa"nın cəmidir, qadınlar, qızlar
Əyyam - "yövm"in cəmi - 1) günlər 2) zaman ,dövr
Sözün sonu. Bu izahlı lüğət ki var, çətin məsələdir. ..Amma oxumalıyıq. Dilimizi yaxşı öyrənməliyik.
Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının əməkdar müəllimi